Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram
Teatrının rəhbəri Turqay Vəlizadə Tbilisi Bələdiyyə Məclisi
tərəfindən Gürcüstan-Azərbaycan mədəni əlaqələrinin inkişafına
verdiyi töhfəyə görə diplomla mükafatlandırılıb.
Turqay Vəlizadə “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
həmin mükafat ona motivasiya verir. Onu sözlərinə görə, mədəniyyət
sahəsində göstərdiyi xidmətlərə görə bu cür mükafatlara layiq
görülməsi onu sevindirir.
“Mükafatlandırma mərasimində bir sıra insanlar arasında
mən də var idim. 20 ildən artıqdır ki, bu sahədəyəm. Məni də layiq
gördülər və mükafatlandırdılar. Bu mükafat mənə motivasiya verdi.
Məni layiq gördükləri üçün təşkilatçılara təşəkkür edirəm. Teatr
sahəsinə qoyduğum əmək itmədi. Mədəniyyətə, sənətə qoyduğum
zəhmətin bəhrəsini gördüm. Bu mənə böyük motivasiya verdi. Mən
gələcəkdə də mədəniyyətimizi və sənətimizi tanıtmaq üçün əlimdən
gələni edəcəyəm”, – Turqay Vəlizadə dedi.
Qeyd edək ki, Turqay Vəlizadə Heydər Əliyev adına Tbilisi Dövlət
Azərbaycan Dram Teatrının bədii rəhbəri vəzifəsinə 2019-cu ilin
yanvarın 11-də Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman
Nazirliyi tərəfindən təyin edilib. O, teatrın ilk azərbaycanlı
bədii rəhbəridir. Belə ki, bu vaxta qədər bu vəzifəni gürcü əsilli
incəsənət xadimləri tutublar. T.Vəlizadə Şota Rustaveli adına
Tbilisi Dövlət Teatr və Kino Universitetinin rejissorluq ixtisası
üzrə magistr dərəcəsi alan ilk azərbaycanlıdır.
Xatırladaq ki, teatrın keçmiş bədii rəhbəri Varlam Nikoladze
olub.