"Mənim yolum Qaraçöpə – Ləmbəli kəndinə düşdü. Kənd
məscidində gördüklərim məni təəccübləndirdi",
– bu sözləri sosial şəbəkədə Həmrəylik Muzeyinin layihə meneceri
Zaur Xəlilli yazıb. Onun sözlərinə görə, məscidin imamı milli
xalçaları Türkiyədən gətirdiyi yeni xalça ilə əvəz edib.
Zaur Xəlillinin paylaşımını olduğu kimi sizə təqdim edirik.
"Bu yaxınlarda xalça işi ilə bağlı toxucularımızı yeni
toxunan xalçalar üçün sapla təmin etmək məqsədi ilə yolum yenə
Qaraçöpə, Ləmbəli kəndinə düşdü. Tez-tez bura əcnəbi qonaqlarla
səfər edəndə onları məscid və məsciddəki xalçalarla tanış edirəm.
Bu səfərimdə də yalnız deyildim və xarici iş yoldaşlarımla bərabər
səyahət edirdim. Məsciddəki xalçaları onlara göstərmək istədim.
Onlardan biri məscidi və oradakı xalçaları görməmişdi. Getdik,
içəri girdiyimizdə qarşılaşdığımız mənzərəyə təəccüblənmiş kolleqam
burada nə baş verdiyini soruşdu. Mən də öz təəccübümü gizlədə
bilmədim və gördüyümüz vəziyyət bizi şoka salmışdı.
Məscidin imamı ilə əlaqə saxladıq və o, bu yeni xalçaları
Türkiyədən alıb, əvvəlki milli xalçalarımızı isə bir otaqda
saxladığını bildirdi. Qarşılaşdığım mənzərə mənə xoş təsir
bağışlamadı. Həmişə bu tərəfə yolum düşəndə xarici qonaqları,
kolleqalarımı dəvət edir, onlara bu xalçalardan, məsciddən bəhs
edirdim. Bu xalçalar oranın abı-havasını tamamilə dəyişirdi və
mədəni irsimizə məxsus, dünyada öz stilinə görə çox məşhur olan
Qaraçöp xalçalarımız bu formada nümayiş etdirilirdi. Hər zaman bura
ilk dəfə gələn insanlar xoş təəssüratla
ayrılırdılar".
Zaur Xəlilli paylaşımla yanaşı şəkil də paylaşıb. O, şəkillərin
birini 2021-ci ildə, digərini isə indi çəkdiyini qeyd edib.