Ramazan ayının orucu Quran ayələrinin və Muhamməd ə.s Peyğəmbərin
hədislərinin açıq-aydın mətnlərinə əsasən vacibdir.
Uca Allah buyurur:
“Ey iman gətirənlər! Sizdən
əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi
ki, bəlkə pis əməllərdən çəkinəsiniz” (əl-Bəqərə
surəsi, 183) Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı
olsun – buyurmuşdur:
“İslam beş əsas üzərində qurulub:
“Allahdan başqa haqq ilahın olmadığına və Muhəmmədin Allahın Elçisi
olduğuna şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Evi (Kəbəni)
həcc etmək və Ramazan orucunu tutmaq” (əl-Buxari,
8).
Bu mübarək ayda Qədr gecəsi vardır. Uca Allah buyurur:
“Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil
etdik! Sən haradan biləsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min
aydan xeyirlidir. O gecə Rəbbinin izni ilə mələklər və Ruh
(Cəbrail) hər işə görə yerə enirlər. O gecə sübh açılanadək
əmin-amanlıq olur!” (əl-Qadr, 1-5). O gecədə Allaha
ibadət etmək, yaxşı işlər görmək min ayda edilən əməllərdən daha
xeyirlidir. Həmçinin, Qədr gecəsinin üstünlüyü, o gecəni ibadətlə
keçirənin keçmiş günahlarının bağışlanmasıdır.
Kimlər oruc tutmalıdır?
Oruc tutmaq – sağlam, ağıllı və həddi-buluğa çatmış hər bir
müsəlmana vacibdir. Oruc tuta bilməyən qocalar və xroniki ağır
xəstələr oruc tutmaqdan azad olunurlar. Lakin onlar fidyə verməli,
yəni orucluğun hər bir gününün müqabilində bir yoxsula yemək
verməlidirlər. Bir dəfəyə, yaxud ayrı-ayrı vaxtlarda 30 nəfəri
yedizdirmək də olar. Hamilə və uşaq əmizdirən qadınlar, uşaqlarının
sağlamlığına zərər dəyməsindən qorxduqda oruclarını kəsə bilərlər.
Lakin gələn ilin Ramazan ayına qədər buraxdıqları günlərin orucunu
tutmalıdırlar. Xəstə və səfərdə olanlar oruc tutmaya bilərlər.
Onlar buraxdıqları orucu sonradan tutmalıdırlar. Uca Allah buyurur:
“Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni
sayda oruc tutmalıdır” (əl-Bəqərə, 185). Ayda
birddəfə baş verən qadınlara məxsus günlərdə qadınlara oruc tutmaq
olmaz. Onlar qanaxma qurtardıqdan sonra oruc tutmalıdırlar.
Ramazan ayının əvvəlini və sonunu necə bilmək
olar?
Hicri təqviminə əsasən ay 29 və ya 30 gün olduğundan Ramazan ayı
göydə hilalın (yeni ayın əlamətinin) görünməsi ilə başlayır və
Şəvval ayının hilalının görünməsi ilə sona yetir.Peyğəmbər
buyurmuşdur:
“Ramazandan əvvəl oruc tutmayın, onun
hilalını görməklə oruca başlayın, Şəvval ayının hilalını görməklə
də orucunuzu bitirin. Əgər bulud hilalı görməyinizə mane olarsa,
onda ayın günlərini otuz hesab edin” (ət-Tirmizi,
684).
Orucluğun əsasları
Səhər dan yeri söküləndən gün batana kimi yeməkdən, içməkdən və
cinsi əlaqədə omaqdan çəkinmək. Uca Allah buyurur:
“Dan
yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından)
seçilənə qədər yeyin-için. Sonra gecəyədək orucunuzu
tamamlayın” (əl-Bəqərə, 187). Bu ayədə ağ sap və qara
sap dedikdə, gündüzün ağlığı və gecənin qaranlığı nəzərdə
tutulur.
Niyyət etmək. Orucu Allah rizası üçün tutmaq. Uca Allah
buyurur: “Mən cinləri və insanları yalnız Mənə ibadət
etmək üçün yaratdım!” (əz-Zəriyət, 56 Günahlardan çəkinmək.
Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun –
buyurmuşdur:
“Kim yalan danışmaqdan və bu yalana əməl
etməkdən əl çəkməsə, yeməyini və içməyini tərk etməsinə Allahın
ehtiyacı yoxdur” (əl-Buxari, 1903). Həmçinin, o belə
demişdir:
“Oruc bir qalxandır. Sizdən biriniz oruc
tutduğu zaman günah işlər görməsin və dava-dalaş salmasın. Əgər
kimsə onu söysə və ya onunla dalaşmaq istəsə, qoy: “Mən oruc
tutmuşam”- desin” (əl-Buxari 1904). Bu baxımdan oruc
tutan qulağı, gözü, dili və bütün əzaları ilə oruc tutmalıdır.
Orucu batil etməyən şeylər
Ətirdən və sürmədən istifadə etmək.
Çimmək və yuyunmaq.
Qidalandırıcı və vitaminlərdən başqa, gözə dərman
damcılatmaq.Kremdən istifadə etmək.
Ağzı və burnu suyu udmamaq şərti ilə yaxalamaq. Ağzı və burnu
yaxaladıqda ehtiyatlı olmaq lazımdır. Əgər təsadüfən su udlaqdan
daxilə keçərsə, oruc batil olmur. Ona görə ki, bu bilərəkdən baş
verməmişdir. Uca Allah buyurur:
“Etdiyiniz səhvlərə
görə sizə günah yoxdur. Lakin qəsdən etdiyiniz işlərdən ötrü günah
vardır” (əl-Əhzab, 5).
Aşbazların xörəyin dadına baxması.
Ağız suyu (tüpürcək), toz və tüstü udmaq. Ağız suyunu udmaq, eləcə
də tüpürmək orucu pozmur.
Öpmək.
Orucu batil edən şeylər
Heyz və nifas (günəş batmamışdan qabaq baş versə).
Cinsi əlaqə.
Qəsdən yemək və içmək. Unutduqda batil olmur, belə ki, Peyğəmbər
buyurmuşdur: “Oruclu ikən unudaraq yeyən və içən oruca davam etsin,
çünki Allah onu yedirib və içizdiribdir” (əl-Buxari, 1933).
Unudaraq yeyən və içən oruc tutmağa davam etməli, orucunu
dayandırmamalı və sonra da tutmamalıdır.
Siqaret çəkmək, saqqız çeynəmək və qidalandırıcı iynələr
vurdurmaq.