Azərbaycan Milli Konservatoriyasının (AMK) nəzdindəki Respublika
İncəsənət Gimnaziyasının şagirdləri Tbilisidə tamaşa-konsert
proqramı ilə çıxış ediblər.
Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir, ictimai
xadim Mirzə Fətəli Axundzadənin anadan olmasının 210-cu illiyinə
həsr olunan tədbir görkəmli ədibin adını daşıyan Azərbaycan
Mədəniyyəti Mərkəzində baş tutub.
Gimnaziyanın Teatr şöbəsinin müdiri, kulturologiya üzrə fəlsəfə
doktoru Hicran Sadıqzadə çıxış edərək M.F.Axundzadənin zəngin
yaradıcılığı, Azərbaycan
ədəbiyyatının inkişafındakı böyük rolu və
xidmətlərindən danışıb. O qeyd edib ki, Azərbaycanda milli teatrın
yaranması və inkişafı da bilavasitə onun adı ilə bağlıdır.
Tədbir çərçivəsində M.F.Axundzadənin əsərləri əsasında hazırlanmış
“Hacı Qara”, “Lənkəran xanının vəziri”, “Dərviş Parisi partladır”
tamaşalarından parçalar nümayiş etdirilib.
Tamaşaçılara gimnaziyanın məzunu, AMK-nin tələbəsi, prezident
təqaüdçüsü Nihad Orucov və əməkdar artist Firuzə İbadovanın
ifasında bəstəkar mahnıları da təqdim olunub. İfaçıları pianoda
AMK-nin dosenti, Əməkdar müəllim Naibə Şahməmmədova müşayiət
edib.
Proqrama gimnaziyanın şagirdlərinin ifasında “Cəngi” xalq rəqsi ilə
yekun vurulub. İzləyicilər tamaşa-konserti böyük maraq və
alqışlarla qarşılayıblar.
Gimnaziyanın direktoru Aytən Əhmədova müəllim və şagirdlərin
hazırlanan proqrama məsuliyyətlə yanaşdığını bildirib: “Tbilisidə
böyük ədibimizin adını daşıyan mədəniyyət ocağında onun
komediyaları əsasında hazırlanmış tamaşalardan parçalarla çıxış
etmək şagirdlərimizin məsuliyyətini ikiqat artırıb. Proqram ilk
növbədə maarifləndirici məqsəd daşıyıb. Biz çalışmalıyıq ki,
gənclərimiz Mirzə Fətəli Axundzadənin yaradıcılığından kənarda
qalmasınlar, onun irsini öyrənsinlər”.
O, tamaşa-konsert proqramının keçirilməsinə yaradılan imkan və
şəraitə görə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin
rəhbərliyinə minnətdarlığını bildirib.
Mənbə: report.az