Əsas ərzaq məhsullarının qiymətləri dəyişməyib və ya cüzi məbləğdə bahalaşıb – nazir müavini
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı nazirinin birinci müavini Qiorqi Xanişvili hesab edir ki, konkret məhsul qruplarında qiymət artımına təzə yetişən meyvə və tərəvəzlər səbəb olub, çünki bir qayda olaraq, aylıq inflyasiyaya öz təsirini göstərir. Nazir müavini Gürcüstanın Milli Statistika Xidmətinin mayın 4-də yayımladığı Gürcüstanda ərzaq məhsullarının qiymətinin bahalaşması haqqında olan məlumatla bağlı öz fikrini bildirib.

Xanişvili həmçinin, hökumət tərəfindən bir neçə ərzaq məhsulunun qiymətinin artmaması üçün həyata keçirilən subsidiya haqqında da danışıb. Onun sözlərinə görə, subsidiya vasitəsilə istehlakçı səbətinin əsas məhsullarına aid olan ərzaqların qiyməti dəyişməyib və ya cüzi məbləğdə artıb.

“Hökumət cəmiyyətin ən imkansız təbəqələri üçün ən əhəmiyyətli və ən çox tələbat olan məhsul qrupuna qiymət siyasətini sığortaladı. Müvafiq olaraq, demək olar ki, mümkündür ki, bir tərəfdən üzdə inflyasiya prosesinin artması görünsün, amma ikinci tərəfdən, Gürcüstan əhalisinin ən çox istifadə etdiyi məhsulların qiyməti qorunub saxlandı və ya cüzi məbləğdə artdı”, –Xanişvili deyir.

Xanişvili bölgələrdən aqrar məhsulların nəql edilməsi probleminə də toxunur və qeyd edir ki, “başlanğıc mərhələdə” Marneulidə problem yarandı. Bir neçə həftə əvvəl Marneuli bələdiyyəsinin kənd əhalisi fövqəladə vəziyyət şəraitində aksiya keçirdi. Tələb edirdilər ki, onlara yetişdirdikləri məhsulun (əsasən xiyarın) maşınlarla çıxarılmasına imkan yaradılsın. Vətəndaşların bildirdiyinə görə, tonlarla xiyar məhsulu evlərində xarab olurdu, çünki hökumət bağlanmış bələdiyyədən maşınlarla çıxarmağa imkan vermirdi.

“Karantinin əvvəlində Marneulidə müəyyən emosional münasibət var idi ki, guya maşınlar daxil ola bilmirdi, amma bu gün 200-dən artıq maşın daxil olur və hər gün oradan məhsulu çıxarır ki, bu da daha sonra ölkə miqyasında müxtəlif bazarlara gedib çatır”, – nazir müavini deyir.

Milli Statistika Xidmətinin verdiyi məlumata görə, 2020-ci ilin aprel ayında inflyasiya 6.9% olub. Keçən ayda qiymətlər aşağıdakı alt qruplarda bahalaşıb: meyvə və üzüm (17.7%), tərəvəz və giləmeyvələr (7.1%), balıq məhsulları (6.2%), qəhvə, çay və kakao (4.4%), şəkər, mürəbbə və digər şirniyyatlar (3%), çörək və un məmulatları (1.6%), ət və ət məhsulları (1.2%), duru yağ və yağ (0.9%).

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google