Marixuananın becərilməsi-satılması qanun layihəsi ilə əlaqədar
olaraq Gürcüstan sakinləri və siyasi subyektlər əsasən ikili
münasibət göstərirlər.
Sakinlər və siyasətçilərin bir hissəsi hesab edir ki, marixuananın
becərilib-satılması Gürcüstan iqtisadiyyatı üçün yaxşı nəticələr
verəcək və buna görə də bu təşəbbüsü müsbət dəyərləndirirlər.
Yayılmış digər fikrə görə isə, Gürcüstan becərmə-satma prosesini
səmərəli şəkildə həyata keçirə bilməyəcək və ölkə daxilində
marixuanadan istifadə hiss olunacaq dərəcədə artacaq.
“Marneuli” radiosu marixuananın becərilib-satılmasının
qanuniləşdirilməsini nəzərdə tutan yeni qanun layihəsi ilə bağlı
Marneuli sakinlərinin nə düşündüyünü müəyyənləşdirməyə çalışdı.
Onu da bildirək ki, NDİ-ın apardığı sorğuya əsasən əhalinin 74%
marixuananın qanuniləşməsini dəstəkləmir, 18% dəstəkləyir, 8%-i isə
bu haqda bilmir. Tədqiqat işləri 23 iyun-8 iyul dövründə Gürcüstan
miqyasında gürcü, erməni və azərbaycan dilli əhali arasında (işğal
edilmiş ərazilər istisna olmaqla) 2,409 nəfər arasında
aparılıb.
Marixuananın becərilib-satılması məsələsinə Pravoslav və İslam
ruhaniləri də etiraz edirlər.
Gürcüstan Katolik Patriarxı marixuananın tibbi məqsədlərlə
becərilməsi-satılması qanununun qəbul edilməsinə açıq şəkildə mənfi
münasibət bildirib. Qanun layihəsinə Bütün Gürcüstan Müsəlmanlar
İdarəsinin şeyxi Ramin İgidov da mənfi dəyərləndirib.
Baş nazir Mamuka Baxtadze 12 sentyabr tarixində hökumət iclasının
başlanmasınadək qeyd etmişdi ki, ölkə rəhbərliyi marixuananın
istifadəsini tənzimləyəcək qanun layihəsi üzərində işləyir.
Marixuananın tibbi məqsədlərlə becərilməsinin qanuniləşdirilməsi də
bu qanun layihəsinə daxildir.