“Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 3+3
formatı ideyası irəli sürüləndə biz bunu fəal şəkildə
dəstəklədik”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat
konfransında deyib.
“Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması
səyləri Cənubi Qafqazda vəziyyətin normallaşmasına yol açır və
digər məsələlərlə yanaşı, Cənubi Qafqazın üç ölkəsi ilə onların üç
qonşusu arasında iqtisadi, digər əməkdaşlığın inkişafı yolu ilə
hələ də qalan siyasi problemlərin daha fəal və səmərəli həllinə
şərait yaratmağa kömək edir”, - o vurğulayıb.
S.Lavrovun sözlərinə görə, 3+3 formatında başlanmış proseslər daha
əhəmiyyətlidir, çünki bütün regionun inkişaf perspektivləri
müzakirə olunur.
Lavrov qeyd edib ki, Gürcüstanın “3+3” formatında baş tutan
danışıqlarda iştirakı bu ölkə üçün faydalıdır və onun maraqlarına
heç bir zərər vurmur.
“Gürcüstan bizimlə diplomatik
münasibətləri kəsdiyinə görə, bu dövlətlə qarşılıqlı fəaliyyət
imkanlarımız azdır. Formatın digər üzvlərinə müraciət etmişik ki,
gürcü qonşularımıza bu formata qoşulmağın faydasını və bunun
onların siyasi mövqeyi ilə bağlı heç bir öhdəlik yaratmadığını izah
etsinlər”, - Lavrov Gürcüstanın formata qoşulması ilə
bağlı sualı cavablandırarkən bildirib.
Lavrovun sözlərinə görə, Gürcüstan ilk şərt irəli sürmədən bu
danışıqlara qoşula bilər. O, format çərçivəsində yalnız bütün
tərəflərin maraqlarına cavab verən mövzuların müzakirə olunduğunu
qeyd edib.