Qardabanidə “Qarınqulu ayı balası” tamaşasının premyerası keçirilib (FOTO)
18 fevral tarixində Qardabanidə fəaliyyət göstərən “BEEZ” Uşaq Teatrında “Qarınqulu ayı balası” tamaşasının premyerası keçirilib. Tamaşanın premyerasında Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Qardabani bələdiyyəsinin üzvləri və valideynlər iştirak ediblər.

Teatrın bədii rəhbəri və tamaşanın quruluşçu rejissoru Binəli İslamoğlu “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, teatrın əsas məqsədi uşaqların asudə vaxtlarını səmərəli şəkildə keçirilməsinə kömək göstərməkdir.

“Uşaqların ədəbiyyata, incəsənətə, mədəniyyətə marağını artırılmasına və eləcə də gənclərin inteqrasiyasına kömək göstərməkdir. Həmin əsərin başlıca ideyası heyvanların dili ilə sevimli uşaqlara düz danışmağı, dostluğu təbliğ etmək, eləcə də əyləncəli şəkildə balacalarda həkimə, iynəyə qarşı qorxu hissini götürməkdir”,
– Binəli İslamoğlu dedi.

“BEEZ” Uşaq Teatrının balaca aktyorları – Nuri Qurbanov, Rəhimə Əliyeva, Seymur Muradov, Zehra Akif, Nuray Əhmədova, İslam Akif, Rabia Əhmədova, Nazlı Əliyeva və Elina İsayeva öz məharətli çıxışları ilə tamaşaçıları təəccübləndiriblər.
Binəli İslamoğlunun dediyinə görə, “Qarınqulu ayı balası” tamaşası yaxın zamanlarda bölgələrdə də nümaiş etdiriləcək.

Qeyd edək ki, “Qarınqulu ayı balası” əsərinin müəllifi Vüqar Haqverdiyevdir.






Print Email
FaceBook Twitter Google