Rafiq Hümmət vətəndaş inteqrasiyası istiqamətində göstərdiyi xidmətlərə görə mükafatlandırılıb (FOTO)
Şair, publisist, tərcüməçi, ictimai xadim Rafiq Hümmət Beynəlxalq Ana Dili Günü ilə əlaqədar vətəndaş inteqrasiyası istiqamətində göstərdiyi xidmətlərə görə təltif olunub. Mükafatlandırma mərasimi 21 fevral tarixində Beynəlxalq Ana Dili Günündə baş tutub. Tədbir Tbilisi Bələdiyyə Məclisinin Təhsil və Mədəniyyət Komissiyasının və Dövlət Dili Departamentinin təşəbbüsü və Bələdiyyə Məclisinin Etnik Azlıqlar Şurasının dəstəyi ilə keçirilib.

Rafiq Hümmət “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, ana dilini inkişaf etdirmək hər bir şəxsin borcudur və hər kəs öz ana dilinin qayğısına qalmalıdır.

“Milli mənsubiyyətindən və hansı ölkədə yaşamasından asılı olmayaraq öz ana dilini inkişaf etdirmək hər bir fərdin borcudur. Hər kəsə məlum olduğu kimi, mənim də ömrüm əsasən ana dilimizin – doğma Azərbaycan türkcəmizin tədrisinə, inkişafına həsr olunub. Bir neçə qəzetə baş redaktorluq etmişəm. Son 20 ildə Gürcüstanda 50-yə yaxın kitab nəşr etdirmişəm. Onların 6-sı ikidilli - Azərbaycan və gürcü dillərindədir. Çox güman ki, mükafatlandırma komissiyasının da bununla bağlı məlumatı olub. Beynəlxalq Ana Dili Günü münasibəti ilə müxtəlif millətlərin təmsilçiləri ilə yanaşı mən də təltif olundum. Mükafatın pisi-yaxşısı olmur. Mənim də bu siyahıda adımın olması, hesab edirəm ki, bütövlükdə Gürcüstanda yaşayan azərbaycanlılara verilən bir dəyərdir. Mərasim Tbilisi Bələdiyyəsinin binasında keçirildi və insafən gözəl də təşkil olunmuşdu. Müxtəlif millətləri təmsil edən ziyalıların, alimləri, ictimai xadimlərın görüşü idi”.

Qeyd edək ki, Beynəlxalq Ana Dili Günü ilə əlaqədar Rafiq Hümmətlə yanaşı Givi Şahnazar, Quram Batiaşvili, Mzia Xetaquri, Natalia Troxim, Naira Marşania, Van Bayburt, Nino Popiaşvili, Raziat Kumaritov, Larisa Namtalaşvili, Yevgeniya Kotanidis, Rostom Pareulidze, Mzia Koberidze, Dimitri Teymuraziani və Zaira Davaraşvili də mükafatlandırılıblar.

Şairin dediyinə görə, bir millət kimi bizim də adımız ölkəmizdə ön sıralarda anılmalıdır.

“Ona görə ki, biz gürcülərdən sonra bu məmləkətdə yaşayan sayca ikinci toplumuq. Yaxşı da toplumuq. Ziyalılarımızla, qəhrmanlarımızla, öndə gedənlərimizlə bu ölkəyə sədaqətlə xidmət etmişik, qanımızda müxənnətlik olmayıb. Abxaziyada şəhidlərimiz olub, Samaçabloda döyüşlər zamanı ağır yaralılarımız olub. Mən də öz sahəmdə əlimdən gələni etməyə çalışmışam. Təmənnasız olaraq, ondan çox gürcü şair və yazıçısının əsərini Azərbaycan dilinə tərcümə etmişəm. Təmənnasız olaraq tərcümə edib çap etdirmişəm. Bir çox yazarlarımızın tərcümə əsərlərini redaktə edib nəşrə hazırlamışam”.

Rafiq Hümmət 1965-ci il fevralın 13-də Bolnisi rayonunun Darvaz kəndində anadan olub. Orta təhsilini Darvaz kəndində, ali təhsilini isə Tbilisi Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində alıb. O, bir çox mətbuat orqanlarda çalışıb, dörd müxtəlif qəzetə redaktorluq edib. Gürcüstan Prezidentinin Fəxri Fərmanı ilə təltif olunub. Bir müddət “Varlıq” Mədəniyyət Mərkəzinin və Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzinin direktoru olaraq çalışıb. Rafiq Hümmət 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinə rəhbərlik etməklə yanaşı, hazırda həm də Qaratəhlə orta məktəbində Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris edir. O, bir neçə kitabın, o cümlədən “Salam, dünyanın yiyəsi...”, “Rüzgara oxuna söz”, “Ölümsüzlər” kitablarının müəllifidir. Bir çox əsərləri gürcü, rus, özbək, ingilis, Türkiyə türkcəsi və s. dillərdə dərc olunub.

Beynəlxalq Ana Dili Günü ilə əlaqədar baş tutan tədbiri Tbilisi Bələdiyyə Məclisinin sədri Qiorqi Tkemaladze açaraq, Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, ana dilinin qorunması və inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.

Daha sonra Tbilisi Bələdiyyə Məclisinin Təhsil və Mədəniyyət Komissiyasının sədri Kaxa Labuçidze, Dövlət Dili Departamentinin sədri Qiorqi Alibeqaşvili, Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət nazirinin müavini Lia Qiqauri, Tbilisi Dövlət Universitetinin prorektoru Kaxa Çeişvili, Abxaziya Muxtar Respublikasının Təhsil və Mədəniyyət nazirinin müavini Nino Lobjanidze, Dövlət dili kafedrasının alimi, professor Tinatin Bolkvadze və professor, yazıçı Salome Kapanadze çıxış ediblər.

Tədbirdə Tbilisi Bələdiyyə Məclisinin sədrinin müavini Tinatin Nibloşvili, Bələdiyyə Məclisinin üzvləri Vladimer Bojadze, Natia Modebadze, ziyalılar, etnik azlıqların nümayəndələri, elm, mədəniyyət xadimləri, ictimai fəallar və dəvət olunmuş qonaqlar iştirak ediblər.

Xatırladaq ki, fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə YUNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google