Tbilisidə “Əvvəlcə öldülər, sonra evləndilər” tamaşasının premyerası baş tutub (VİDEO)
22:31 / 22.11.2024
20 noyabr tarixində, Tbilisidə Heydər Əliyev adına Tbilisi Dövlət
Peşəkar Azərbaycan Dram Teatrının hazırladığı “Əvvəlcə öldülər,
sonra evləndilər” tamaşası nümayiş etdirilib.
Premyera Qriboedov adına Dövlət Dram Teatrının kiçik səhnəsində baş
tutub. “Marneuli” radiosuna bu barədə teatrın bədii rəhbəri Turqay
Vəlizadə məlumat verdi.
Onun sözlərinə görə, tamaşada Telman İsfahanlı, Nərmin Həsənova,
Fuad İsfahanlı, Mədinə Həsənova, Esmiralda Məmmədova və Turqay
Vəlizadə iştirak ediblər.
"Rafiel Eristavinin 200 illik yubileyi ilə əlaqədar olaraq
yazıçının "Əvvəlcə öldülər, sonra evləndilər" əsərinin əsasında
hazırlanan tamaşanın premyerası keçirildi. Tamaşa anşlaqla keçdi,
tamaşaçılar tərəfindən yüksək qiymətləndirildi və alqışlarla
qarşılandı. Tamaşa Gürcüstan Respublikasının Mədəniyyət və İdman
Nazirliyinin maddi dəstəyi ilə baş tutdu", – Turqay Vəlizadə
dedi.
Vəlizadənin sözlərinə görə, tamaşa gürcü dilində nümayiş etdirildi
və yaxın gələcəkdə regionlara qastrol səfəri də planlaşdırılır. O,
onu da bildirdi ki, tamaşanın Azərbaycan dilində nümayiş
etdirilməsi də nəzərdə tutulub.
Tamaşa gürcüstanlı yazıçı Rafiel Eristavinin “Əvvəlcə öldülər,
sonra evləndilər” əsərinin əsasında hazırlanıb və komediya
janrındadır.
Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatı Turqay
Vəlizadədir. Tamaşanın rəssamı isə Marika Kvaçadzedir.