“Bu yolun son stansiyası” Bolnisidə
“Bu
yolun son stansiyası” tamaşa Bolnisidə səhnəyə qoyulacaq. Tamaşa 26
mart tarixində saat 16:00-da “Bolnisi Mədəniyyət Evində” baş
tutacaq.
Bu
haqda məlumatı ssenari müəllifi və quruluşçu rejissor Anar
Rafiqoğlu verdi.
Onun sözlərinə görə, Bolnisidə nümayiş olunacaq tamaşa Azərbaycan
dilində olacaq və giriş pulsuzdur. “Bu yolun son stansiyası” adlı
tamaşa TİKA tərəfindən maliyyələşir. Layihəyə əsasən tamaşa 5 dəfə
səhnəyə qoyulmalıdır və 5 bölgədə tamaşaçılara təqdim olunmalıdır.
Artıq tamaşa dörd dəfə nümayiş olunub.
Layihəyə əsasən tamaşanın finalı Bolnisi əhalisi üçün təqdim
olunacaq. Tamaşanın ilk təqdimatı 24 yanvar tarixində Tbilisi
şəhərində baş tutmuşdu, daha sonra isə 10 fevralda Batumidə gürcü
dilində tamaşaçılara təqdim olunmuşdu. 6 martda Qardabanidə və 10
martda isə Marneulidə Azərbaycan dilində tamaşaçıların ixtiyarına
verilmişdi.
Anar Rafiqoğlu onu da bildirdi ki, layihəyə əsasən “Bu yolun son
stansiyası” adlı tamaşa Bolnisidə tamamlanacaq və bundan sonra ölkə
sərhədlərindən kənarda da Azərbaycan və Türkiyə tamaşaçılarına da
təqdim olunması plalaşdırılır. Amma qastrol səfərlərinin nə zaman
olacağının dəqiq məlum olmadığını bildirdi.
Xatırladaq ki, “Bu yolun son stansiyası” adlı tamaşa “Yeşilay”
Cəmiyyətinin “Gürcüstanda ictimaiyyətin zərərli vərdişlərlə bağlı
maarifləndirilməsi, sənət vasitəsi ilə təbliği” layihəsi
çərçivəsində hazırlanıb.
“Bu yolun son stansiyası” tamaşasının əsas mövzusu insanların
zərərli vərdişləri və narkomaniya haqqındadır.
Tamaşa narkotik vasitələrin insanlara olan zərərlərindən və insan
həyatını məhv etməsindən bəhs edir. Tamaşada həmçinin insanların
sosial şəbəkələrdən, texnologiyalardan asılılığı və texnologiyalar
sayəsində həyatın süniləşməsi mövzusuna da toxunulur.