Yanvarın 24-də Heydər Əliyev Mərkəzində görkəmli gürcü rəssam Lado
Qudiaşvilinin (1896-1980) əsərlərindən ibarət sərgi açılacaq.
Sərgi Heydər Əliyev Mərkəzinin təşəbbüsü, Gürcüstanın
Azərbaycandakı səfirliyi və Gürcüstandakı Lado Qudiaşvili Fondunun
dəstəyi ilə təşkil olunur. Boya, qrafik sənət və səhnə tərtibatı
üzrə əfsanəvi incəsənət xadiminin əsərləri Azərbaycanda ilk dəfə
nümayiş etdiriləcək.
Qeyd edək ki, Bakı sərgisindəki əsərlərin bir çoxu diqqət çəkir.
İlk növbədə, Qudiaşvilinin qrafik işlərini qeyd etmək lazımdır.
Bunların sırasında səhnə üzü görməyən baletin kostyumları üçün
çəkilmiş eskizlər də var. Balet tamaşası baş tutmasa da, eskizlər
rəssamın ölməz xatirəsi kimi qorunub saxlanılır.
Lado Qudiaşvilinin ilk sərgisi 19 yaşında olarkən Tbilisidə baş
tutub və bununla da gənc rəssam Gürcüstanın bədii dairələrində
geniş tanınmağa başlayıb. Əsərləri ilə dillərdə dastana dönən
Qudiaşvili ilk sərgisinin təşkilindən dərhal sonra Tbilisinin
mədəni həyatında rol alıb.
Əfsanəvi gürcü rəssam Niko Pirosmani Lado Qudiaşvilinin kumiri
olub. O, bir neçə dəfə rəsm əsərlərində Niko Pirosmani obrazına
müraciət edib. Rəssam Avropada da şöhrət qazanıb. O, xüsusilə beş
il yaşadığı Parisin incəsənət aləmində yaxşı tanınıb, Avropanın bir
sıra şəhərlərində, həmçinin Nyu-Yorkda keçirilmiş sərgiləri ilə
incəsənətsevərlərin rəğbətini qazanıb.
Lado Qudiaşvilinin dünyaca məşhur incəsənət xadimləri Mark Şaqal,
Pablo Pikasso, Vladimir Mayakovski, Sergey Yesenin ilə ünsiyyəti
yaratdığı əsərlərə özünəməxsus iz qoyur. Lado özünü reallığı fərdi
yanaşma üsulu ilə təsvir edən bir rəssam, eyni zamanda
personajlarının simasında emosiyaların sonsuz çeşidini ustalıqla
canlandıran diqqətli bir müşahidəçi və psixoloq kimi təsdiq
edir.
Lado Qudiaşvili 1980-ci ildə vəfat edib. O, bədii dünyagörüşü və
seçilən üsluba malik rəssam, gürcü modernizminin və Tbilisi
avanqard hərəkatının banilərindən biri sayılır.
Rəssamın Heydər Əliyev Mərkəzindəki sərgisini aprelin 24-dək
izləmək mümkün olacaq.
Mənbə: trend.az