“Aktyorun yeri səhnədir” – Tbilisi Azərbaycan Dövlət dram teatrının keçmiş aktyoru Binəli İslamoğlu
Aktyor Binəli İslamoğlu 16 sentyabr tarixindən etibarən fəaliyyətini “Era” teatrında aktyor kimi davam etdirməyə başlayıb. İslamoğlu 16 il idi ki, Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət dram teatrında çalışırdı.

O, “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət dram teatrından ayrıldıqdan sonra “Era” teatrının yaradıcısı, aktyor Anar Rafiqoğlunun təklifi ilə bu teatrda çalışmağa başlayıb.

Səhnəsiz qala bilmədiyini və aktyorun səhnədən uzaqlaşmasının çətin olduğunu deyən Binəli İslamoğlu Anar Rafioğlunun “Era” teatrında çalışmaq təklifini sevərək qəbul etdiyini bildirdi.

“Aktyor səhnəsiz dura bilməz. Bunu Anar Rafiqoğlu təşkil etdi. Mən sevərək təklifi qəbul etdim ki, sizinlə çalışmaq mənim üçün xoşbəxtlikdir. Həm də cavan kadrlarla işləmək maraqlıdır.”

Aktyor, pandemiyadan sonra Rafiqoğlu ilə birgə “Era” teatrında yeni planlarının olduğunu bildirdi.

“Mer 2” filminin çəkilişləri haqqında da danışan İslamoğlu bildirdi ki, Mer filminin ilk hissəsində Qardabani bələdiyyəsinin əsas problemlərini vurğulamağa çalışıblar.
O, deyir ki, Mer filmindən sonra bələdiyyədəki problemlər öz həllini tapıb. “Mer 2” filmində də digər problemləri vurğuladıqlarını deyən aktyor, qısametrajlı filmin tamaşaçılara noyabr ayında təqdim olunacağını ehtimal etdiyini dedi.

Məlumat üçün qeyd edək ki, Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının əməkdaşları Binəli İslamoğlu, Azər Musaoğlu, Fazil Bayramov və ümumilikdə 11 nəfər əməkdaş mart ayında işdən azad olunublar.

Print Email
FaceBook Twitter Google