Marneulili müğənni Şaban Məmmədov "İveria Brilliant" festivalında "Qran Pri" mükafatına layiq görülüb (VİDEO)
Marneulili müğənni Şaban Məmmədov 29-30 iyul tarixlərində Oni bələdiyyəsində keçirilən "İveria Brilliant" adlı beynəlxalq festivalda "Qran-Pri" mükafatına layiq görülüb. O, festivalda Gürcüstanı təmsil edib.

Məmmədovun ifası münsiflər heyəti tərəfindən bəyənilərək "Qran-Pri" mükafatına layiq görülüb. Məmmədov "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, o, bu yarışda qazandığı uğura görə, Polşada keçiriləcək festivala dəvət alıb.

"Mən festivalın əsas "Qran-Pri" mükafatını qazandım və Polşada keçiriləcək festivala da dəvət aldım. İlk öncə festival-müsabiqənin rəhbəri olan Nuqzar bəy Çiaberaşviliyə və bütün jüri heyətinə öz dərin təşəkkürümü bildirirəm. Festival-müsabiqədə iki mahnı ifa etdim. Birinci vətənpərvər mahnı idi, ikinci mahnım isə duet oldu. Duetdə mənimlə Gürcüstanın tanınmış müğənnisi və hər kəs tərəfindən çox sevilən Tamriko xanım Meçiauri oxudu. Bizim duetimiz həqiqətən də çox emosional idi və hər kəs tərəfindən çox bəyənildi. Öz ölkəmi təmsil etmək və eləcə də ölkədən kənarda Gürcüstanı təmsil etmək mənim üçün çox böyük bir hissdir. Təbii ki, uğur qazandığım üçün çox sevincliyəm".

Qeyd edək ki, Gürcüstan Patriarxının dəstəyi ilə keçirilən beynəlxalq festival fiziki cəhətdən məhdud imkanlı şəxslər üçün nəzərdə tutulub. Məhdud imkanlı şəxslərin beynəlxalq mahnı, rəqs və incəsənət festivalı artıq 6 ildir ki, Gürcüstanın müxtəlif bölgə və şəhərlərində keçirilir.

Bu il keçirilən "İveria Brilliant" yarışmasında Gürcüstanla yanaşı Ukrayna, Litva, Türkiyə, Almaniya, Özbəkistan, Polşa və Ermənistandan dəvət olunmuş qonaqlar da iştirak edirdilər.

Layihənin əsas məqsədi fiziki cəhətdən məhdud imkanlı şəxslərə dəstək olmaqdır.


Print Email
FaceBook Twitter Google