İnsaf Əliyevin işi - vicdan məhbusunu niyə həbs ediblər və Prokuorluğun hansı dəlili var
16:14 / 08.08.2025
4 avqust 2025-ci il
12:03 – 4 yaşlı Amelia və 1 yaş yarımlıq Əli
məhkəmə dəhlizində ataları ilə görüşməyi gözləyirlər.
Vicdan məhbuslarının ailə üzvləri arasında ora-bura qaçır, oynayır,
sonra yenə analarının yanına qayıdırlar.
Əli və Amelia İnsaf Əliyevin övladlarıdır. İnsaf 4 dekabrda
aksiyalarda iştirak etdiyinə görə saxlanılıb.
12:20 – Tbilisi Şəhər Məhkəməsinin birinci zalının
qapısı
açıldı. Vicdan məhbuslarının iclasında iştirak etmək
istəyənlər sürətli addımlarla zala tərəf irəliləyirlər. İnsafın
həyat yoldaşı yaş yarımlıq Əlini qucağına götürüb, digər əli ilə 4
yaşlı Ameliyanın əlindən tutaraq məhkəmə zalına doğru qaçır.
12:22 – İnsafın ailəsi məhkəmə zalına daxil olur.
İnsaf, daha 7 nəfər vicdan məhbusu və hakim Tamar Mçedlişvili artıq
zalda əyləşiblər. İnsaf övladları, həyat yoldaşı və atası ilə
məhbus oturacağından danışır. Uşaqlarla uzaqdan oynayır, əlini
uzadaraq onları qucaqlamağa çalışır. Lakin mandaturlar toxunmağa
icazə vermirlər.
İnsaf uşaqlarını 10 dəqiqə görə bilir. Sonra Əli və Amelia məhkəmə
zalından çıxarılır.
İnsaf Əliyevin ailəsi məhkəmə iclasları zamanı ictimai çıxışlardan
çəkinir. Onun həyat yoldaşı və atası indiki mərhələdə şərh
verməkdən imtina edirlər.
İclas başlayır. 8
nəfər vicdan məhbusunun işi üzrə əsas müstəntiq Arsen Xunaşvili
dindirilib.
Müstəntiqə İnsaf Əliyevin vəkili Ayhan Həsənli də suallar
ünvanlayır. O, soruşur ki, zərərçəkənlərdən hansısa İnsaf Əliyevin
ona ziyan vurduğunu qeyd edirmi? Müstəntiqin sözlərinə görə,
şahidlər hər hansı müttəhimin onlara ziyan vurmasını istisna
etmirlər.
İttiham tərəfinin açıqlamasına görə, İnsaf Əliyev saxlanılanlardan
biri və mütəşəkkil zorakılığın təşkilində ittiham olunan Zviad
Tsetsxladzenin müraciətini dinləyib və bundan sonra həmin
zorakılığa qoşulub.
Həsənli həmçinin soruşur ki, əgər şəxs gürcü dilini bilmirsə, Zviad
Tsetsxladzenin videosunu necə başa düşə bilərdi? Müstəntiq cavab
verir ki, dil bilmirsə, başa düşə bilməzdi. Amma ola bilsin ki,
kimsə tərcümə edib.
Vəkilin sual verdiyi videonu müstəntiq məhkəmə zalında izləyir,
sonra müdafiə və ittiham tərəflərinin suallarına cavab verir.
Prokurorluq əvvəlcə dəlil kimi səssiz video təqdim edib və iddia
edirdi ki, bu görüntülərdə Zviad Tsetsxladze digər müttəhimləri
zorakılığa çağırır.
Səssiz video müstəntiq və prokurorluq tərəfindən məhkəməyə təqdim
edilib. 4 avqust tarixində keçirilən iclasda müstəntiq artıq səsli
videonu gətirib, öz kompüterində qulaqlıqlarla dinləyib və sonra
suallara cavab verib.
8 nəfərin işində 3 müttəhim – Zviad Tsetsxladze, Vepxia
Kasradze və Vasil Katselaşvili – qrup zorakılığının təşkilində,
digər 5 nəfər – Nikoloz Cavaxişvili, Tornike Qoşadze, İrakli
Mininoşvili, Qiorqi Qorqadze və İnsaf Əliyev – qrup zorakılığında
iştirak etməkdə ittiham olunurlar.
Vəkil Ayhan Həsənli “Marneuli” radiosuna bildirib ki, ittiham
tərəfinin təqdim etdiyi heç bir dəlil İnsaf Əliyevin zorakılıq
törətdiyini, xüsusilə də qrup zorakılığında iştirak etdiyini
təsdiqləmir:
“İnsaf həm müdafiə hüququndan, həm də məhkəmə
prosesinin aparıldığı dili bilmədiyi üçün tərcüməçi hüququndan
istifadə edir. Buna görə də fiziki olaraq hər hansı ünsiyyət mümkün
deyildi. Ümumiyyətlə, İnsaf digər təqsirləndirilən şəxsləri
tanımırdı, onlar arasında heç bir əlaqə yox idi. İttiham tərəfinin
əsas dəlili sayılan video da İnsafın kimləsə əlaqə saxladığını və
ya danışdığını təsdiqləmir. Dövlət dilində danışmadığını nəzərə
alsaq, onun kimləsə əlaqə qurması mümkün deyildi. Hətta danışa
bilsəydi belə, bu adamları tanımadığı üçün ünsiyyət qura
bilməyəcəkdi.”
Avqustun 4-də ittiham tərəfi 8 vicdan məhbusunun işi üzrə
dəlillərin tədqiqini başa çatdırıb. İndi müdafiə tərəfi şahidlərini
dindirəcək və dəlilləri araşdıracaq.
Həmin gün etnik azərbaycanlı fəallar İnsafa dəstək üçün Tbilisi
Şəhər Məhkəməsinin qarşısında toplaşıblar.
Fəallar bildirirlər ki, İnsaf rayondan olduğu üçün gürcü dilini,
eləcə də ailəsinin gürcü dilini bilməməsi səbəbindən onun vicdan
məhbusu kimi səsi eşidilmir. Onlar məhkəməyə İnsafa dəstək
olduqlarını çatdırmaq və onun səsini daha geniş auditoriyaya yaymaq
məqsədilə gəldiklərini deyirlər.
Fəallar hesab edirlər ki, İnsaf qanunsuz olaraq saxlanılıb və bu,
etnik azlıqların nümayəndələrini qorxutmaq məqsədi daşıyıb. Vəkil
Ayhan Həsənli də eyni fikirdədir:
“Noyabrın 28-də baş nazirin çıxışından sonra İnsaf
Əliyev də əksər Gürcüstan vətəndaşları kimi mitinqə çıxıb və
iştirak edib. O, ölkədə baş verən konstitusiyaya zidd hadisələrə
etirazını bildirib. Buna görə də ona qarşı cinayət işi
başlanıb.”
İnsaf Əliyev, Vasil Kadzelaşvili, Vepxia Kasradze, Zviad
Tsetsxladze, İrakli Miminoşvili, Qiorqi Qorqadze, Nikoloz
Cavaxişvili və Tornike Qoşadzenin saxlanması beynəlxalq və yerli
təşkilatlar, həmçinin diplomatik korpus nümayəndələri tərəfindən
siyasi motivli iş kimi qiymətləndirilir.
“Beynəlxalq Şəffaflıq – Gürcüstan” təşkilatı yazır ki, İnsaf
Əliyevin ittihamı milli azlıqlara verilən siqnal ola bilər:
“Müttəhimlərin profilləri bizə güman etməyə əsas verir
ki, onların hamısının olmasa da, bir çoxunun həbsi və ittiham
olunması ictimaiyyəti qorxutmaq, konkret qruplarda etirazları
dayandırmaq məqsədinə xidmət edir. Məsələn, bu şəxslərin
həbslərindən əvvəl aksiyalarda əsasən tələbə qrupları diqqət
çəkirdi və bu, etirazlara qarşı həmrəylik hissini artırırdı.
Lelonun üzvləri – Kasradze və Kadzelaşvilinin həbsi siyasi
partiyalara göndərilən mesajdır. İnsaf Əliyevin ittihamı isə milli
azlıqlara bir siqnal ola bilər.”
Təşkilata görə, iş siyasi motivlidir və adekvat sübutlar yoxdur.
Belə ki:
İttiham tərəfi İnsaf Əliyevin “qrup zorakılığı”nda
iştirakını sübut edəcək kifayət qədər dəlil təqdim
etməyib;
Onun zorakı hərəkətlərini göstərən heç bir video və ya
aydın dəlil yoxdur;
Hakimiyyət tərəfindən etiraz iştirakçılarını qorxutmaq
üçün tez-tez istifadə olunan 225-ci maddədən istifadə
edilib;
Cinayət təqibi ictimai fəallara təzyiq vasitəsi kimi
tətbiq olunur.
İnsaf və daha 7 vicdan məhbusunun işi FIDH (Beynəlxalq İnsan
Haqları Federasiyası), OMCT (İşgəncələrə Qarşı Ümumdünya
Təşkilatı), Human Rights House Foundation (HRHF) və digər
beynəlxalq təşkilatlar tərəfindən izlənilir və siyasi motivli hesab
olunur.
İnsaf 8 aydır ki, istintaq təcridxanasındadır. Onun vəkili Ayhan
Həsənlinin sözlərinə görə, hakim vicdan məhbuslarının həbsdə
qalması üçün prosesi yaxın bir ay ərzində yekunlaşdırmaq və hökm
çıxarmaq istəyir. Gürcüstan qanunlarına görə, məhkəməyəqədər həbs
müddəti maksimum 9 aydır.
2024-cü ilin noyabr-dekabr aylarında “Gürcü Arzusu”nun Qərb
strukturlarına inteqrasiyasının dayandırılmasına etiraz edən
mitinqlərdə iştirak etdiklərinə görə onlarla insan həbs edilib.
İttiham tərəfi həmçinin İnsaf Əliyev və digər 7 vicdan məhbusunun
işi ilə oxşar olan 11 vicdan məhbusunun işi üzrə şahidlərin
dindirilməsini də başa çatdırıb.
Hazırda Gürcüstanda 50-dən çox vicdan məhbusu var.
Jurnalist və media meneceri, “Batumelebi” və “Netgazeti”nin
təsisçisi, direktoru Mzia Amağlobeli 2 il müddətinə azadlıqdan
məhrum edilib.