Tbilisidə rəsm və əl işlərindən ibarət sərgi açılıb
Tbilisi şəhərində yerləşən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin sərgi salonunda Gürcüstanda yaşayan azərbaycanlı qadınların rəsm və əl işlərindən ibarət “Rənglərin Ahəngi” adlı sərgi açılıb.

Sərgidə Azərbaycan qadınlarının, eləcə də, uşaqların 35-dən çox rəsm əsəri və Azərbaycan mədəniyyətini, musiqisini, incəsənətini və mətbəxini əks etdirən 25-dən çox əl işi nümayiş etdirilib.

Muzeyin elmi işçisi, sərginin təşkilatçısı Leyla Əliyeva bildirib ki, bu cür tədbirləri təşkil etməkdə məqsəd Azərbaycanın qədim mədəniyyətini təbliğ edən qabaqcıl qadınları irəli çəkmək, onların cəmiyyətə inteqrasiyasına yardım göstərməkdir.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramiz Hacıyev Azərbaycanın qədim tarixə malik mədəniyyətindən danışıb. Bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlı qadınların əl işlərinin sərgisinin təşkili mədəniyyətimizin təbliğində mühüm rol oynayır.

Onun sözlərinə görə, səfirlik hər zaman bur cür tədbirlərin təşkilinə dəstək göstərib və bu siyasət bundan sonra da davam edəcək.

Sərginin açılışında Azərbaycan səfirliyinin əməkdaşları, Tbilisi şəhər bələdiyyəsinin deputatları, mədəniyyət və incəsənət ustaları, rəssamlar, tələbələr, Azərbaycan və Gürcüstan ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Sərgi böyük maraqla qarşılanıb.

Rəssam Könül Bayramova deyib ki, Azərbaycanda dünyaya göz açıb və ali təhsilini də Bakıda alıb:

“Ailə vəziyyətimlə əlaqədar olaraq Tbilisiyə köçmüşəm. Məqsədim rəssamlığın sirlərini, eləcə də qədim mədəniyyətimizin, incəsənətimizin incəliklərini Gürcüstanda yaşayan soydaşlarımıza öyrətmək, milli-mənəvi dəyərlərimizi qorumaq və inkişaf etdirməkdir”.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google