Şaban Məmmədov Çexiyada keçirilən müsabiqədə “Gran-Pri” mükafatına layiq görülüb (VIDEO)
Marneulili müğənni Şaban Məmmədov Çexiyanın paytaxtı Praqada keçirilən “Praqa Milad Ulduzları 2023” müsabiqəsində iştirak edib. O, 16 dekabr tarixində baş tutan XXXIX Beynəlxalq Xalq Rəqsləri və Musiqisi Müsabiqə-Festivalında “Gran-Pri” mükafatına layiq görülüb.

Gənc müğəninin “Marneuli” radiosuna verdiyi məlumata görə, o, bu yarışa “Marneuli Mədəniyət Evi”nin dəstəyi ilə qatılıb.

“Buna görə ilk növbədə Marneuli mədəniyət evinin rəhbəri Nato xanım Şavişviliyə öz dərin təşəkkürümü bildirirəm. Yarışmada iki mahnı ilə çıxış etdim və jüri heyətinin qərarı ilə pop və milli mahnı nominasyasında ən böyük mükafata - “Gran-Pri”-yə layiq görüldüm. Gürcüstanın adını yüksəklərə qaldırmaq mənim üçün böyük bir şərəfdir. Mənim üçün hər bir yarışma böyük bir təcrübədir. Çexiyada keçirilən yarışma isə mənə böyük bir təcrübə qazandırdı. Həmçinin də gözəl insanlar qazandım”, – Şaban Məmmədov dedi.

Çexiyada keçirilən “Praqa Milad Ulduzları 2023” müsabiqəsində Gürcüstanla yanaşı Çexiya, Almaniya, Rumıniya, Ukrayna və İndoneziyadan olan müğənnilər də iştirak ediblər.

Qeyd edək ki, “Marneuli Mədəniyyət Evi”nin solisti olan Şaban Məmmədov bu günə qədər xaricdə keçirilən bir sıra müsabiqələrdə Gürcüstanı təmsil edib və qalibiyyətlər əldə edib.


Print Email
FaceBook Twitter Google