Aprelin 1-də Azərbaycanın mədəniyyət naziri Anar Kərimov
Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab
Pataradze ilə görüşüb.
Verilən məlumata görə, A. Kərimov Azərbaycan ilə Gürcüstan arasında
əlaqələrin zəngin tarixə malik olduğunu vurğulayaraq, mövcud
dostluq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən mədəniyyət
sahəsində əlaqələrin uğurla inkişafına böyük təkan verdiyini qeyd
edib.
Gürcüstanla mədəni əlaqələrin inkişafının vacibliyini bildirən
nazir dövlət başçılarının qarşılıqlı səfərlərinin, iki ölkə
arasında imzalanmış sənədlərin əməkdaşlığın genişləndirilməsinə
əhəmiyyətli töhfə verdiyini bildirib.
Azərbaycanla Gürcüstan arasında kreativ sənaye, film istehsalı,
ümumilikdə mədəniyyətin müxtəlif sahələrində təcrübə mübadiləsi,
qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, rəsmi səfərlərin və
birgə tədbirlərin təşkili məsələləri barədə fikir mübadiləsi
aparılıb.
Z. Pataradze iki ölkə arasında qardaşlıq münasibətlərinin daim
möhkəmlənəcəyinə, ölkələrimiz arasında ikitərəfli münasibətlərin
bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edən diplomat
mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi
istiqamətində birgə layihələrin reallaşdırılmasının vacibliyini
diqqətə çatdırıb.
Sonda iki ölkə arasında mədəniyyət sahəsində qarşılıqlı fəaliyyətin
perspektivlərinə toxunulub, əməkdaşlıqla bağlı maraq doğuran digər
məsələlər müzakirə edilib.
Mənbə: apa.az