Ədalətsizlik şəraitində ümid – Bolnisi yolunda baş vermiş faciə bizə nəyi göstərir?
00:00 / 13.01.2025
Dekabrın 30-a keçən gecə Bolnisi yolunda, Arıxlı (Naxiduri) kəndi
yaxınlığında 11-ci sinif şagirdi Sinan Şərifov və 9-cu sinif
şagirdi Elçin Binnətovu avtomobil vuraraq öldürüb.
Faciənin ardınca qarşıdurma baş verib, xüsusi təyinatlılar və
hüquq-mühafizə orqanlarının əməkdaşları kəndə səfərbər edilib.
Daxili İşlər Nazirliyi Bolnisi Bələdiyyəsinin Naxiduri kəndində
asayişi bu formada təmin edib.
İki uşağın ölümü həmin gün vəziyyətin
gərginləşməsinə səbəb olub.
Camaat əvvəlcə təcili yardım maşınını aşırıb, sonra isə mübahisə
böyüyərək qarşıdurmaya çevrilib. Ailələr hələ də faciə haqqında
danışmaqda çətinlik çəkirlər. Ölənlərdən birinin anası Naz
Bayramova bizimlə söhbəti zamanı bildirdi ki, kənd sakinlərinin
qəzəbinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının hadisə yerinə
gələrək avtomobilin sürücüsünə yardım göstərməsi səbəb olub. O,
“bəlkə də uşaq hələ nəfəs alırdı, hələ də onu xilas etmək mümkün
olardı” deyə düşünür.
“Gürcü, azərbaycanlı və ya başqa etnik mənsubiyyətin
fərqi yoxdur. Əgər vicdanı olsaydı, maşından düşüb kömək edərdi.
Heyvanı vuranda aşağı enirsən ki, bəlkə kömək edəsən, o da adam
vurub, bəlkə oğlum sağ idi, kömək etsəydi, nə olardı? Təcili yardım
maşını gələndə avtomobildə şillə dəymiş iki nəfər təcili yardım
maşınına aparılıb. Kənd sakinləri bilmirmiş, bəlkə oğlanları hələ
də xilas etmək olardı. Sakinlər də qəzəbləniblər ki, bəlkə də
təcili yardım maşınında onları gizlətməmişdən əvvəl yerdə yatanlara
baxardılar. Həmin şəxs azərbaycanlı, svan, rus, ya başqası, hətta
mənim milliyyətim də ola bilərdi, mənim üçün fərqi yoxdur, o,
cəzalandırılmalıdır”.
Dünyasını dəyişmiş 16 yaşlı Sinan Şərifovun anası nüfuzlu şəxslərin
cəzasız qaldığına, sadə vətəndaşların isə müdafiə olunmadığına
inandığından qanuna etimadsızlığını bildirir. O, bildirir ki,
hakimiyyət ancaq hakimiyyətdə olan şəxslərə gəldikdə reaksiya
verir.
"Onların bizə diqqət yetirmələri üçün nə isə bir şey
baş verməlidir, çünki bizim insanların yiyəsi yoxdur. Kiminsə
arxası var, kimisə susdurur, amma mən susmayacağam. Oğlumun işini
sona qədər aparacağam. Prezident eşitsin, haradadır, niyə soruşmur
mənim əsgərim haradadır, niyə torpaqdadır. Qanun hardadır,
narkotikdən istifadə edir, spirtli içki qəbul edir, yüksək sürətlə
maşın sürürlər. Onda belə çıxır ki, arxasında kimsə var, ona görə
cəzalandırılmırlar, qanun onlara şamil edilmir? Mənim dəstək
verəcək kimsəm yoxdur, mən dövlətə güvənirəm, o mənə kömək etməli
deyilmi? Sonra dövlət oğlumu mənə qaytaracaq? O, prezidentin
yaxınıdır, arxası da var. Mən ədalətə inanmıram. Bu ölkədə dəstəyin
olması üçün gərək prezidentin qohumu olasan? Bu adam layiqli
cəzasını alanda ədalətə inanacağam. Hələ ki, nə qanun var, nə də
ədalət. İnsanların müxtəlif problemləri var. Qanun hamıya eyni
gözlə baxmalıdır”, – Naz Bayramova bildirir.
Sosial Ədalət Mərkəzinin Bərabərlik Siyasəti Proqramının rəhbəri
Tamta Mikeladze hesab edir ki, inamsızlıq, təcrid və tərk edilmə
hissləri onların maraqlarının yetərincə qorunmadığı fikrini
gücləndirir və bu cəmiyyət ilə dövlət qurumları arasında əlaqənin
dərinləşməsini daha da çətinləşdirir.
“Bizim Bolnisi rayonunda gördüyümüz və ya əvvəllər
Dmanisi rayonunda gördüyümüz təcrübələr ilk baxışda etnik motivi
olmayan cinayət, yaxud münaqişənin etnik əsas verilərək təcavüz,
zorakılıq nümunəsi, təcrübəsi ola bilər. Bu şübhəsiz ki, hər bir
dövlət məmurunun və ya şəxsin düşünməli olduğu bir məsələdir. Bu
cür təcavüzün əsası olan struktur səbəblər nədir? Mənə görə, fərdi
təcrübələrə bu cür dramatik reaksiyalar, xüsusən də icma daxilində
və ya dövlət ilə icma arasında daha böyük problemlərə işarə edir.
Mənə aydındır ki, Gürcüstanda azərbaycanlılar üçün dövlət
qurumlarına inam baxımından ciddi problem var. Bunun səbəbi
dövlətin məsuliyyətindədir. Biz görürük ki, illərdir, Gürcüstanda
azərbaycanlılar siyasətdə təmsil olunmur, qərarlara təsir edə
bilmirlər. Onların dili yerli səviyyədə tamamilə təcrid olunub, ona
görə də belə bir fikir var ki, dövlət qurumları onları təmsil
etmir, başa düşmür və təbii ki, bu, artıq azlıqlarla dövlət
arasında çox ciddi etimad böhranını göstərir”, –
Tamta Mikeladze bildirir.
Sosial Ədalət Mərkəzinin nümayəndəsinin fikrincə, yadlaşma və
tarixi təcrübələr çoxmədəniyyətli mühitin formalaşması
istiqamətində ciddi problemlər yaradır. Konkret insidentlər başqa
cür qəbul olunsa da, Tamta Mikeladze qeyd edir ki, bütün bunlar
cəmiyyətdaxili münasibətləri çətinləşdirən ciddi struktur
problemlərinə əsaslanır.
“Kvemo Kartli bölgəsində etnik qruplar arasında ortaq
məkanlar və təcrübələr yoxdur. Aralarındakı yadlaşma çox yüksəkdir
və demək olar ki, onlar bir-biri ilə kəsişməyən müxtəlif paralel
məkanlarda yaşayırlar, çox vaxt bu münasibətlər tarixi travmalarla,
bir-birləri haqqında fərqli qavrayışlarla dolu olur. Həmin icmalar
arasında inklüzivlik və çoxmədəniyyətli mühit yaratmaq çətindir.
Buna görə də, üç əsas amil, bir tərəfdən, inamsızlıq və yadlıq,
digər tərəfdən, Kvemo Kartlidə etnik azlıqların təcrid edilməsi,
kifayət qədər təmsil olunmamasının aşkar etnik faktoru, üçüncü
tərəfdən, icmalararası problem, münasibətlər. Bunlar etnik
azlıqları müxtəlif vəziyyətlərdə onların maraqlarına, problemlərinə
məhəl qoymadıqlarını, onların səsinin heç zaman nəzərə
alınmayacağını və bu cür, kollektiv aqressiv fəaliyyətlər ilə
özlərini qoruyacaqlarını hiss etdirir. Ailə üzvləri, qonşular
təcili yardımın hadisə yerinə gələndə uşaqlara lazımi diqqət
göstərmədiklərini, sanki onlara əhəmiyyət vermədiklərini, sürücünü
qorumağa başladıqlarını danışanda biz orada idik. Onun qayğısına
qalmaları yerli əhali arasında bir növ aqressiyaya səbəb oldu. Bu
halları təsdiq və ya təkzib etmək mənim üçün çox çətindir, bunu da
istintaq araşdırmalıdır, amma bu məsələdə əsas odur ki, onların
təsəvvürünə görə, azərbaycanlı olan uşaq dövlət tərəfindən müvafiq
şəkildə qorunmayıb. Avtomobilin aşırılması ilə ifadə edilən bütün
bu təcrübəyə səbəb dövlətdən lazımi qorunmanın olmaması olub,
nəticədə yerli ictimaiyyət çox qəzəblənib və s. Odur ki, bu hallar
real olub-olmamasından asılı olmayaraq bu bölgədə mövcud olan
struktur ədalətsizliklərinə əsaslanır. Bu işdə ədalətin bərqərar
olması, dünyasını dəyişən uşaqların ailələrinin qanunun və məhkəmə
sisteminin onların tərəfində olduğunu görməsi prinsipial əhəmiyyət
kəsb edir. Onlar bilməlidirlər ki, tək deyillər və istintaq,
məhkəmə orqanlarından müvafiq reaksiya
olmalıdır.”
Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Naxiduridə baş verən
faciəyə münasibət bildirib və qeyd edib ki, faciəvi hadisə bir daha
qanunun aliliyi, bərabərlik və yol təhlükəsizliyi kimi problemləri
göstərir. Hüquq müdafiəçisi Samirə Bayramova bizimlə söhbəti zamanı
bildirir ki, bu həmin ərazinin yaxınlığında baş verən ilk yol
qəzası deyil. Yolun bu hissəsində nə küçə işıqları, nə keçidlər, nə
də tramplinlər var.
“Orada dəfələrlə belə hadisələrin baş verdiyini
bildiklərinə baxmayaraq, bununla bağlı heç bir tədbir görülməyib.
Mən bir vətəndaş kimi bu hadisəyə obyektiv qiymət verilməsini
istəyirəm. İki uşaq öldü və bu həqiqətən də ağır faktdır, nə baş
verdiyini, necə baş verdiyini dəqiq bilmirik. Qiymətləndirmə və
araşdırma obyektiv olmalıdır. İkincisi, bu istintaq o qədər şəffaf
olmalıdır ki, sonrakı mərhələdə daha gərginlik yaratmasın. Əhali
cavab gözlədiyini və bu cavab obyektiv olmasa, bunu belə
qoymayacaqlarını deyir. Bu əlbəttə ki, çox narahatedicidir. Hesab
edirəm ki, hər iki tərəf üçün itki olsa da, olmasa da, biz sakit
olmalıyıq və özümüzə müxtəlif yollarla qanunsuz olaraq bəraət
qazandırmağa çalışmamalıyıq. Bu da sonradan yeni problemlərə
gətirib çıxaracaq. Hamımız sakitliklə gözləməliyik və bu məsələyə
heç bir siyasi müdaxilə olmamalıdır. Görək bu proses necə davam
edəcək”, – Samirə Bayramova bildirir.
Son faciədən bir ay keçməsinə baxmayaraq, Naxiduri yaxınlığında
yolun qəzanın baş verdiyi hissəsində heç nə dəyişməyib. Yol
Departamenti təhlükəsizlik nişanlarının quraşdırılmasına
bələdiyyənin müraciəti əsasında reaksiya göstərir. Vətəndaşlar
xəbərdarlıq lövhələrinin quraşdırılması üçün Bolnisi meriyasına
məktubla müraciət ediblər, yoxsa yerli hökumətin təşəbbüsü ilə
müəyyən tədbirlərin görülməsi nəzərdə tutulub? . Bu suallara cavab
vermək üçün bizdən məktubla müraciət etməyimizi istədilər
(Cavabları gözləyirik).
Daxili İşlər Nazirliyinin dekabrın 31-də yayımladığı məlumatda
bildirilir ki, yol-nəqliyyat hadisəsini törətmiş sürücü, 2003-cü il
təvəllüdlü və daha 4 sərnişinin də onunla birlikdə olduğu T.Ç.
axtarılır. Faktla bağlı Cinayət Məcəlləsinin 276-cı, yol hərəkəti
təhlükəsizliyi və ya istismar qaydalarını pozulması maddəsi ilə
araşdırma aparılır. Həmçinin, Cinayət Məcəlləsinin 187, 126 və
353-cü maddələri ilə əmlaka ziyan vurma, polis əməkdaşlarına
müqavimət göstərmə, zorakılıq etmə faktları ilə bağlı araşdırmalar
davam etdirilir.
Ölən şəxslərin ailələrinin vəkili Edda Qocayevanın sözlərinə görə,
hələlik məhkəməyə hazırlıq iclası olmayıb və onlar ekspertizanın
rəyini gözləyirlər.
"Tərəflərin işi araşdırmaq üçün iki ay vaxtı var, biz
hələ bu mərhələdəyik", – Qocayeva bildirir.
Naxiduridə baş verən faciədə 10 nəfər xəsarət alıb.