“Sənin tarixin, sənin kimliyin itir”, – Samirə Bayramova Ana dili şeirinə həsr etdiyi video haqqında danışdı (VİDEO)
21 dekabr tarixində, Mirzə Fətəli Axundovun Tbilisi şəhərində yerləşən ev muzeyində fəal gənc Samirə Byarmovanın təşkilatçılığı ilə Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin “Ana Dili” adlı şeirinin video təqdimat tədbiri baş tutub.

“Ana Dili” şeirini video şəklində cəmiyyətə çatdırmasının əsas səbəblərindən danışan Samirə Bayramovanın sözlərinə görə, bu video ilə Azərbaycanlıların keçmişə dayanan mədəniyyətini, dilini, savadını video vasitəsi ilə təqdim edib. Buna görə də videoda 3 yaşından 90 yaşa qədər şəxslər yer alıblar. Videoda həmçinin dünyasını dəyişmiş, İlya Çavçavadze adına Tbilisi Dövlət Pedaqoji Universitetinin Azərbaycan bölməsinin yaradıcısı Gürcüstan EA-nın akademiki, professor Valeh Hacılar və dünyada ilk müsəlman deputat qadın olan Pəri xanım Sofiyeva da anılıb.

“Sənin tarixin, sənin kimliyin, sənin dilin itir, bütün bunlar bu videonun yaranmasına səbəb oldu. Bir tarixi yerlərə tura gedirdik və mənim dostum Elbrus Məmmədov mənə bu şeiri oxumağı təklif etdi və onun da əvvəlcədən belə bir fikri var idi. İdeya ilk olaraq onun ağlına gəlmişdi və mən də razılaşdım və dedim ki, bu şeiri mənə ver, mən bu şeiri ssenariləşdirib fərqli bir film və ya sosial bir video çarx kimi təqdim edim. Sonra qərara gəldik ki, videonu hazırlayaq. Bu cəmiyyətə bir mesajdır, düşündüm ki, Azərbaycanlılar deyəndə savadsız bir toplum düşünülür. Xeyr! Göründüyü kimi 3 yaşdan 90 yaşa kimi hər kəs müəyyən bir sahəyə mənsub insandır. Azərbaycanlı deyəndə o demək deyil ki, savadsız, çirkin bir toplum nəzərdə tutulmalıdır. Sırf azərbaycanlılara aid tarixi məkanları seçmişik, videoda hər sahəyə aid insanları görmək mümkündür. Əgər bizi birləşdirən dildirsə, burada uşaq, məscidin axundu, tələbə – hər kəs yer alıb”, – Samirə Bayramova dedi.

O, qeyd etdi ki, videonun çəkilməsinin əsas məqsədi ana dilinin təbliğidir və düşünür ki, bu yolla gələcək nəsillər öz dillərini qoruyub, saxlamağı bacaracaqlar.

“Bu sadəcə girişdir və bundan sonra da dillə bağlı fərqli və böyük layihələrimiz var və davamını gətirəcəyik”,
– Samirə Bayramova deyir.

2 aya ərsəyə gələn videoya cəmiyyətin də böyük maraq və dəstək göstərdiyini deyən Bayramova bildirdi ki, hazırladığı video ilə insanların ürəyində yer tapmağı bacarıb.

Print Email
FaceBook Twitter Google