Marneuli bələdiyyəsinin Kirəç Muğanlı kəndində elektrik
dirəklərindən biri qəzalı vəziyyətdədir.
Kirəç Muğanlı sakinləri “Marneuli” radiosu ilə söhbətləri zamanı
bildirdilər ki, dirək kəndin girişindən 450 metr məsafədə yerləşir
və artıq bir ildir ki, qəzalı vəziyyətdədir. Ancaq dirəyin təmiri
üçün indiyə qədər kəndə heç kim gəlməyib. Dirək kənddə baş vermiş
avtomobil qəzası nəticəsində sıradan çıxıb.
Qəzalı vəziyyətdə olan dirək yolda hərəkət edən avtomobillərə,
vətəndaşlara və yaxınlıqda yerləşən təbii qaz borularına təhlükə
yaradır.
Marneuli meriyasından “Marneuli” radiosuna bildirdilər ki, həmin
dirək “Energo-Pro-Georgia”-nın balansındadır və buna görə də təmir
etmək bələdiyyənin öhdəliyi deyil.
“Energo-Pro-Gerogia” Kirəç Muğanlıda qəzalı vəziyyətdəki dirək
barədə “Marneuli” radiosunun müraciətindən sonra məlumat aldı.
Şirkətin qaynar xəttindən bildirdilər ki, həmin dirəklə bağlı
xəbərdarlıq artıq qeydə alınıb və müvafiq xidmətlər yaxın gələcəkdə
reaksiya göstərəcklər.