Ənvər Hümbətovun adının əbədiləşdirilməsi ilə bağlı Marneuli meriyasına təqdim olunan müraciətə bu günə qədər cavab gəlməyib
30 dekabr tarixində Ənvər Hümbətovun adının əbədiləşdirilməsi ilə bağlı Marneuli meriyasına təqdim olunan müraciətə hələ ki cavab gəlməyib. Bu barədə “Marneuli” radiosu ilə söhbəti zamanı mülki fəal Samirə Bayramova məlumat verdi. Onun sözlərinə görə, meriyaya təqdim olunan petisiyanın müzakirəsi ilə bağlı onlara məlumat verilməyib.

“Sadəcə Marneuli meriyasına təqdim olunan petisiyanın qeydiyyata alınması məktubunu almışam və bu da adi hüquqi prosesdir. Ancaq həmin petisiyanın nə zaman müzakirə olunacağı ilə bağlı məlumat verilməyib. Petisiyada qeyd olunmuşdu ki, hər hansı görüş və yaxud ilkin müzakirə üçün yerin seçilməsi məsələsini birlikdə müzakirə edə bilərik. Görüşlərin bizim və cəmiyyət nümayəndələrinin iştirakı ilə olması daha məntiqlidir. Çünki Marneuli sakinləri bu petisiyaya təqdim olunan tələb və arqumentlərə görə imza atıblar”,
– Samirə Bayramova dedi.

Bayramovanın dediyinə görə, onlar mərkəzi və yerli hakimiyyətlə əməkdaşlıqda həmişə problemlər yaşayıblar.

“İllərdir ki, istər mərkəzi, istərsə də yerli hakimiyyət olsun, onlarla əməkdaşlıqda həmişə problem yaşamışıq. Sanki onların cəmiyyətlə əməkdaşlığa və onların təşəbbüslərinə qarşı ciddi kompleksləri var. Onlar ictimaiyyət və QHT sektoru ilə işləmək istəmirlər. Onlar üçün bu maraqlı deyil və yaxud sadəcə məcburi formada məsələləri dinləyirlər. Amma qəbul etmirlər. Ümumiyyətlə, onlar düşünürlər ki, ictimai fəallıq və QHT hər hansı bir siyasi xal qazanmaq istəyir. Onlar bu cür bir komplekslərə malikdirlər. Hümbətovla bağlı petisiyanı qanun çərçivəsində Marneuli Bələdiyyə Məclisinə ünvanlamışam. Ümidim var ki, Bələdiyyə Məclisində yer alan deputatlar tərəfindən məsələ müsbət şəkildə müzakirə olunacaq, çünki bu bizim ümumi Gürcüstanın milli dəyəridir, hər hansı sıradan bir hadisə deyil. Əks təqdirdə bu rayonda yaşayan insanların böyük narazılığına və təəssüfünə səbəb ola bilər”, – Samirə Bayramova bildirdi.

Mülki fəal təəssüflə qeyd edir ki, müharibədən 30 il keçməsinə baxmayaraq, əvvəllər bu məsələ ilə bağlı heç bir müraciət olunmamışdı.

“O, Marneulidən olan milli bir qəhrəmandır. Bunun adını ucaldaq. Mən düşünürəm ki, bu cür addımların atılması vacibdir. Gürcüstanda inteqrasiya prosesi aktiv şəkildə həyata keçirilir. Mən ümid edirəm ki, bu təfərrüatları və ümumi dəyərləri nəzərə alarlar. Ümid edirəm ki, nöqsanlı hissələr yaradıb, petisiyanı ləğv etməzlər. Çünki qanuni olaraq bunun heç bir əsası yoxdur. Ola bilsin ki, bu məsələni heç müzakirə də etməsinlər. Amma hər şey qanun çərçivəsində yazılıb və imzalar atılıb. Petisiya ilə bağlı Gürcüstan prezidenti ilə görüşdə geniş söhbətimiz oldu və bu təşəbbüs onun çox xoşuna gəldi. Bu günə kimi bu adamın adının heç bir yerdə keçmədiyindən təəssüf hissi keçirdi və sonra rəsmi olaraq Gürcüstan prezidentinə rəsmi dəstək üçün məktub göndərildi. Almaniya səfirinin Marneuliyə səfəri zamanı bu məsələ barədə də səfirə məlumat verdim. Səfir də bu məsələyə çox sevindi və ümid etdi ki, Marneuli Bələdiyyəsi bu təşəbbüsü qəbul edər”, – Bayramova qeyd etdi.

Hümbətovun adının əbədiləşdirilməsi üçün Rustavi meriyasına da müraciət edən Samirə Bayramova bildirir ki, hələ ki oradan da cavab gəlməyib.

“Ənvər bəy Marneulidə doğulsa da, sonralar Rustavidə yaşayıb. Orta təhsilini orada tamamlayıb. Onun təhsil aldığı məktəbdə onun adına bir lövhə quraşdırılması və Rustavi şəhərinin tarixi mədəni irsinə əlavə olunması ilə bağlı Rustavi şəhər merinə məktub ünvanlanıb. Onun ailəsi və Marneuli sakinləri onların imzaları ilə onun adının əbədiləşdirilməsini səbirsizliklə gözləyirlər”, – Samirə Bayramova dedi.

Qeyd edək ki, 29 dekabr tarixində Abxaziya müharibəsində şəhid olmuş Ənvər Hümbətovun adının əbədiləşdirilməsi üçün başladılan petisiya Marneuli meriyasına təqdim olunub. Petisiyanın təqdim olunmasında mülki fəallarla birlikdə Hümbətovun ailə üzvləri də iştirak etmişdilər. Petisiya çərçivəsində 1300 imza toplanıb və Marneuli meriyasına təqdim olunub. Hümbətovun ailə üzvləri petisiyanın təqdim olunmasından sonra Marneuli meri Kənan Ömərovla görüşüblər. Onlar görüşü müsbət dəyərləndirdilər və razı qaldıqlarını bildirdilər.

Məlumat üçün bildirək ki, Ənvər Hümbətov Marneulinin Algeti kəndindəndir. O, Abxaziya müharibəsinin iştirakçısı olub. Hümbətov müharibədə 25 nəfəri xilas etdiyi zaman şəhid olub.

Qeyd edək ki, Ənvər Hümbətov “Vaxtanq Qorqasali” ordeni ilə təltif olunub. Bu isə hərbçilərə verilən ən yüksək ordendir.

Print Email
FaceBook Twitter Google