Marneulidə Tasua yürüşü – din və siyasət eyni məkanda
Hər il Marneulidə Tasua, yəni matəm yürüşü keçirilir. Yürüşdə müsəlman şiələr iştirak edirlər və 680-ci ildə bugünkü İraqın ərazisində, Kərbəla şəhərində mübarizə meydanında qətlə yetirilən İmam Hüseyni yad edirlər. Qara geyinmiş möminlər yürüş zamanı əlləri ilə sinələrinə döyərək ürək ağrılarını göstərir, İmam Hüseyn və digər 72 nəfərə hörmət əlaməti olaraq mərsiyə oxuyurlar.

Marneulidə ənənəvi olaraq qara
geyimli mömin qadınlar və kişilər dini yürüşə Əhli Beyt Cəmiyyətinin ərazisindən başlayır və İmam Əli məscidinin (Qırmızı məscid) yanında başa vururlar. Ötən illərdə bu yürüşə əksər hallarda hakim partiyanın nümayəndələri, eləcə də yerli hakimiyyət üzvləri, merlər, etnik azərbaycanlı deputatlar da qoşulurdular. Ancaq bu il onlar nəinki ön sırada dayanırdılar, ümumiyyətlə yürüşdə iştirak etmirdilər. Yalnız yerli, müxalif yönümlü partiya nümayəndələri istisna idi.

Son dövrdə ruhani şəxslər tez-tez hakim partiya nümayəndələrini yerli sakinlərin infrastruktur problemlərini həll etmədiklərinə, eləcə də dini birliklərə qarşı ayrı-seçkiliklə yanaşmalarına görə tənqid edirlər. Güman ki, bu ilki yürüşdə hakim partiya nümayəndələrinin iştirak etməməsinin səbəbi də məhz budur.

Son illər ərzində ictimaiyyətin diqqətini Marneulidə həyata keçirilən genişmiqyaslı dini yürüş deyil, daha çox yürüş zamanı əksər hallarda eşidilən siyasi çıxışlar cəlb edir. Bu isə Gürcüstanın xarici kursunun son dövrdəki dəyşiklikləri ilə əlaqədardır. Ağırlaşmış hərbi vəziyyəti dini ayinlərə uzaqdan daha siyasi abı-hava qatır.

Genişmiqyaslı Tasua yürüşü yerli dini təşkilatlar tərəfindən siyasi poliqon olaraq istifadə olunurmu? Onlar Ayətullahın çap olunmuş şəkilləri və Trampın qanlı fotoları ilə Məhəmməd peyğəmbərin nəvəsinin ölümünə görə keçirilən matəm mərasimi barədə nə deyirlər?

Bu ilki yürüşdə nələr ortaya çıxdı?

Yürüş zamanı vətəndaşlar əllərində müxtəlif banerlər və bayraqlar – o cümlədən Fələstin bayrağı tuturdular. Yürüş iştirakçılarının əllərində tutduqları banerlərdən birində İsrailin baş naziri Benyamin Netanyahi ilə ABŞ prezidenti Doland Tramp əlləri qanlı şəkildə təsvir olunumuşdu. Onların arasında əlində Qəzza bölgəsinin bombardman edilməsi nəticəsində xəsarət almış uşaq tutan kişi şəkli də var idi. Banerdə “uşaqların qətlini dayandırın” yazısını yazılmışdı.

Dindarların bir qismi dəstək məqsədilə əlində İranın dini lideri Ayətullah Əli Xameneyinin fotolarını tuturdular.

Tasua yürüşündə şiə dini liderləri, həmçinin, İmam Əli məscidinin axundu Hacı Hacıyev də iştirak edirdi.

İmam Əli məscidinin axundu Hacı Hacıyevdən yürüşdə niyə başqa ölkələrin bayraqlarının və İranın dini lderinin fotolarının olduğu barədə soruşduq. Hacıyev cavab olaraq qeyd etdi ki, Fələstin bayraqları əhalinin dəstəyini göstərir.


Marneulidə dini yürüş zamanı qarşıdurma: Şeyx Faiq Nəbiyevin qovulması

İctimiyyət üçün az görünən, lakin mühüm hadisə baş verdi. 2024-cü ilin dekabr ayında Müsəlmanlar İdarəsinin rəhbərliyinə seçilmiş şeyx Faiq Nəbiyev Tasua yürüşündə iştirak etmək üçün Marneuliyə gəlib.

Yerli İmam Əli məscidinin ruhani şəxsləri onun Dini Məsələlər üzrə Dövlət Agentliyi tərəfindən təyin olunduğunu deyirdilər və onunla əməkdaşlıq etməyi düşünmürdülər. Nəbiyev artıq bir dəfə Marneulidən qovulmuşdu. Bu il də dindarların bir qismi “canlı zəncir” yaratdı və Faiq Nəbiyevi ümumi yürüşdən uzaqlaşdırdı. Buna görə də o, prosesdən çıxdı.

Bu hadisəyə Marneuli siyasətçi Əhməd İmamquliyev münasibət bildirir. O, Faiq Nəbiyevə həsr edilmiş plakatla çıxıb, plakatda yazılıb: “Zəmanənin Yezidi zalımların təyin etdiyi şeyxlərdir”.

İmam Əli məscidinin axundu Hacı Hacıyev bildirib: “Tasua yürüşünə heç kim dəvət olunmur. Tasua yürüşündə idarənin düzgün təsis olunmadığına görə etiraz olundu. Hər bir kəs fikir azadlığına sahibdir”.

Bu hadisə bir daha Bütün Gürcüstan Müsəlmanlar İdarəsi və yerli möminlər arasında gərginliyi diqqətə yetirir. Bu isə mübahisənin siyasi kontekstini daha da gücləndirir.

İmamquliyev bizimlə söhbəti zamanı bildirdi ki, o, Gürcüstanda heç bir rəsmi təyin olunan, “şeyx”, “müfti”, “axund” statusu olan şəxsləri müsəlmanların dini lideri olaraq tanımır. O, qeyd edir ki, həmin şəxslər xalq tərəfindən seçilməyib və dövlət qurumları tərəfindən təyin olunublar.

“Deyirsiniz ki, tasua günü belə bir plakatın qaldırılması nə qədər doğru idi. Bəli mən deyirəm ki, doğrudur. Çünki məhz elə bu günlərin qəhrəmanı, şəhid olan Həzrəti İmam Hüseyn əleyhissalamın ideologiyası ondan ibarət idi ki, zalımlara qarşı çıxmaq, zalımlarla mübarizə etmək, canınız bahasına olsa belə zalımın qarşısında əyilməməkdir. Mənim də qaldırdığım plakatdakı şüar elə o məqsədə xidmət edirdi ki, zalımları pisləyirdim, zalımların təyin etdiyi – yəni zalımların qarşısında baş əydiyi dırnaq arası şeyxləri pisləyirdim.

Mən ümumi fikrimi yazmışdım və bu fikrim bütün hər kəsə açıq aydın çatdı və hər kəs bildi ki, sən demə Gürcüstanda da zalımlar tərəfindən təyin olunmuş şeyxlər var imiş. Nə xoş mənim halıma ki, mənim mesajım məqsədə uyğun idi və həqiqəti əks etdirirdi”, – Əhməd İmamquliyev bildirir.

Təəssüf ki, Faiq Nəbiyevin mövqeyini öyrənə bilmədik. O, bizim zəng və mesajlarımıza cavab vermir. Ona görə də mövcud gərgin fon haqqında onun mövqeyini aydınlaşdıra bilmədik.

Dini yürüş zamanı siyasi məzmunlu çıxışların edilməsi və Fələstin bayrağı, İranın dini liderinin şəkilləri ilə yürüş keçirilməsi ilə bağlı Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin şeyxi Mirtağı Əsədova da sual ünvanladıq. Əsədovun sözlərinə görə, möminlər sülh və uşaqların qətli haqqında çağırışı bu formada ediblər.

Mirtağı Əsədov kimdir?
Seyid Mirtağı Əsədov Ümum Gürcüstan Müsəlmanlar Ali Dini İdarəsinin sədridir. O, müsəlman icması üçün dini özünüidarə və hüquq bərabərliyinin qorunması prosesində mərkəzi fiqurlardan biri olub. Əsədov dövlət tərəfindən dəstəklənən dini idarə ilə mübarizə aparırdı, həmçinin, şeyx statusunun müəyyən edilməsi məsələsində. O, dini birliklərin büdcədən maliyyələşdirməsi sahəsində ayrı-seçkiliyə görə Marneuli bələdiyyəsinə qarşı da məhkəməyə müraciət etmişdi. Son illər ərzində Əsədov fəallıq etmir.

“Orada İran bayrağı yox idi, mən görmədim. Fələstin bayrağı idi. Fələstin bayrağının qaldırılması da Fələstin dövlətinin yaranmasının tərəfdarlığının nümayişi idi. İsrail tərəfindən Fələstinlilərin torpağı gündən-günə işğal olunar, əllərindən alınaraq mənimsənilir. Buna etiraz da normaldır. Ayətullah Seyid Əli Xameneyinin şəkilləri də qaldırılmışdı. Bildiyimiz kimi İsrail tərəfindən Xameneyinin həyatına öldürülmə təhdidi olduğu üçün bütün dünya müsəlmanları ona dəstək aksiyası keçirdilər. Xameneyi siyasi rəhbərdən əlavə, bir mənəvi liderdir”, – Mirtağı Əsədov bildirir.

Əsədovun sözlərinə görə, Tasua yürüşü açıqdır və orada hər kəs iştirak edə bilər. O, yürüşə hakimiyyət nümayəndələrinin qoşulmadığına görə təəssüflənir.

Sosial Ədalət Mərkəzinin həmtəsisçisi və direktoru Tamta Mikeladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Tasua yürüşü orada səsləndirilən fikirlərə görə sosial şəbəkələrdə, ictimaiyyətin fəal, tənqidi müzakirələrinə səbəb olub. O, hesab edir ki, konkret dini qrupların çıxışı məsələləri barədə fikir bildirən zaman ehtiyatlı olmaq lazımdır. O, gürcü cəmiyyətində Tasua yürüşü ilə əlaqədar neqativ yanaşmaya səbəb olan məsələləri diqqətə yetirir.

“Müəyyən dərəcədə, Tasua Qurban Bayramı və Ramazan Bayramı kimi digər müsəlman bayramlarından fərqli olaraq, gürcü mədəniyyətinin nəzərində əhəmiyyətli bir tarix kimi daha az mərkəzi yer tutur. Demək olar ki, üstünlük təşkil edən perspektiv, mədəniyyət perspektivi Ramazan və Qurban bayramlarının qeyd olunmasına alışıb. Lakin bu tədbir mədəni baxımdan az paylaşılır. İlk növbədə nəzərə almalıyıq ki, bu həmin hadisəyə qarşı mədəni yadlaşmadır və həmişə yadlaşmaya səbəb olacaq bir amildir”, – Tamta Mikeladze bildirir.

Sosial Ədalət Mərkəzinin direktorunun sözlərinə görə, müsəlman icmasında Fələstin soyqırımına münasibətin yüksək olması təəccüblü deyil. Ayətullahın plakatları, İsrail və ABŞ haqqında çıxışlar, güman ki İsrail-İran münaqişəsi ilə əlaqədardır.

“Hər şeyi birlikdə götürsək, bu yürüş gürcü cəmiyyətindən mədəni yadlaşma və onun estetikasına uyğunlaşmamaqdır. Digər tərəfdən, Fələstin məsələsi, dominant perspektivi cəmiyyətimizdə kifayət qədər problemlidir və biz insanlığa qarşı cinayətləri görmürük. İran və İsrail arasında qızğın qarşıdurma və onun yerli dini liderlərə köçürülməsi, baş verdiyi kimi. Ümumilikdə, bu həmin hadisəyə qarşı faciəvi mənzərə yaradır. Məncə, bu dağılmalı və təhlil edilməlidir”, – Tamta Mikeladze bildirdi.

Tamta Mikeladzenin fikrincə, cəmiyyətin bir hissəsində və ya liderlər arasında Qərbə qarşı əhval-ruhiyyə var və bunun səbəbi dövlət institutlarının, müxalifətin, bu icmaların bu mövzularda işləməməsidir. O, bildirir ki, strukturlar cəmiyyətin Avropa və Qərbin inkişaf prosesini qəbul etməsini gücləndirmək üçün yetərincə işləmir və bu müxtəlif tədqiqatlardan da görünür.

Sosial Ədalət Mərkəzinin rəhbərinin fikrincə, mövcud problemlərin həlli o halda mümkün olacaq ki, Gürcüstanda azərbaycandilli icma üçün güclü informasiya, təhsil və inteqrasiya siyasəti olsun.

“Liderlərlə bağlı deyərdim ki, Gürcüstan hökuməti bu liderlərin İran və ya digər dövlətlərlə əməkdaşlığına çoxdan göz yumub və onları daha da dəstəkləyir. Gürcüstanda İslamın inkişafına dəstək vermək və müasir, tənqidi təlimlərə, yerli biliklərə , təcrübələrə əsaslanan yerli İslam təhsili mərkəzlərinin olması əvəzinə, İslam qruplarının, onların təhsil strukturlarında mövcud olan bu kursun təsiri altına düşməsək bu problemlər də olmazdı”, – Tamta Mikeladze bildirdi.

Mikeladzenin sözlərinə görə, problem ondan ibarətdir ki, bəzi vətəndaşlar bizdə olan avropalaşma və demokratikləşmə trayektoriyası ilə razılaşmaya bilərlər. Bu dövlətin və siyasi elitanın öhdəliyidir.

Xatırladaq ki, Tasua yürüşü hər il Məhərrəm ayında keçirilir. Məhərrəm ayı müsəlman təqvimində ilin ilk ayıdır. Məhərrəm ayı matəm dövrüdür və hicri-qəməri (ay) təqvimi ilə qeyd olunur – günəş təqvimində 365, ay təqvimində isə 355 gün olduğundan, Tasua yürüşünün keçirildiyi gün günəş təqvimi ilə hər il dəyişir. Məhərrəm ayının ilk 10 günü matəm günləridir, 9-cu günü isə Tasua yürüşü keçirilir. Bu gün müsəlmanlar 72 şəhid şiəni yad edirlər. Onların arasında şiələrin imamı – Hüseyn də var. O, 680-ci ildə indiki İraq ərazisindəki kiçik Kərbəla şəhərində döyüş meydanında şəhid olub.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google