12 noyabr tarixində Marneulidə Heydər Əliyevin 100 illik yubileyi
münasibətilə konsert keçirilib.
Konsert Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət
Komitəsinin dəstəyi və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya
Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Mərkəzin icraçı direktoru Murad Muradov çıxış edərək Əliyevin həyat
və fəaliyyəti barədə ətraflı məlumat verib. Heydər Əliyevin gürcü
xalqına və Gürcüstanda yaşayan Azərbaycanlılara hər zaman diqqət və
qayğı göstərdiyini qeyd edib.
Diasporla İş üzrə Dövlər Komitəsinin şöbə müdiri Vüsal Məmmədov
çıxış edərək dünya şöhrətli siyasi xadim, dahi şəxsiyyət Heydər
Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində həyata keçirilən
irimiqyaslı layihələrin əhəmiyyəti barədə ətraflı məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Ulu
Öndərin siyasi kursunu uğurla davam etdirməsi nəticəsində iki ölkə
arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə
yüksəlib.
V.Məmmədov bildirib ki, noyabrın 12-i Azərbaycanda həm də
Konstitusiya Günüdür. Azərbaycanın əsas Ana qanunun hazırlanmasında
Heydər Əliyevin rolunu xüsusi qeyd edən şöbə müdiri konsertin məhz
bu gün keçirilməsinin də təsadüfi olmadığını bildirib.
O deyib ki, Azərbaycan dövləti Gürcüstanda yaşayan azərbaycanlılara
daim
diqqət və qayğı göstərir. Bugünkü konsert də həmin qayğının
nümunəsidir.
Sonra Azərbaycandan gəlmiş incəsənət ustaları, Muğam müsabiqəsinin
laureatı Ayşən Mehdiyeva "Qarabağ", "Neynim", "Nə mutlu türküm
deyənə", Tbilisidə yaşayan soydaşımız tarzən Rasim Pirməmmədov "Ay
Laçın", "Qarabağ", Azərbaycan Respublikası Müdafiə Nazirliyinin
solisti Fəxri Kazım Nicat "Azərbaycan", Gürcüstanda yaşayan müğənni
Şaban Məmmədov "Sarı gəlin", aşıq Nargilə "Aşıq havası" və
Gürcüstan Azərbaycanlılarının rəqs ansamblı maraqlı konsert
proqramı ilə çıxış ediblər.
Konsert proqramını Marneuli rayon ictimaiyyətinin nümayəndələri ilə
yanaşı, paytaxt Tbilisidən, Bolnisi, Qardabani və Rustavidən gəlmiş
insanlar izləyiblər.