Sazbənd Bafəli Adıgözəlov Azərbaycan Respublikasının medalı ilə təltif edilib (FOTO)
Sazbənd, aşıq Bafəli Adıgözəlov Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edilib. 21 dekabr tarixində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov tərəfindən medal və təşəkkürnamə alan şəxslərin adlarını “Bir olaq, Həmrəy olaq” adlı videokonfrans zamanı açıqlanıb.

Bafəli Adıgözəlov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, təltif olunacağı ilə bağlı məlumatı olmayıb. O, görüş zamanı adının çəkilməsinə çox sevinib. Sazbəndin sözlərinə görə, bu mükafat ona mədəniyyət sahəsində xidmətinə görə verilib.

“Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, cənab Fuad Muradovun bu günlərdə ilin yekunlarına dair xaricdə yaşayan soydaşlarımızla video bağlantılı geniş miqyaslı görüşündə Azərbaycan Dövləti adına diaspora fəaliyyətində fərqlənənləri ayrı-ayrı orden və medallarla təltif etdiyini də söyləyib. Həmin şəxslərin adlarını bir-bir elan edərkən mənim də adımı çəkməsi bizim ailə üçün çox gözlənilməz və böyük qiymət oldu. Uzun illərdir ki, Gürcüstanımızda sazımızın, sözümüzün, musiqimizin və mədəniyyətimizin qorunub yaşadılmasında soydaş kimi göstərdiyimiz fəaliyyətimizi nəzərə alıb. İki qardaş ölkə arasında ədəbi-mədəni əlaqələrinin, həmçinin, Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə verilən töhfəyə görə məni də “Diaspora Medalı” ilə təltif etmələrinin sevincini yaşayır, ailəmiz adına minnətdarlığımızı çatdırırıq. Xüsusilə, bu medalın Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin imzasıyla Diaspora Komitəsinin xətti ilə paylaşılması sevincimizə ikiqat sevinc qatıb. Mən də, fürsətdən istifadə edib, cənab Prezident İlham Əliyevə həm təşəkkürümü bildirirəm, həm də milli zəfərimizin banisi olaraq ad günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Azərbaycanla Gürcüstan bizim həm iki vətənimiz, həm də, iki dövlətimizdir. Yaşasın Gürcüstan və Azərbaycan Dövlətlərinin sarsılmaz dostluğu və qardaşlığı”, – sazbənd dedi.

Bundan başqa Bafəli Adıgözəlov daha bir mükafatla layiq görülüb. O, dekabrın 24-də Marneuli şəhərində “Heydər Əliyev İli”nin yekunlarına və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan-Gürcüstan mədəni əlaqələri” adlı tədbirdə “Türk Ağsaqqallar İctimai Birliyi” (TAİB) tərəfindən “mədəniyyətin inkişafına verdiyi töhfələrə görə” təşəkkürnamə ilə də təltif olunub. Bununla yanaşı, Marneulili müəllim Samirə İsmayılova, GAİM-in İcraçı Direktoru Murad Muradov və idman müəllimi Elçin Mustafayev də “Türk Ağsaqqallar İctimai Birliyi” (TAİB) tərəfindən təşəkkürnamə ilə mükafatlandırılıblar.


Print Email
FaceBook Twitter Google