Zəlimxandan ilhamlanan 20 yaşlı Kürtlərli Hüseyin Koxayev qımqıma etdiyi sözləri qələmə alıb
Uşaq vaxtı əksər insanlar şeir və ya hekayə yazmaq həvəsinə düşürlər. Bir müddət keçdikdən sonra isə bu həvəs ölür və hər şey unudulur. Bəzən isə uşaqlıq həvəsi kimi baxdığımız bu maraq sonradan gözəl və istedadlı yazıların, əsərlərin ortaya çıxmasına səbəb olur.

20 yaşlı Kürtlər kənd sakini Hüseyin Koxayev də bir neçə ildir ki, şeir yazmağa başlayıb. O, “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, şeirə, sözə, saza həvəsi olduğu üçün yazmağa başlayıb.

“Lap uşaq yaşlarımdan saza-sözə olan məhəbbətim özünü büruzə verdi. Hər zaman dilimdə qımqıma etdiyim sözlərimin bir gün birləşəcəyini hiss edirdim. Əlbəttə ki, məktəb illərinin və şairlər demişkən sevginin, eşqin şeir yazmaqda rolu böyükdür. Elə məktəbdə yaranan bu ilahi gücün və verginin sözlərdə birləşməsi nəticəsində şeirlərim ortaya çıxdı. Bəli, həqiqətən də sevəndə ruhunla, xəyalınla, namusunla və ləyaqətinlə sevməlisən. Şairlərimizin həyatına və yaradıcılıq hekayəsinə nəzər saldıqda görürük ki, eşq, məhəbbət, ilahi güc və həyati anlamlıdır. Bütün şairlərin dilinin əzbəri olan Leyli və Məcnun, Fərhad və Şirin, Əsli və Kərəm dastanları elə şeirin, eşqin mənbə qaynağıdır. Məktəbdə ədəbiyyat fəninə marağım da bunu göstərirdi ki, şeir yazacağam. Ədəbiyyat müəlliməm Mustafayeva Gülü müəllimənin mənim şeir yazmağımda böyük qatqısı olmuşdur. Hər zaman şeirlərimi yazardım və ona təqdim edərdim. Gülü müəllimə də səhvlərimi düzəldərdi. Daha çox ilhamlandırardı. Şeirlərimin demək olar ki, çoxu qəmli, hicranlıdır”.

Gənc şair deyir ki, özünü xalqı və milləti üçün yazılar yazmağa borclu bilir. Onun sözlərinə görə, qələmə aldığı şeirlərini gələcəkdə kitab şəklində çap etdirməyi düşünür.

“Necə ola bilər ki, Borçalı kimi cənnət guşənin gözəl təbiətindən, soyuq bulaqlarından, gülündən, çiçəyindən yazmayasan. Yazdığım şeirləri kitab formasında çap etdirməyi düşünürəm. Düşünürəm ki, şeirə, sənətə daha da maraq artmalıdır. Gənclərimiz yazıb yaratmalıdır. Çünki bizim Zəlimxan Yaqub kimi, Təhləli Novruz kimi, aşıqların dillər əzbəri Şair Ağacan kimi şairlərimiz olmuşdur. Onların bizə miras qoyduğu söz sənətini yaşatmaq elə biz gənc nəslin öhdəsinə düşür. Hey demişəm "Zəlimxansız Borçalı, Borçalısız Zəlimxan" düşünülməzdir. Ulu Borçalının ölməz şair oğlu Zəlimxan Yaqubu da belə yada salaq”.

20 yaşlı şairin sözlərinə görə, ən böyük arzusu ali təhsilini bitirməkdir. Daha sonra ona uyğun iş tapıb işləməkdir. O, gələcəyini daha da inkişaf etmiş görmək istəyir.

“Düşünürəm ki, gələcək arzularımı həyata keçirərəm. Mən bilirəm ki, sözlə, şeirlə maraqlanan gənclər çoxdur. Lakin təkan verən yoxdur. Elə mənim özümün şeir yazan bir dostum, qardaşım, Bolnisi rayonunun Kəpənəkçi kəndindən olan Rəsul Bayramov. Rəsulla bir yaşıdıq, onun şeirlərini böyük maraqla oxuyuram. Hətta internet üzərindən maraqlı deyişmələrimiz belə olmuşdur. Qardaşım Rəsula da şeir həyatında uğurlar diləyirəm. Son olaraq isə demək istəyirəm ki, şairlərimiz gənclərlə söhbət etməli, onlara nəsihətlər verməli və görüşlər təşkil etməlidirlər. Eləcə də məktəb müəllimələrindən də xahiş edərdim ki, bacarıqlı gəncləri ədəbiyyata yönəltsinlər”.

Qeyd edək ki, Hüseyn Pərviz oğlu Koxayev 9 dekabr 2004-cü ildə Kürtlər kəndində anadan olub. Uşaqlıq illərini ailəsi ilə birlikdə Azərbaycanda keçirsə də, bir müddət sonra yenidən Gürcüstana qayıdıb. Orta təhsilini Həsən Xeyirzadə adına Kürtlər ictimai məktəbində alıb. Koxayev 2022-ci ildə məktəbi bitirib və İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə qəbul olub. Hal-hazırda həmin universitetin dəqiq və təbiət elmləri fakültəsinin kimya bölməsində oxuyur.

Şairin qələmə aldığı şeirlərin bir qisimini sizlərə təqdim edirik:

Belə sevəsən

Sevməyi hər insan bacara bilməz,
Sevəndə ürəkdən sevəsən gərək.
Qırasan həsrətin o, şah bağını,
Hər şeyə dözərək sevəsən gərək.

Aləm şahid ola sevdiyin kəsə,
Məcnunla durasan yarışa, bəsə.
O, yardan hey gələn, incə bir səsə,
Məst olub röyada sevəsən gərək.

Hər dərdi bərabər aşıb günəşə,
Çatdırar xoş günə sevincə, nəşə.
Yolunda ilini çox ona beşə,
Pay verib ömrünü sevəsən gərək.

Sevənə dar gələr dumanlı dağlar,
Ayrılıq əlindən gözüm qan ağlar.
Hüseyn gəlsə üstünə yağılar,
Mərd durub qüvvətlə sevəsən gərək.

*** *** ***

Borçalı

Bir yurdum var, hər nə desəm az olar,
Yurdlara sultandır, şahdır Borçalı.
Ayrı düşən dağ, arandan səslənən,
Yaralı haraydır, ahdır Borçalı.

Axşam üstü quzuların mələyi,
Əskik olmaz burda düşman kələyi.
Nənələrin bellərində bələyi,
Bələkdə uyuyan baxtdır Borçalı.

Dərələrə baxıb ilham alarsan,
Çay üstündə sən seyirə dalarsan.
Özünü bəxtəvər, xoşbəxt sanarsan.
İnsanda ən gözəl hissdir Borçalı.

Nənələrmiz sənəklərlə su daşır,
Babalarmız at belində dağ aşır.
Bu yerlərə gələn insanlar çaşır,
İnsan valehləyən sirdir Borçalı.

Aşıqları çay üstündə saz çalır,
Hamı bir-birinin qeydinə qalır.
Zəlimxan Yaqubu dünyalar tanır,
Şanlı şairlərə yurtdur Borçalı.

Səhərlər oyadır bülbüllər səni,
Gəlimli gedimli, şadlığı, şəni.
Hüseyn seyr elə gözəl gülşəni!
Gülşəndə çiçəkdi, çiçəkdə arı,
Arının yığdığı baldır Borçalı.

*** *** ***

Birdə gəl

Həsrət qaldıq ay Zəlimxan səsinə,
Yar məzarı, oyan qəfil birdə gəl!
Ağlar qalıb gedişinlə Şahsənəm,
Qərib kimi qayıt yenə, birdə gəl!

Günəş gedib zirvələrə qar gəlib,
Haqqı demək məzlumlara ar gəlib.
Yanıb Kərəm, qara məzar dar gəlib,
Sevən könül havalanıb birdə gəl.

Borçalının ölməz qızıl qələmi,
Səndə idi sözün cümləsi, cəmi.
Yaman susub sazda kərəm, dilqəmi,
Könüllərin havacatı birdə gəl.

Dünya belə getməz özgə sözüylə,
Yandı aləm Zəlimxanın közüylə.
Ölmə görüm səni dünya gözüylə,
Ölmə şair, ölmə belə birdə gəl!

*** *** ***

Şair cavandır 

Taleh belə gəldi, bir şair gördüm,
Təbdən söz gətirən öz də cavandır.
Şeir tanış etdi iki şairi,
Sinədə közərən köz də cavandır.

Deyişdik dür kimi ballı kəlamla,
Sözləri haq yazmış qızıl qələmlə.
Sözsüz söz yoxdur hələm-hələmlə,
Kəlmədən inciyən söz də cavandır.

Həsrətin yüküylə qəlbi qanatdı,
Xəyalım uçmağa hər an can atdı.
Şairlər birləşdi, yazdı yaratdı,
Misralar üstündə cüz də cavandır.

Dağlar binələndi bir yaz səhəri,
Unutdu kədəri, acı qəhəri.
Koroğlu mindiyi atın kəhəri,
Ayvazın qoyduğu iz də cavandır.

Qeyri sabit getdi hər işim ancaq,
Şükürlərlə yaşayan yaşayacaq.
Ay Rəsul sənətin aşıb daşacaq,
Bilirəm kədərli üz də cavandır.

Budur ki, sevgisiz şair nə mümkün?
Azaltmaz hər gözəl Hüseynin yükün.
Xəbərsiz fəth edən qəlbimin mülkün,
Dünyalar gözəli qız da cavandır.

*** *** ***

Bu dəli sevdama sonsuz atardım

Şıltaq gülüşündən alıb bir tutam,
Bu dəli sevdama sonsuz atardım.
Qisməti kor olmuş, qədəri batmış,
Cansız xəyallarda elə yatardım.

Bir cənnət olaydı hamıdan uzaq,
Arabir meh vursun, arabir sazaq.
Yuxulu həyatı biz necə yozaq?
Bir dərin sirr olub, sirrə batardım.

Hüseyn qələmlə böldüyün dərdi,
Kimlər çözələdi öldüyün dərdi?
Hər axşam, hər gecə çözdüyün dərdi,
Bir səhər açılsa sona çatardım.

Print Email
FaceBook Twitter Google