Meriya fiziki imkanları məhdud şəxslərə verilmiş vədin yerinə yetirilməməsinə pandemiya ilə bəraət qazandırır
00:00 / 13.01.2021
Marneulidə yaşayan görmə qüsurluların bu gün bələdçisi olmalı idi.
Eşitmə qüsurlular tərcüməçi xidmətindən yararlanmalı və fiziki
imkanları məhdud şəxslərin yaşayış yerinin adaptasiyasına
başlanılmalı idi.
Misal üçün, meriya “İşıqlı otaq” layihəsi çərçivəsində əlil
arabasıdan istifadə edənlərin evində pandus düzəltdirməli idi.
Marneuli meriyası və Fiziki İmkanları Məhdud Şəxslər Şurası bununla
bağlı bir il əvvəl razılığa gəlmişdilər. Keçmiş mer, Zaur Darğallı
bunu 2020-ci ilin yanvar ayında Marneuli bələdiyyəsində sosial
proqramların təqdimatı zamanı təqdim etmişdi. Şura öz növbəsində
qeyd olunan üç məqsədi müəyyənləşdirmişdi və meriya onları tamamilə
dəstəkləmişdi. Layihə yerli büdcədən maliyyələşməli idi. Perspektiv
möhtəşəm görünürdü – reallıq isə bunun tam əksidir.
Hüseyn Qəmbərov eşitmə qüsurludur. O, Marneulidə yaşayır. Yeganə
gəlir yeri sosial yardım və fiziki imkanları məhdud şəxslərə
verilən təqaüddür. Pandemiyaya qədər və elə indi də vəziyyət
belədir. Ancaq koronavirus yayılana qədər o, Eşitmə Qüsurlular
Birliyinin köməyi ilə şəxsi problemlərini həll edə bilirmiş.
Pandemiya bu imkanı da onun əlindən alıb. Bələdiyyədə yaradılacaq
üç əsas xidmət arasında tərcüməçi xidməti də var idi. Hüseyn
Qəmbərov həmin vədin verilməsindən demək olar bir il sonra
Marneulinin karantin zonası elan edilməsi dövründə tibbi xidmətdən
də yararlana bilməyib.
“Marneuli bağlananda heç bir məlumatım yox idi. Heç kim
mənə heç nə bildirmədi. Əməliyyat olunmuşdum və həmin vaxt
sarğılarım dəyişdirilməli idi. Heç yerə gedə bilmirdim, çox ağrım
var idi. Yenə də evdə qalırdım. Sonra Marneuliyə gedə bildim, ancaq
məni həkimin yanına buraxmadılar. Olmaz dedilər. Mən də heç nə başa
sala bilmirdim və ağrıya dözməli oldum.”
Eşitmə Qüsurlular Birliyinin tərcüməçisi Ema Ospenko da Hüseyn
Qəmbərovun sözlərini təsdiqləyir. O, pandemiyanın əsas problemi
olaraq məlumat çatışmamazlığını qeyd edir və bildirir ki,
benefisiarlar karantinə görə yaranmış çətinliklərdən güclə çıxa
biliblər. Marneuli Eşitmə Qüsurlular Birliyi pandemiyaya qədər
həftədə iki dəfə görüşlər keçirirdi. Benefisiarlar biri-biri ilə
məlumat mübadiləsi edirdilər və Gürcüstanda baş vermiş hadisələr
barədə xəbərləri də öyrənirdilər. Ciddi rejim tətbiq olunduğuna
görə görüşlər ləğv olunub. Bu isə eşitmə qüsurluların ünsiyyətdən
və məlumatdan kənar qalmasına səbəb olub. Müəyyən vaxt bundan əvvəl
təşkilat yenə bir neçə məlumat xarakterli görüş təşkil edib. İndi
benefisiarlar hansı dövrdə yaşadıqlarını və hansı təhlükə ilə
mübarizə aparacaqlarını bilirlər. Kimin smartfonu varsa, onun bəxti
gətirib, ehtiyac olan halda tərcüməçidən onlayn rejimdə yardım
istəyə bilir. Belələri isə azdır, əksəriyyət yenidən bütün
xidmətlərdən kənar qalır.
Hüseyn Qəmbərov kimi eşitmə qüsurlu şəxslər əsasən sosial yardım və
fiziki imkanları məhdud şəxslərə verilən təqaüdlə yaşayır.
Baxmayaraq ki, onların böyük əksəriyyəti işləmir və müvafiq olaraq,
gəlir mənbələrini itirməsələr də, koronavirusa görə sosial
şəraitləri yenə də ağırlaşıb. Artmış qiymətlərin fonunda aylıq
gəlirlə pandemiyaya qədər olduğundan indi daha az ərzaq ala
bilirlər. Meriya Marneuli bələdiyyəsində yaşayan bütün şəxslərə
mart ayından bu günə qədər yalnız bir dəfə ərzaq səbəti verib.
Səbətə standart olaraq şəkər, un, günəbaxan yağı və digər əsas
ərzaqlar daxil idi. Bu ərzaqlar ailələrə bir neçə gün kifayət etdi.
Meriya o zaman koronavirus pandemiyası ilə bağlı onlar üçün vacib
olan məlumatı fiziki imkanları məhdud şəxslərə başa düşdükləri
dildə çatdırmağı düşünməyib.
Görmə qüsurlu Firudin Qaracayev həyat yoldaşı-övladları sayəsində
koronavirusla bağlı Hüseyn Qəmbərovdan daha artıq məlumat ala
bilmişdi. İllərdir ki, evdən nadir hallarda çıxıb. Ancaq dörd
nəfərlik ailədən yalnız o, virusa yoluxub. Vəziyyəti ağırlaşıb,
ancaq heç bir klinikada yer tapılmayıb. O, evdə müalicə olunub.
Koronavirusa qalib gəlib, ancaq məlumatlandırılma,
sosiallaşdırılma, dövlət xidmətlərdən yararlanma problemi onun üçün
yenidən aktual olaraq qalır.
Marneuli meriyası koronavirus pandemiyasının yayılması zamanı
fiziki imkanları məhdud şəxslərə ayrılmış xidmətlərin qüvvəyə
minməsi üçün heç nə etmədi. Bələdiyyə Marneulidə yaşayan fiziki
imkanları məhdud şəxslərə yardımını yalnız ərzaq səbəti ilə
göstərdi.
Gürcüstanın Görmə Qüsurlular Birliyinin sədri Revaz Maisuradze
deyir ki, Gürcüstan miqyasında görmə qüsurluların əsas problemi
əlçatan mühitin olmamasıdır. Koronavirus isə onsuzda qapalı
ictimaiyyəti daha da bağladı.
“Məsələ qlobal və eləcə də yerli əhəmiyyətinə görə
ayrıla bilər. Mən daha çox qlobal tərəfini diqqətə yetirəcəyəm.
Artıq təxminən 20 ildir bu məsələ üzərində çalışırıq və irəli addım
ata bilməmişik. Qlobal miqyasda yenə də bu günə qədər dəyişməyən
köhnə yanaşma nəzərdə tutulur. Yəni görmə qüsurlular üçün indiyə
qədər sosial yanaşma tibbi yanaşmanı aşıb. Bu günə qədər fiziki
imkanları məhdud olan şəxslərin ehtiyacları barədə araşdırma
aparılmayıb ki, dövlət adamlara nə lazım olduğunu, nə ilə onlara
dəstək olacağını bilsin. Bilmirəm Marneulini necə qeyd edim, bir
halda ki, bu problemlər heç Tbilisidə də həll
olunmayıb.”
Koronavirus pandemiyası Marneuli bələdiyyəsində ən çox yenə də
eşitmə qüsurlulara problem yaradıb. Eşitmə Qüsurlular Birliyinin
sədr müavini Maia Metonidze deyir ki, 23 mart tarixindən 18 may
tarixinə qədər olan dövrdə, bələdiyyədə ciddi karantin elan edilən
zaman Marneuli Eşitmə Qüsurlular Birliyinin benefisiarlarının
koronavirus barədə məlumatı olmayıb. Bu isə onlara emosional stress
və psixoloji problemlər yaradıb. Bu gün məlumatlandırma problemi
az-çox həll olunub, ancaq ehtiyac olduğu halda bu adamlar üçün heç
bir xidmət əlçatan deyil.
Marneuli merinin müavini Laşa Lobcanidze Marneuli Fiziki İmkanları
Məhdud Şəxslər Şurasının sədridir. Şura könüllülərdən, görmə,
eşitmə qüsurlular, əlil arabasından istifadə edənlər, fiziki
imkanları məhdud uşaqların valideynləri, onların nümayəndələri,
eləcə də meriya və Bələdiyyə Məclisinin əməkdaşlarından ibarətdir.
Laşa Lobcanidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
bələdiyyədə fiziki imkanları məhdud şəxslər üçün bələdçinin,
tərcüməçinin və “İşıqlı otaq” xidmətinin qəbul edilməsi
koronavirusun yayılmasına görə dayanıb. Meriya əməkdaşlarının
əksəriyyəti distant rejimə keçib və Fiziki İmkanları Məhdud Şəxslər
Şurasının iclası da keçirilmədi.
Merin müavini qeyd etdi ki, fiziki imkanları məhdud şəxslər üçün bu
il ərzində yerli büdcədən təxminən 500 000 lari xərclənəcək və bu
məbləğ 500-dən artıq benefisiar üçün xərclənəcək. Qurumdan
“Marneuli” radiosuna verilmiş rəsmi məktubda məbləğ qeyd olunmayıb.
Baxmayaraq ki, biz məhz bu məlumatı tələb etmişdik. Müvafiq olaraq
yalnız güman edə bilərik ki, 500 000 lari yardımla birgə müalicə,
nəqliyyat xidməti və başqa xərcləri nəzərdə tutur. Məktubda qeyd
olunub ki, qeyd olunan xidmətlər görmə, eşitmə qüsurlu, eləcə də
hemodializ olan şəxslər üçün birdəfəlik, həmçinin, aylıq yardımı
nəzərdə tutur. Marneuli meriyasından verilmiş məlumata görə,
2020-ci ildə qeyd olunan xidmətlərdən 497 benefisiar
yararlanıb.
“Ötən il xidmətlərdən ümumilikdə 497 benefisiar
yararlandı. Benefisiarlar aylıq yardımlardan 1416 dəfə istifadə
edib. Hemodializ olan vətəndaşların isə 1010 dəfə nəqliyyat
xərcləri ödənib”, – meriyadan verilmiş ictimai
məlumatda qeyd olunub.
Marneuli Bələdiyyə Məclisinin 9 saylı sərəncamına uyğun olaraq
ciddi görmə problemi olan fiziki imkanları məhdud və 18 yaşa qədər
görmə qüsuru olan benefisiarlar hər ay 100 lari alacaqlar.
Əhəmiyyətli dərəcədə və ölçüyə uyğun aşkarlanmış görmə qüsuru olan
fiziki imkanları məhdud benefisiarlar hər ay 70 lari alacaqlar.
Eşitmə-nitq qüsuru olan şəxslərə də hər ay 70 lari veriləcək.
Tərcüməçi, bələdçi və “İşıqlı otaq” arzusu perspektivi yenidən
qeyri-müəyyən gələcəyə çevrildi. Fiziki İmkanları Məhdud Şəxslər
Şurasının sədri üç məqsədin həyata keçirilməsinin vaxtı olaraq
“yaxın gələcək” deyə qeyd etdi. Ancaq həmin “yaxın gələcək” nə
zaman olacaq, bunu özü də bilmir. Layihənin müvafiq büdcəsi də
yoxdur.
Koronavirus pandemiyası ilə yanaşı, həmçinin, tənzimləmələr barədə
də daim dəyişən məlumatlar yayılır. Bu məlumatlar fiziki imkanları
məhdud şəxslər üçün yenə də məlum deyil. Marneuli meriyasının kömək
edəcək kimsələri olmadığı və yalnız öz ümidlərinə, dövlət
xidmətlərindən kənar qaldıqları halda, insanlara dəyişikliklər
barədə necə məlumat verməli, necə kömək etməli olduğu barədə heç
bir planı yoxdur.