Bu gün xalq şairi Zəlimxan Yaqubun anım günüdür.
Zəlimxan Yaqubun həyat və yaradıcılığı barədə Professor Mahmud
Kamaloğlu “Marneuli” radiosuna məlumat verdi.
Onun sözlərinə görə, Zəlimxan Yaqub Azərbaycan poeziyasında Səməd
Vurğun qədər sözünü demiş, tanınmış böyük şair olub. Kamaloğlu
deyir ki, o, bütün türk dünyasının tanınmış şairi olub.
“Onun yaradıcılığını bu gün bütün türk xalqları
tanıyır. Zəlimixan Borçalı mühitində indiyə qədər yetişən bütün
ədiblərin içərisində ən yüksək zirvəyə qalxan və təkcə doğulduğu
vətənini yox, eyni zamanda Azərbaycanı bütün dünyaya tanıtdıran
dahi bir şəxsiyyət olub. Zəlimxan yaradıcılığı təkcə poeziya ilə
bitmədi. O, həm də ictimai-siyasi xadimdir. Zəlimxan kiminləsə
danışanda, söhbət edəndə, ya da çıxış edəndə sanki şeir deyirdi.
Zəlimxana bu vergi Alah təala tərəfindən verilmişdi. Yəni onun hər
bir kəlməsi sanki şeir idi. Bir adam sözün bir sinonimini tapmaqda
çətinlik çəkirdisə, Zəlimxan bir sözün 10-a qədər sinonimini
tapmaqda heç çətinlik çəkməzdi. Zəlimxan sadə bir insan idi.
Zəlimxan xalqın sevimlisi idi. Zəlimxan özünü heç bir vaxt yüksəkdə
tutmadı. Zəlimxan torpağa, türk dünyasına bağlı biri idi. O, türk,
torpaq , vətən, xalq sevdalısı idi. Onu bu şərəf ucaltdı. Yəni
Azərbaycan ədəbiyyatının dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi
ən böyük simalardan biri Zəlimxan Yaqub oldu. Zəlimxan Yaqubla
nəinki Borçalılar, nəinki Azərbaycan, eyni zamanda bütün türk
dünyası qürur duyur. Və onunla qürur duymağımıza da haqqımız var.
Zəlimxan bizim müasirimiz idi. Biz çox şadıq ki, Zəlimxanla
dəfələrlə görüşdük. Onun məclislərində oturduq. Onun söhbətini
dinlədik. Zəlimxan həmişə xalqının, elinin, sadə insanların yanında
olmağı sevərdi. Zəlimxanı böyük edən bir də o oldu ki, poeziyanı,
sözü zirvəyə qaldırdı. Söz də Zəlimxanı zirvəyə
qaldırdı”.
Professor deyir ki, Zəlimxan Yaqub kimi dahi şairi görmək, onun
şeirləri ilə yetişmək hər kəs üçün böyük bir xoşbəxtlikdir.
Kamaloğlu şairin yazdığı əsərlərin əsasən aşıq poeziyası üslubunda
yazıldığını bildirir.
Kamaloğlu Zəlimxan və onun kimi dahi şairlərin ölmədiyini və daim
öz yazıb-yaratdığı əsərlər sayəsində yaşadıqlarını vurğulayır.
“Özümüzü çox xoşbəxt hesab edirik ki, Zəlimxanı
yaxından gördük, tanıdıq və ona qulaq asdıq. Yəni eyni zamanda
Zəlimxanı Zəlimxan edən aşıq poeziyası oldu. Bu da təsadüfü deyil
ki, Hüseyn Arifdən sonra Azərbaycan aşıqlar birliyini o, çox yüksək
zirvələrə qaldırdı. Zəlimxan Yaqub çalışırdı ki, əlində saz tutan,
dili bir kəlmə söz deməyi bacaran hər hansı saz-söz adamı var
idisə, onunla görüşsün. Zəlimxan boyda insanın bəlkə mən deyərdim
ki, şəkillləri milyardlarladır. Çünki o, hamını sevirdi. Hamının
sevgisi ona istəyirdi ki, şəkillərdə xatirə olaraq qalsın. Çünki
aqillər deyib ki, bəzən bir şəkil yazılmış böyük bir xatirədən daha
çox qiymətə malikdir. Necə ki, xalqımız var, türk dünyası var
Zəlimxan Yaqub yaşayacaq. Zəlimxan Yaqub daima xalqın yadındadır.
Bu gün o, ruhən ölməyib. Zəlimxan Yaqub bu dünyadan köçüb, onu
ruhu, onun poeziyası onun sənətə bağlığı daima xlqımızın yadaşına
həkk olunub. Min illərdən bəri qayalara həkk olunan yazılar ki var.
Bax Zəlimxan elə bil o yazı idi”.
Mahmud Kamaloğlu bu gün Azərbaycanda olduğu kimi eləcə də
Gürcüstanda bütün Zəlimxan sevərlərin bir araya toplaşaraq onu yad
etməsininin vacibliyindən də danışdı.
“Mənim bir gileyim də var. Gileyim ondan ibarətdir ki,
bu gün Bakıda saz-söz sevənlər, Zəlimxan sevənlər onun Azərbaycanda
yaşayan dostları bu gün gedib onu orada yad edirlər. Amma mənim
gileyim ondan ibarətdir ki, bu il onun yad edə bilmədik. Artıq bu
il keçdi. Gələn ildən təkcə onun doğum gününü yox, eyni zamanda
dünyadan köçdüyü günü də yığılıb bir yerdə qeyd etməliyik. Bu bizim
səhvimizdir. Bu səhvi şəxsən mən də öz üzərimə götürürəm. Yəni bu
gün də biz bir yerə yığılıb yad etməliydik”.
Zəlimxan Yaqubla bağlı planlarından da danşan professor deyir ki,
bir qrup ziyalılarla birlikdə hazırda şairin doğulduğu Bolnisi
rayonunun Kəpənəkçi kəndində “Zəlimxan Yaqub” poeziya evini
yaratmaq üçün çalışırlar.
“Zəlimxan Yaqubun toplu şeirləri və kitabları Gürcü
dilinə tərcümə olunubdur. Yəni Gürcü ictimaiyyəti, gürcü
mədəniyyəti Zəlimxan Yaqubu yaxşı tanıyır. Bizim Zəlimxan Yaqubla
bağlı böyük planlarımız var. Bizim bunun üzərində işləyən dəyərli
ziyalarımız var. Bizim məqsədimiz budur ki, Allahın köməkliyi və
izini ilə onun doğulduğu Bolnisi rayonun Kəpənəkçi kəndində
Zəlimxan Yaqub poeziya evi yaradaq. Bu çoxdan gündəmdədir. Layihə
hazırlanıb. Həmin poeziya evində Zəlimxan Yaqubun bütün
yaradıcılığını öz əksini tapacaq. Bu Zəlimxan Yaqubun ev muzeyi
olacaq. Bir poeziya evi olacaq. Burada yaşayan gənc yazarlarımız
var. Yaşlılarımız var. Əli qələm tutanarın hamısı haqqında Zəlimxan
Yaqub müsabiqəsi keçirəcəyik. Onu da planlaşdırırıq. Yəni bu gün
Zəlimxan yaqub poeziya evinə böyük ehtiyac
var”.
Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Bolnisi bələdiyyəsinin
Kəpənəkçi kəndində anadan olub. Xalq şairi 2016-cı il yanvarın 9-da
dünyasını dəyişib. O, Bakıda I Fəxri Xiyabanda dəfn edilib.