Peyvənd olunan təqaüdçülər hökumətdən 200 lari əlavəni nə vaxt və necə alacaqlar

Peyvənd olunan təqaüdçülər hökumətdən 200 lari əlavəni nə vaxt və necə alacaqlar




Statistik məlumatlarla yanaşı, hökumətin son dövrlərdə başlatdığı təşviqat kampaniyaları koronavirus peyvəndinin 60 yaşdan yuxarı əhali arasında populyarlaşdırılması üçün daha çox dəstəyə ehtiyac olduğunu göstərir. Bir çox hallarda Covid-19-un ağırlığını yaş amili müəyyən edir. "Onlar ilk növbədə mənim yaşımda ölürlər", - Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktor müavini Paata İmnadze noyabrın 4-də hökumət administrasiyasında keçirdiyi brifinqdə deyib.
Koordinasiya Şurası peyvənd olunanların sayının artırılması və ölüm hallarının azaldılması məqsədilə peyvəndlə bağlı müxtəlif kampaniyaları, o cümlədən yaşı 60-dan yuxarı olan vətəndaşların peyvənd olunmasının təşviq edilməsi ilə bağlı qərar qəbul edib – peyvəndin ilk dozası vurdurulduğunda dövlət tərəfindən birdəfəlik 200 lari yardım veriləcək.

Hökumət tərəfindən verilən pensiyaya əlavəni kimlər ala biləcək?

Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən, yanvarın 1-dək koronavirusa qarşı peyvənd olunacaq pensiyaçılara hökumət tərəfindən 200 lari məbləğində birdəfəlik pensiya əlavəsi veriləcək.

Pensiyaya əlavəni nə vaxt və necə alacaqsınız?

Koordinasiya Şurasının qərarı noyabrın 8-də qüvvəyə minib. Sosial Xidmət Agentliyinin rəhbəri vəzifəsini icra edən Levan Qoqodzenin sözlərinə görə, 8-15 noyabr tarixlərini əhatə edən birinci mərhələdə əlavəni alan şəxslərin məlumatları noyabrın 15-in sonunda Sosial Xidmət Agentliyinə veriləcək. 5 iş günü ərzində pensiyaçıların “Liberty Bank”dakı pensiya hesablarından 200 lari köçürüləcək. Növbəti tarix dekabrın 1-i olacaq. Pensiya yaşına aid olmayan 60-65 yaş arası kişilərə gəlincə, Sosial Xidmət Agentliyinin qərarına əsasən, onların hamısının adına “Liberty Bank”da müqavilə əsasında sosial hesab açılacaq. Belə ki, 60-65 yaşlı kişilər pullarını “Liberty Bank”ın istənilən filialında şəxsiyyət vəsiqəsi ilə komissiyasız ala biləcəklər.
Kampaniya dekabrın 31-dək davam etdiyinə və tarixlərin Yeni il bayramlarına təsadüf etdiyinə görə, 28-29-30-31 dekabr tarixlərində peyvənd olunmuş vətəndaşlar artıq 2022-ci ilin yanvar ayının əvvəlində pensiyaya əlavəni alacaqlar.


Əgər siz artıq bir doza vurdurmusunuzsa və ya “buster” dozası vurdurursunuzsa və yaşınız 60 və daha çoxdursa, bu halda nə olacaq

Artıq birinci doza ilə peyvənd olunmuş və ya tam peyvənd olunmuş və “buster doza” qəbul edən 60 və ya daha yuxarı yaşlı vətəndaşlar birdəfəlik əlavə pul ala bilməyəcəklər. 200 lari yalnız noyabrın 8-dən dekabrın 31-dək ilk doza ilə peyvənd olunacaq şəxslərə veriləcək.

Gürcüstanda yaşı 60-dan yuxarı olan 796 min vətəndaş yaşayır. Son məlumatlara görə, 276 678 nəfər və ya 34,7% iki doza peyvənd olunub. Pandemiya zamanı pensiya yaşına çatmış insanlar ən həssas qrup olsa da, onların yarım milyondan çoxu peyvənd olunmayıb. Səhiyyə üzrə mütəxəssislər hesab edirlər ki, bu səbəbdən ölkəmizdə ölüm halları yüksəkdir.
Gürcüstanda Covid-19-a qarşı peyvənd “Pfizer”, “Sinovac” və “Sinopharm” vaksinləri ilə mümkündür.

 

Print