4 mart tarixində Tbilisidə, Mirzə Fətəli Axundov adına Azərbaycan
Mədəniyyəti Muzeyində “BEEZ” Uşaq Teatrının hazırladığı “Qarınqulu
ayı balası” tamaşasının nümayişi keçirilib.
Tamaşanın nümayişində Azərbaycanın Gürcüstandakı səfirliyinin
əməkdaşları, Qardabani Bələdiyyə Məclisinin üzvləri, uşaqlar və
dəvət olunmuş qonaqlar iştirak ediblər.
Teatrın bədii rəhbəri və tamaşanın quruluşçu rejissoru Binəli
İslamoğlu “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
teatrın əsas məqsədi uşaqların asudə vaxtlarını səmərəli şəkildə
keçirməsinə dəstək olmaqdır.
“İlk öncə bütün tamaşaçılarımıza, bizə dəstək olan
bütün dostlarımıza təşəkkür edirəm. Tamaşamız çox uğurlu keçdi.
Sevindirici haldır ki, biz tamaşanın elanını verdikdən sonra cəmi
üç saat ərzində bütün biletlərimiz satıldı. Qeyd edim ki, tamaşamız
gün ərzində kiçik fasilələrlə iki dəfə nümayiş olundu. Bizim əsas
məqsədimiz uşaqların ədəbiyyata, incəsənətə, mədəniyyətə marağının
artırılmasına və eləcə də gənclərin inteqrasiyasına dəstək
olmaqdır. Həmin əsərin başlıca ideyası heyvanların dili ilə sevimli
uşaqlara düz danışmağı, dostluğu təbliğ etmək, eləcə də əyləncəli
şəkildə balacalarda həkimə, iynəyə qarşı qorxu hissini
götürməkdir”, – Binəli İslamoğlu dedi.
“BEEZ” Uşaq Teatrının balaca aktyorları – Nuri Qurbanov, Rəhimə
Əliyeva, Seymur Muradov, Zəhra Akif, Nuray Əhmədova, İslam Akif,
Rəbiyyə Əhmədova, Nazlı Əliyeva və Elina İsayeva öz çıxışları ilə
tamaşaçılar tərəfindən alqışla qarşılanıb.
Binəli İslamoğlunun dediyinə görə, “Qarınqulu ayı balası”
tamaşasının yaxın zamanlarda bölgələrdə də nümayiş etdirilməsi
planlaşdırılır.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Binəli İslamoğludur.
Geyim üzrə rəssam Mahnur Enverdi və quruluşçu rəssam isə
AzMusdur.
Onu da əlavə edək ki, “Qarınqulu ayı balası” əsərinin müəllifi
Vüqar Haqverdiyevdir.