Marneuli bazarının yaxınlığında, Marneuli Bələdiyyəs ərazisindən
keçən Algeti çayının sahili çirklənib.
Çay kənarında plastik, sellofan torbalar, şüşə, plastik butulkalar,
işlənmiş uşaq bezləri, heyvan qalıqları, kimyəvi, bioloji
tullantılar, digər məişət, tikinti tullantılarına rast gəlmək
olar.
Algeti çayı Tetritskarodan başlayır, sonra Marneuliyə axır və
Kosalı kəndi yaxınlığında Kür çayı ilə birləşir.
Algeti çayının sahili aylardır çirklənir və
heç kim ərazini
təmizləmir. “Marneuli” radiosu çayın təmizlənməsinə kimin cavabdeh
olduğunu araşdırdı.
Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsindən bizə
dəfələrlə bildirdilər ki, Marneuli meriyası Algeti çayı sahilinin
təmizlənməsinə görə məsuliyyət daşımır. Bələdiyyə Məclisi hətta
Algeti çayının sahilini təmizləmək üçün hansı qurumun səlahiyyət
daşıdığını da bildirməyib.
“Çay sahilinin təmizlənməsi bizim səlahiyyətimizə aid
deyil”, – deyə Marneuli meriyasından bizə
bildirdilər.
Gürcüstan Meliorasiyasından “Marneuli” radiosuna bildirilib ki,
Algeti çayı onların balansında deyil, ona görə də onlar da çayın
sahilini təmizləyə bilməyəcəklər.
Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi,
onun tabeliyində olan Ətraf Mühitə Nəzarət Departamentindən də bizə
bildirdilər ki, onlar çay sahilinin təmizlənməsinə cavabdeh
deyillər.
Ekoloji Nəzarət Departamenti bizə izah etdi ki, onlar yalnız qanun
pozuntularına və ətraf mühitin çirklənməsinə nəzarət edirlər,
çirklənmiş əraziləri təmizləməklə məşğul olmurlar. İdarədən bizə
onu da bildirdilər ki, Marneulidən axan Algeti çayının sahillərinin
təmizlənməsinə görə məsuliyyəti yerli özünüidarə daşıyır. Bu halda
məsuliyyət Marneuli meriyasının üzərinə düşür.
Tullantıların İdarə Olunması Məcəlləsinin 8-ci maddəsinə əsasən,
həmin ərazi xüsusi mülkiyyətdə olmadığı halda, bələdiyyə ərazisi
olduğuna görə məsuliyyət bələdiyyənin üzərinə düşür.
Marneuli meriyası öz vəzifəsini nəzərə almalı, müvafiq vəsait
ayırmalı, Algeti çayının çirklənmiş sahillərini təmizləməlidir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415