Bu gün İlaxır çərşənbədir
Bu
gün Gürcüstanda Novruzun çərşənbələrindən sonuncusu – İlaxır
çərşənbə qeyd olunur.
Novruz ərəfəsində sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs
alır.
Bu çərşənbə xalq arasında “Yer
çərşənbəsi”, “İlaxır
çərşənbə” və ya “Torpaq
çərşənbəsi” adlanır. İnama görə Torpaq çərşənbəsi
yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək
olar.
Əfsanəyə görə adamların ərzaq qıtlığından əziyyət çəkdikləri bu
gündə Su, Od və Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir,
burada yatmış Torpağı oyadırlar.
Sonuncu, həm də İlaxır çərşənbədə bağ-bostan, dirrik yerləri əkinə
hazırlanır. Evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin
canlanmasının rəmzi olan səməni qoyulur.
Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın
üstündən tullanmalıdır, özü də yeddi dəfə, ya bir tonqalın üstündən
yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə.
Tullanarkən bu sözlər deyilir:
“Sarılığım sənə, qırmızılığın mənə”, ya da
“Ağırlığım odda yansın”.
Tonqal heç vaxt su ilə söndürülməməlidir. Tonqal özü sönəndən sonra
cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir
yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan
bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən
uzaqlaşdırılır.
Bu çərşənbədə bayram süfrəsi açılır, şirniyyat bişirilir, məcməyi
və ya sinilərdə xonça hazırlanır. Bayram xonçasının ortasına səməni
qoyulur, ətrafı isə boyanmış yumurta, qoz, fındıq, badam və
şirniyyatlarla bəzədilir.
Deyilənə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd
etməlisən. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə
qarşılayacaqsan. İlaxır çərşənbədə bütün günü davam edən mərasim
axşam şənlikləri ilə daha da gurlaşır.
Axşam qulaq falları qurulur. Subaylar qonşu evlərin qapısının
arxasında gizlənərək ilk eşitdikləri sözə uyğun təzə ildə onları
gözləyən hadisələri öncədən bilməyə çalışırlar. Bu səbəbdəndir ki,
axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab
olunur.
Axır çərşənbə axşamı duzlu kökə yeyib yatır, su içmirlər. Gecə
yuxuda içməyə kimsə su verirsə, o, yuxu görənin qismətidir. Cavan
qızlar bir yerə yığışıb bir qaba su tökürlər. Əllərindəki üzükləri
çıxarıb saçlarına salırlar.
Niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa
başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə qaba dəyirsə,
sayılır. Yekun rəqəm qızın həmin yaşda gəlin gedəcəyi anlamına
gəlir. Axır çərşənbə gecəsi ürəyində niyyət tutub yatırlar.
Gecə yarısı yuxudan durur və şam yandırırlar. İnama görə, şamı
götürüb güzgüyə yaxınlaşan zaman insan gələcək qismətini görür.
Niyyət tutan bu zaman qorxsa niyyətin baş tutmur.