2020-ci ildə, tenderdə iki dəfə Marneuli meriyasını aldatmağa cəhd göstəriblər
Bu gün, 24 may tarixində Marneuli Bələdiyyə Məclisinin iclası baş tutub. İclasda gündəlikdə nəzərdə tutulmuş 12 məsələ müzakirə olunub. Mövzulardan biri Marneuli bələdiyyəsinin 2020-ci ildə həyata keçirdiyi müqavilələrə həsr olunub. Görülmüş işlər barədə Alqı-Satqı Şöbəsinin rəhbəri Zanda Kvançiani hesabat verdi. O, qeyd etdi ki, tender prosesləri zamanı maraqlı fakt qeydə alınıb. Məsələ üç milyondan artıq dəyəri olan layihə ilə bağlıdır. Layihədə Algeti, Təzəkənd, Əzizkənd, Hacisakənd, Kürtlər, Ambarovka, Algeti Şərabçılıq Təsərrüfatı və Keşəli kəndlərinə ehtiyat içməli suyun verilməsi işləri həyata keçirilməli idi. Tenderdə 11 namizəd iştirak edib. Onlardan ikisi qeyri-qanuni hərəkətinə görə tenderdən uzaqlaşdırılıb. Tbilisi şəhərində qeydiyyatda olan “Elva” MMC şirkətinin filialının imzası saxta imiş.

“Namzidi uzaqlaşdırdıq. Bundan sonra o qara siyahıya düşdü. Şirkət bunlara görə bizi şikayət edib və nəticədə bizə bəraət qazandıq. Buna görə namizədin hesabından 30 000 lari çıxarıldı”, – Zanda Kvançiani dedi.

Həmin tenderdə iştirak etmiş “Pasaj-Gürcüstan” şirkəti də tenderdən kənarlaşdırılıb. Zanda Kvançianinin sözlərinə görə, qeyri-qanuni hərəkətinə görə qeyd olunan şirkətə də 30 000 lari borc öhdəliyi qoyulub. Ancaq iş hazırda məhkəmədədir.

“Namizəd olan şirkət sənədlərin təqdimatı zamanı rus dilində sənədlər təqdim etdi. Bu iş təcrübəsi ilə bağlı idi. Sənəd notarius tərəfindən təsdiqlənmişdi. Biz bu sənədləri yoxladıq ki, nə dərəcədə düzgün yerinə yetirilib. Aydın oldu ki, qeyd olunan sənəd “Pasaj” MMC-yə aid deyilmiş. Sənədi elə-belə yükləyiblər və real olaraq notarius tərəfindən təsdiqlənməmişdi. Bunu təsdiqləmək üçün qeyd olunan notariusla əlaqə saxladıq. Yazılı şəkildə müraciət etdik ki, bu nə dərəcədə həqiqətə uyğun idi. Onlardan cavab aldıq ki, həqiqətə uyğun deyilmiş. Ona görə namizədi kənarlaşdırdıq. Onlar da bizi şikayət etmişdilər və yenə də biz bəraət qazandıq. Hazırda həmin namizəd məhkəməyə şikayət edib və növbəti prosesləri gözləyirik.”

Qeyd edək ki, meriya 2020-ci ildə tender elan etmişdi. Tenderdə “Qza”(Yol) MMC qalib gəlib. Qeyd olunan şirkət meriyaya işləri 2 677 777 lariyə həyata keçirməyi təklif edib. Pulun 95% dövlətin, 5% isə Marneuli meriyasının büdcəsindən ayrılıb. Layihə başa çatıb.
Bələdiyyə Məclisinin bu gün baş tutmuş iclasında müzakirə olunan məsələlər arasında idmançıların həvəsləndirilməsi də var idi. Marneuli meriyası idmançılara – Luka və Kote Kapanadzelərə, eləcə də onların məşqçilərinə pul mükafatı təqdim edəcək.

"Marneuli" Radiosu
Print