İstirahət üçün hobbi – Marneulili müəllim Leyla Namazovanın əl işləri
Bir ildir ki, Marneulili müəllim Leyla Namazova epoksid ilə işləməyə başlayıb. Gürcü dili və ədəbiyyatı müəllimi üçün yeni iş maraqlı hobbiyə çevrilib.

Dekorasiyalar, müxtəlif qablar və fiqurlar düzəldir. O, deyir ki, epoksid ilə işləməyi onlayn kursla öyrənib. İlk iş olaraq bardaq düzəldib və hələ özünün inkişafı üzərində çalışır.

“Sənətlə məşğul olan adamlara qibtə edirdim. Hesab edirdim ki, mən heç vaxt düzəldə bilmərəm. Sosial şəbəkəyə minnətdaram ki, məni əl işimə gətirib çıxardı. Ümumiyyətlə, gil ilə işləməyi xoşlayırdım, amma əlimdə gil əvəzinə epoksid qaldı. Öyrənmək üçün kurs keçdim, amma epoksidin nə olduğu haqqında heç nə bilmirdim. Həqiqətən də risk etdim. İdeyamı övladlarıma deyəndə mənə dəstək oldular. Həyat yoldaşım əvvəl pessimist yanaşırdı, amma işləməyə başlayanda özü də maraqlandı və əl işlərimdə mənə kömək edirdi”.

Leyla Namazova epoksid ilə boş vaxtlarında işləyə bilir. Məktəbdən evə qayıdanda yorğunluğunu əl işləri ilə çıxarır.

“Bütün bunları etmək üçün ilham olmalıdır. Əhvalın yerində olmalıdır ki, işləyəsən. Əksər hallarda yorğun olanda işləmək istəyirəm ki, istirahət edim, yorğunluğum çıxsın. Epoksiddə kiçik ölçülü işlər böyük işlərdən daha çətindir. Hərdən səbrim çatmır və işi sona qədər çatdıra bilmirəm. Silikondan çıxarma prosesini çox sevirəm. Rənglərin necə alındığını görmək üçün tələsirəm. Əl işi heç vaxt eyni cür çıxmır, hamısı fərqlidir”.

Pedaqoq deyir ki, onun yeni işi şagirdlər üçün əlavə motivasiyadır. Onlarla öz bacarıqlarının rəngarəngliyindən tez-tez söhbət açır.

“Şagirdlərdə ruhdan düşmə halları görəndə özümü nümunə gətirirəm. Baxmayaraq ki, 50 yaşım var, dayanmağı düşünmürəm, yenə nələrsə öyrənmək istəyirəm. Bilmirəm gələcəyim necə olacaq, amma düşünürəm ki, müəyyən dövrdən sonra məktəbdən gedəcəyəm. Getdikdən sonra nə etməliyəm, düşünürəm, bu işimin olması üçün yaxşı vasitədir. Ona görə, uşaqlara həmişə deyirəm ki, həmişə nəyisə öyrənmək mümkündür, əsas olan istəməkdir”.

Leyla Namazova artıq əl işlərini satmağa başlayıb. Feysbukda, İnstagramda və Tik-Tokda səhifələr yaradıb. Yaxın gələcəkdə aktivləşdirməyi düşünür. Emalatxana düzəltmək və kiçik biznesi böyük biznesə çevirmək istəyir.

Print Email
FaceBook Twitter Google