Bu gün, 9 yanvar Azərbaycanın Xalq şairi, əslən Gürcüstandan olan
Zəlimxan Yaqubun anım günüdür.
Xatırladaq ki, Zəlimxan Yusif oğlu Yaqubov 1950-ci il yanvarın
21-də Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub.
1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə
Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini
bitirib.
1973-cü ildən 1978-ci ilə qədər “Azərkitab” sistemində, “Kitab
pasajı” adlı kitab dükanında satıcı, şöbə müdiri, 1975-ci ildən
1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində
təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə
qədər “Yazıçı” nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə
müdiri vəzifələrində çalışıb. 1995-2005-ci illərdə Azərbaycan
Respublikasının Milli Məclisinin deputatı olub.
İlk şeiri 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon
qəzeti “Qələbə bayrağı”nda dərc edilib. “Məmməd Araz ədəbi
mükafatı” (1995) ilə, “Şair harayı”, “Vətən yaraları”, “Sizi
qınamıram” və “Ziyarətin qəbul olsun” kitabına görə H.Z.Tağıyev
adına mükafatla (1995), “Şöhrət” ordeni və Gürcüstan
Respublikasının “Şərəf” ordeni ilə təltif olunub.
1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü olub.
2005-ci ildə “Azərbaycanın Xalq şairi” fəxri adına layiq görülüb.
2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V
qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.
1994-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Əfv
Komissiyasının üzvü olub. 2009-cu il iyunun 6-da Türk Dünyası
Araşdırmaları Uluslararası Elmlər Akademiyasının “Türk dünyasına
hizmət” mükafatına layiq görülərək həmin akademiyanın fəxri doktoru
seçilib. 5 oktyabr 2012-ci ildə Xalq şairi Zəlimxan Yaqubun
indiyədək qazandığı mükafatlar sırasına biri də əlavə olunub.
Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Azərbaycan
Nyu-York Assosiasiyası Xalq şairini Fəxri diplom və medalla təltif
edib.