Gürcüstan parlamentinin Bolnisi
bələdiyyəsindən olan majoritar deputatı Qoqi Meşveliani 1 may
tarixində “Era Teatrı”nın kollektivi ilə görüş
keçirib.
Görüş Gürcüstan Parlamentinin Tbilisidə
yerləşən binasında baş tutub.
Görüşdə teatrın direktoru Əli Məmmədov, bədii rəhbəri Anar
Rafiqoğlu, meneceri Tako Beridze və səhnə administratoru Şükür
Əliyev iştirak ediblər. Bu haqda məlumatı “Era Tetarı”nın bədii
rəhbəri Anar Rafiqoğlu "Marneuli" radiosu ilə söhbəti zamanı
dedi.
Onun sözlərinə görə, görüşdə onlar millət vəkilinə teatrın
fəaliyyəti və onun gələcək planları haqda ətraflı məlumat veriblər.
Anar onu da bildirdi ki, teatrın səhnələşdirdiyi “Bu yolun son
stansiyası” adlı tamaşanın yaxın vaxtlarda Bolnisidə gürcü dilində
tamaşaya qoyulması barədə deputatla razılığa gəliblər.
Anar Rafiqoğlu onu da əlavə etdi ki, deputat Qoqi Meşveliani
tamaşanın Dmanisidə də səhnəyə qoyulmasına dəstək olacağını
bildirib.
Xatırladaq ki, “Era Teatrı”nın “Bu yolun son stansiyası”
tamaşasının premyerası bu ilin yanvarın 24-də Tbilisidə baş
tutmuşdu. Tamaşa daha sonra isə 10 fevralda Batumidə gürcü dilində,
6 martda Qardabanidə, 10 martda Marneulidə və 26 martda isə
Bolnisidə Azərbaycan dilində tamaşaçılara təqdim olunmuşdu.
Qeyd edək ki, “Bu yolun son stansiyası” tamaşasının əsas mövzusu
insanların zərərli vərdişləri və narkomaniya haqqındadır.
Tamaşa narkotik vasitələrin insanlara olan zərərlərindən və insan
həyatını məhv etməsindən bəhs edir. Tamaşada həmçinin insanların
sosial şəbəkələrdən, texnologiyalardan asılılığı və texnologiyalar
sayəsində həyatın süniləşməsi mövzusuna da toxunulur.