Bu gün, 21 mart tarixində Marneulidə Novruz bayramı qeyd olunub.
Tədbir saat 12-də, meriya ərazisində başlayıb. Tədbirdə sərgi
pavilyonları, uşaqlar üçün əyləncə məkanları, atraksionlar,
animatorlar şousu təşkil edilib.

Novruz bayramını təbrik etmək üçün mərkəzi hakimiyyət nümayəndələri
gəliblər. Gürcüstanın Baş naziri İrakli Kobaxidze də Marneulidə
qonaq olub.
“Əziz bacı və qardaşlar, sizi yazın gəlişi, yaşamın
canlandığı Novruz bayramı münasibətilə təbrik edirəm. Sizinlə
yanaşı Gürcüstanda yaşayan bütün müsəlmanları təbrik edirəm.
Sevinirəm ki, sizinlə birlikdə bu sevinci paylaşmaq imkanım var.
Bizi, gürcü və azərbaycanlıları xüsusi istilik, sevgi birləşdirir.
Biz və Gürcüstanda yaşayan azərbaycanlılar ölkəmizin tarixini
birlikdə yaradırq, bugünkü uğurumuzu yaradırıq, bizi belə bir
sevginin bağlaması böyük xoşbəxtlikdir. Bir daha Novruz bayramınızı
təbrik edirəm, sizə xoşbəxtlik, ailələrinizə firavanlıq arzu
edirəm”, – İrakli Kobaxidze bildirib.

Gürcüstan Xalq Müdafiəçisi Levan İoseliani də tədbirdə çıxış
edib.
“Mən ikinci ildir ki, bu bayramda iştirak edirəm və
görürəm ki, hər il bu bayram daha geniş, daha əyləncəli qeyd
olunur. Daha çox adamlar məni təbrik edir və mən də şəxsən bu
bayramı təbrik edirəm. Bu yalnız bizim azərbaycanlı
həmvətənlərimizin bayramı deyil, bunu artıq bütün Gürcüstan qeyd
edir. Sizə hər şeyin yaxşısını arzu edirəm”, – Levan
İoseliani bildirib.

Marneuli meri Kənan Ömərov da Marneuli sakinlərinin Novruz
bayramını təbrik edib.
“Qeyd edim ki, Marneulidə Novruz bayramının, yazın
gəlişinin belə geniş qeyd olunması artıq ənənəvi haldır. Hamınızı
təbrik edirəm, sizə sülh, inkişaf, uğur və bərəkət arzu
edirəm”.
Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze qeyd edib ki,
Novruz bayramı xalq bayramıdır və Marneulidə hər il geniş şəkildə
qeyd olunur.
“Çox sevinirəm ki, həmişə etnik azərbaycanlılar və
gürcülər, bələdiyyə sakinləri birlikdə bütün xalq bayramlarını qeyd
edirik. Bunlar hamısı bizim qardaşlığımıza, dostluğumuza daha da
güclənməkdə kömək edir. İnanıram ki, birlikdə, bir-birimizə dəstək
olaraq daha yaxşı, bütöv Gürcüstanda yaşamaq üçün mübarizə
aparacağıq”.

Tədbirdə yerli rəssamların əsərləri, əl işləri, şirniyyat
məmulatları, çiçək sərgi-satışı, ənənəvi yeməklərin masterklassı
nümayiş etdirilib. Gürcü güləşi, qol güləşi və oxçuluq üzrə idman
yarışları keçirilib. Tina Nargilə və yerli musiqi qrupları musiqili
nömrələr təqdim ediblər, Duet “Leon” və Vəfa Şərifova ifa edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415