18 yaşlı Altay Paşayev Tbilisidə tapdığı 6000 larini sahibinə qaytarıb
“Az qala ölürdüm, şokdayam… bu adam mənim qəhrəmanımdır” – 18 yaşlı oğlan tapdığı 6000 larini sahibinə qaytarıb.

18 yaşlı Altay Paşayev Tbilisidə, küçədə pulqabı tapıb. Pulqabında 6000 lariyə qədər pul olub. Oğlan pulu polisə aparıb, polis isə sahibinə qaytarıb.

Altay Bolnisidə dünyaya gəlib. O, 4 yaşından ailəsi ilə birlikdə Tbilisiyə köçüb. Artıq bir neçə ildir ki, işləyir və öz gəliri var. Pulu tapan gün onun 18 yaşı tamam olub. O, bildirdi ki, pulu özünə götürməyi heç düşünməyib.

“İşdən evə qayıdırdım. Pul qabını gördüm, yerdə idi. Götürdüm və açdım, içində böyük miqdarda pul var idi. Polisə apardım və pulun sahibi gələnə kimi gözlədim”, – Altay bildirdi.

Aydın olub ki, pulu Xotenaşvili soyadında şəxs itiribmiş. O, bildirir ki, pulu itirdiyini anlayanda çox pis olub. Əmin idi ki, pulu heç kim geri qaytarmayacaq. Xoşbəxtlikdən, pulu yaxşı adam tapıb.

Tsitsi Xotenaşvili ambebi.ge-yə bildirib ki, xaricdən yaxını mobil telefon gətirib və telefonla birlikdə pulu da ona veriblər. Tsitsi həmin pulu başqasına verməli idi.

“Maşına minəndə pulu pulqabına qoydum. Düşünürdüm ki, pulqabını çantaya qoymuşam, ancaq gödəkçəylə çantamın arasına düşüb və maşından enəndə yerə düşüb. Ancaq pulu itirdiyim barədə heç nə bilmirdim. Övladım azyaşlıdır və onun mobil nömrəsi mənim adımadır. Uşağı dostumgilə qoymuşdum, polis onun nömrəsinə zəng vurub. Dostum zəng vurdu və pulqabını itirdiyimi bildirdi. Az qalsın ölürdüm, şokda idim. Polisə zəng vurdum, dedilər ki, pulqabını, pulla birlikdə gənc oğlan tapıb və polisə gətirib. Sevincdən titrəyirdim, qışqırırdım. Həm də düşünürdüm ki, belə yaxşı adam kimdir ki, pulu tapıb. Ola bilsin heç qaytarmazdı. Bu adam mənim qəhrəmanım idi. Onu hamı tanımalıdır”, – Tsitsi Xotenaşvili bildirdi.

Mənbə: AMBEBI.GE
Print Email
FaceBook Twitter Google