Oktyabrın 2-də Acarıstan Muxtar Respublikasının Batumi Musiqi
Mərkəzində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş
“Azərbaycanın milli muğamı gecəsi” adlı konsert keçirilib.
Konsert Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyi və Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin
dəstəyi və təşkilatçılığı ilə 10-cu “Batumi Qara Dəniz Musiqi və
İncəsənət Festivalı” çərçivəsində reallaşıb.
Tədbirin açılış mərasimində çıxış edən Batumi Qara Dəniz Musiqi və
İncəsənət Festivalının təsisçisi və təşkilatçısı, Gürcüstan
Parlamentinin Mədəniyyət komitəsinin sədri, UNESCO-nun “Sülh
uğrunda artisti” Elisso Bolkvadze deyib ki, dünyaşöhrətli siyasi
xadim Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bu konsert
çox mühüm tarixi əhəmiyyətə malikdir. Ona görə ki, Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan ilə Gürcüstan
arasında dostluq əlaqələrinin inkişafında mühüm rol oynayıb. Gürcü
xalqının yaxın dostu olan Heydər Əliyevin xatirəsi qəlblərdə əsrlər
boyu yaşayacaq.
Acarıstan hökumətinin rəhbəri Tornike Rijvadze çıxışında bildirib
ki, 1990-cı illərin əvvəllərində Azərbaycanı fəlakətlərdən qurtarıb
inkişaf yoluna çıxararaq dünyanın aparıcı dövlətləri sırasına
çıxaran fenomen şəxsiyyət Heydər Əliyev Gürcüstan və ümumilikdə
Qafqaz xalqları üçün də çoxlu işlər görüb. Ona görə də deyə bilərəm
ki, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illik yubileyi
çərçivəsində Batumidə belə bir konsertin təşkili bizim üçün
qürurvericidir.
Bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ilə
Gürcüstanın Baş naziri İrakli Qaribşvilinin səyləri nəticəsində
münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Azərbaycan-Gürcüstan
əlaqələrinin tarixinə nəzər salıb, müstəqilliyimizin bərpasından
sonra Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində ölkələrimiz
arasındakı münasibətlərin yeni müstəvidə inkişaf etməyə başladığını
qeyd edib.
Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı
ilə ölkəmizdə 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir. İl
ərzində Azərbaycanda, eləcə də dünyanın əksər ölkələrində müxtəlif
yubiley tədbirləri keçirilir. Gürcüstanda “Heydər Əliyev İli” ilə
bağlı artıq bir sıra mühüm tədbirlər keçirilmiş və ilin sonuna
qədər önəmli layihələr ərsəyə gələcəkdir. Bunların məhz Gürcüstanda
keçirilməsi xüsusi önəm daşıyır. Çünki Heydər Əliyev Gürcüstanın
böyük dostu, Azərbaycan – Gürcüstan strateji tərəfdaşlığının banisi
idi.
Onun sözlərinə görə, Batumi şəhərində musiqimizin,
mədəniyyətimizin, tariximizin təbliğ və təşviq edilməsi xüsusi
rəmzi xarakter daşıyır. Azərbaycan Respublikasının Dövlət Himninin
müəllifi Əhməd Cavadın məhz Batumidə yazdığı “Çırpınırdın, Qara
dəniz!” şerini xatırlatmaq yerinə düşərdi.
Diplomat deyib ki, ölkələrimiz arasında müxtəlif sahələrlə yanaşı,
zəngin mədəni əlaqələr də mövcuddur. Mədəniyyət sahəsində
əməkdaşlıq - münasibətlərimizin prioritet sütunlarından biridir. Bu
birbaşa insanlara, cəmiyyətə müsbət təsir bağışlayan amildir və
xalqlarımız arasında dərin iz buraxmışdır. Muğam başda olmaqla
zəngin mədəniyyətimizin və mədəni sərvətlərimizin hər bir
azərbaycanlının qəlbində xüsusi yer tutan dost Gürcüstanda nümayiş
etdirmək, sizləri sevindirmək ikiqat ürəkaçandır: "
Ulu
Öndər Heydər Əliyev Azərbaycan milli mədəniyyətinin, musiqisinin,
incəsənətin dünya miqyasında təbliğ edilməsini və qorunmasnı hər
zaman diqqət mərkəzində saxlayırdı. Bu gün bizlər bu istiqamətdə
əldə edilən nəticələri görürük. Azərbaycan Prezidenti İlham Əliyev
tərəfindən mədəniyyət sahəsinə tükənməz dövlət qayğısı göstərilir.
Azərbaycan mədəniyyətin inkişafına xidmət edən hər bir fəaliyyət
dövlətimizin başçısının daima diqqət mərkəzindədir. Əlbəttə biz
burada Azərbaycan mədəniyyətin tərəqqisinə, mədəniyyət siyasətinin
reallaşması işində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevanın xidmətlərini xüsusi olaraq qeyd etməliyik və bu
xidmətlər əvəzsizdir. Heydər Əliyev Fondu muğam sənətimizin
inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına,
milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər
olduqca əhəmiyyətlidir. Məhz bunun bariz nümunəsi kimi, bu gün
burada, Heydər Əliyev Fondu tərəfindən ərsəyə gətirilən unikal
sərgi nümayiş etdirilir və sizlərin bu sərgi ilə ilkin tanışlıq
imkanınız olmuşdur”.
Azərbaycanın Batumidəki Baş konsulu Pərviz İsmayılzadə çıxış edərək
ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətləri barədə
ətraflı məlumat verib, əlaqələrimizin strateji tərəfdaşlıq
səviyyəsinə yüksəldiyini xüsusi qeyd edib.
Sonra tamaşaçılar Azərbaycanın Əməkdar artisti Təyyar Bayramov və
onun muğam qrupunun ifasında “Şur”, “Cahargah” muğam
kompozisiyalarını, xalq mahnısı “Sarı Gəlin”, Cahangir Cahangirovun
“Bana-bana gəl”, Əlibaba Məmmədovun “Min yaşasın”, Bəhram Nəsibovun
“Qarabağ”, Rauf Hacıyevin “Azərbaycan” mahnılarını dinləyiblər.
Konsert proqramında Xalq artisti Salman Qəmbərov və onun rəhbərlik
etdiyi “Bakustik Jazz” qrupunun, Əməkdar artistlər Nərgiz Əliyeva,
Sahib Paşazadə və Ceyla Seyidovanın çıxışları böyük maraqla
qarşılanıb. Konsertdə səhnədə qoraşdırılmış ekranda Azərbaycan
mədəniyyəti, incəsənəti, milli sərvətləri ilə yanaşı, doğma Şuşanın
görüntüləri nümayiş etdirilib.
Mənbə: report.az