Marneulili müğənni Şaban Məmmədov “İlin Ulduzu” mükafatına layiq görülüb
Marneulili müğənni Şaban Məmmədov “İlin Ulduzu” mükafatına layiq görülüb. “İlin uğurlu insanları”nın mükafatlandırılması mərasimi 28 dekabr tarixində, Tbilisidə “The Biltmore Tbilisi Hotel”-də baş tutub.

Gənc müğənninin “Marneuli” radiosuna verdiyi məlumata görə, mükafatlandırılma mərasimi Gvirila Akademiyasının rəhbəri, Erna Cipuria tərəfindən keçirilib.

“Çexiyanın paytaxtı Praqada keçirilən beynəlxalq yarışmada mən iştirak edərkən, Erna xanım və Akademiyanın bütün heyəti orda idi. Onlarla elə Çexiyada tanış oldum. Oradakı çıxışımı, həmçinin musiqi sahəsində gördüyüm işləri nəzərə alaraq, məni mükafatlandırmaq qərarına gəldilər və bu gün ilin ulduzu adına layiq görüldüm. Mükafata və verdikləri dəstəyə görə Erna xanım başda olmaqla, bütün Akademiya heyətinə dərin təşəkkürümü bildirirəm”.

Məmmədov onu da bildirdi ki, Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən də hədiyyə verilib.

“Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Cənab Eldar Bayramov tərəfindən hədiyyə ilə təltif olundum. Azərbaycanın Gürcüstandakı səfiri, Cənab Faiq Quliyev başda olmaqla, bütün səfirlik heyətinə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, “Marneuli Mədəniyyət Evi”nin solisti olan Şaban Məmmədov bu günə qədər xaricdə keçirilən bir sıra müsabiqələrdə Gürcüstanı təmsil edib və qalibiyyətlər əldə edib.

Print Email
FaceBook Twitter Google