24 saatlıq suyun gözləntisində 7 il – Marneulidə içməli su layihəsi nə vaxt başa çatacaq?
Marneuli Bələdiyyəsinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi 6 ildən çoxdur ki, davam edir. Artıq yeddinci ildir ki, Marneuli şəhərinin və Tsereteli, Saimerlo, Norqiuli, Qızılhacılı kəndlərinin əhalisi 24 saatlıq içməli su gözləyir.

Əvvəlki illərdə olduğu kimi, 2025-ci ildə də əhali içməli su layihəsinin yaxın vaxtlarda başa çatdırılacağına dair vəd alıb. Onlar 2021, 2023 və 2024-cü illər
də də oxşar vədlər alıblar, lakin su təchizatı və kanalizasiya layihəsi hələ də başa çatmayıb.

Layihəni Gürcüstanın Birləşmiş Su Təchizatı Şirkəti həyata keçirir. Şirkətin Kvemo Kartli xidmət mərkəzinin rəhbəri Kaxa Çoqoladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Marneulidə su təchizatı və kanalizasiya layihəsi 2025-ci ilin iyulunda başa çatacaq.

“Layihənin yekun tamamlama işləri iyul ayına nəzərdə tutulub. O vaxta qədər Marneuli və ətraf kəndləri mərhələli şəkildə 24 saatlıq su təchizatına keçirəcəyik. Tezliklə Marneuli şəhərinin təxminən 70%-i 24 saat su ilə təmin olunacaq. Qalan xətlər üzrə icazələrin alınması prosesi davam edir ki, bu da müəyyən gecikmələrə səbəb olur. Biz prosesin ləngiməməsi və operativ davam etdirilməsi üçün əlimizdən gələni edirik”, – Çoqoladze bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda Saimerlo, Tsereteli, Böyük və Kiçik Bəylər kəndlərinə 24 saat su veriləcək. Qızılhacılı və Candara kəndlərində müqaviləçi şirkət hələ də işləyir və yalnız işlər yekunlaşdıqdan sonra əhaliyə fasiləsiz içməli su veriləcək.

Marneulidə 24 saatlıq suyun nə vaxt bərpa olunacağı ilə bağlı bəzi Marneuli sakinlərinin məlumatı yoxdur. Onlar illərdir, qazılan küçələrdən, su problemindən narazılıqlarını bildirir, içməli suyun vaxtında veriləcəyinə ümid edirlər.


Yanvarın 25-də Marneuli şəhəri və Qızılhacılı kəndində yeni su təchizatı şəbəkəsinin sınağı keçirilib və bu zaman Marneuli şəhərinin bir neçə küçəsində çatışmazlıqlar aşkar edilib. Çoqoladzenin sözlərinə görə, sınaq günü normal təzyiqlə bütün ərazilərə su verilib, lakin ertəsi gün müəyyən ərazilərdə, xüsusən də köhnə və yeni şəbəkələrin qoşulduğu yerlərdə problemlər yaranıb. Şirkətin əməkdaşları mövcud nöqsanların aradan qaldırılmasını bu həftə başa çatdıracaqlar.

“Problemlər əsasən daxili xətlərinin zədələndiyi köhnə yaşayış binalarındadır. Bizim xidmətimiz bu problemi həll etmək üçün fəal işləyir", – Çoqoladze qeyd edib.

Əhali dəfələrlə layihənin başa çatacağı ilə bağlı vədlər alıb. 25 iyul 2023-cü il tarixində Birləşmiş Su Təchizatı Şirkətinin direktor müavini Quqa Kakabadze “Marneuli” radiosuna 2023-cü ilin avqust-sentyabr aylarında Tsereteli, Saimerlo kəndlərinin yeni su təchizatı şəbəkəsinə qoşulacağını bildirmişdi.

“İyulda fiziki işlər tam başa çatıb, hazırda sınaq mərhələsi davam edir. Köhnə şəbəkələr bağlanacaq və əhali mərhələli şəkildə yeni sistemə keçəcək. Prosesin bir ay davam edəcəyi gözlənilir", – o zaman Kakabadze bildirmişdi.

Lakin Saimerlo və Tsereteli kəndləri hələ də yeni şəbəkəyə qoşulmayıb. Yeni vədə görə, onlar 2025-ci ilin iyul ayına qədər fasiləsiz içməli su almalıdırlar.

2024-cü il iyunun 5-də Quqa Kakabadze yenidən Marneuli sakinlərini əmin etdi ki, 24 saatlıq su təchizatı 2024-cü ilin sonuna kimi həyata keçiriləcək, ancaq bu vəd də yerinə yetirilməyib. Su təchizatı şirkəti yalnız 25 yanvar 2025-ci ildə 24 saatlıq içməli su sınaqlarına başlayıb.

Marneuli meriyası layihəyə münasibət bildirmir. Meriyanın İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirirlər ki, layihə Birləşmiş Su Təchizatı Şirkəti tərəfindən həyata keçirilir və meriya onun təfərrüatlarını açıqlaya bilmir. Buna baxmayaraq, merin birinci müavini Roin Dekanoidze Marneuli Televiziyasına müsahibəsində qeyd edib ki, fevralın sonunadək Saimerlo və Tsereteliyə 24 saat su veriləcək, Marneuli şəhərinə isə içməli su artıq verilib.

Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze də Vahid Milli Hərəkat Partiyasının üzvü Ramil Əhmədovdan küçələrin amortizasiyası ilə bağlı sualına cavab verərkən su təchizatı və kanalizasiya layihəsi barədə danışmışdı. Görünür, Marneuli meriyası layihənin gedişi və tamamlanma tarixlərini yaxşı bilir, ancaq onlarla birbaşa ünsiyyət qurmaq problem olaraq qalır.

Marneuli və onun kəndlərinin su təchizatı, kanalizasiya layihəsinə 2019-cu ildə başlanılıb. Layihə çərçivəsində yollar qazılıb, infrastruktur köhnəlib, ictimai nəqliyyat və şəxsi avtomobillərə ziyan dəyib. İlkin olaraq “Akelik Group” şirkəti layihəni 2021-ci ilin mart ayına qədər başa çatdırmalı idi, lakin şirkət öhdəliklərini yerinə yetirə bilmədi və bu səbəbdən 55 940 022 dollarlıq layihə dayandırıldı.

Su təchizatı şirkəti Türkiyə və Çin şirkətləri ilə yeni müqavilə imzalayıb. İşlər "China Geo - Engineering Corporation" (CGC) və "POLAT Yol Yapı Sanayi və Ticaret Anonim Şirketi" tərəfindən həyata keçirilir.

Layihə Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilir və 135 milyon laridən artıq vəsait xərclənəcək. Onun çərçivəsində yeni su təchizatı şəbəkəsi, nasos stansiyası, su anbarları, yeni kanalizasiya şəbəkəsi, müasir standartlara cavab verən təmizləyici qurğu tikilir.

Layihə başa çatdıqdan sonra Marneuli əhalisi 24 saat su təchizatı və yeni kanalizasiya infrastrukturu ilə təmin edilməlidir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google