Turqay Vəlizadə Tbilisi Bələdiyyə Məclisi tərəfindən diplomla mükafatlandırılıb
Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının rəhbəri Turqay Vəlizadə Tbilisi Bələdiyyə Məclisi tərəfindən Gürcüstan-Azərbaycan mədəni əlaqələrinin inkişafına verdiyi töhfəyə görə diplomla mükafatlandırılıb.

Turqay Vəlizadə “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, həmin mükafat ona motivasiya verir. Onu sözlərinə görə, mədəniyyət sahəsində göstərdiyi xidmətlərə görə bu cür mükafatlara layiq görülməsi onu sevindirir.

“Mükafatlandırma mərasimində bir sıra insanlar arasında mən də var idim. 20 ildən artıqdır ki, bu sahədəyəm. Məni də layiq gördülər və mükafatlandırdılar. Bu mükafat mənə motivasiya verdi. Məni layiq gördükləri üçün təşkilatçılara təşəkkür edirəm. Teatr sahəsinə qoyduğum əmək itmədi. Mədəniyyətə, sənətə qoyduğum zəhmətin bəhrəsini gördüm. Bu mənə böyük motivasiya verdi. Mən gələcəkdə də mədəniyyətimizi və sənətimizi tanıtmaq üçün əlimdən gələni edəcəyəm”, – Turqay Vəlizadə dedi.

Qeyd edək ki, Turqay Vəlizadə Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının bədii rəhbəri vəzifəsinə 2019-cu ilin yanvarın 11-də Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tərəfindən təyin edilib. O, teatrın ilk azərbaycanlı bədii rəhbəridir. Belə ki, bu vaxta qədər bu vəzifəni gürcü əsilli incəsənət xadimləri tutublar. T.Vəlizadə Şota Rustaveli adına Tbilisi Dövlət Teatr və Kino Universitetinin rejissorluq ixtisası üzrə magistr dərəcəsi alan ilk azərbaycanlıdır.

Xatırladaq ki, teatrın keçmiş bədii rəhbəri Varlam Nikoladze olub.
Print Email
FaceBook Twitter Google