Gürcüstan Ermənistanda istehsal olunan “Matsun” əmtəə nişanlı süd
məhsulunun (qatıq – red.) öz ərazisi vasitəsilə Rusiyaya tranzitini
qadağan edib.
Bu barədə “Armenpress” agentliyi məlumat yayıb.
Bildirilib ki, buna səbəb Gürcüstanın “matsoni” adını özünün
coğrafi göstəricisi kimi qeydiyyata almasıdır. Ermənistan
istehsalçıları matsunu Rusiyaya Gürcüstan üzərindən “erməni dağ
yoqurtu” adı altında ixrac etməyə məcbur olublar.
Ermənistanın İqtisadiyyat Nazirliyindən bildirilib ki, ölkə hələ
2011-ci ildə “matsoni” adının qeydiyyatı ilə bağlı Avropa İttifaqı
və Gürcüstanın müvafiq orqanlarına etiraz bildirsə də, bu, diqqətə
alınmayıb. Qeyd olunub ki, Ermənistan hökuməti gürcü həmkarları ilə
coğrafi göstəricilərin istifadəsinin dəqiqləşdirilməsi üzrə
addımlar atır.
Ermənistanın süd məhsulları istehsalçıları öz növbələrində
bildiriblər ki, Gürcüstan “matsoni” adını coğrafi göstərici kimi
çoxdan qeydiyyata alıb və son zamanlara qədər heç bir tələb irəli
sürülməyib, nə qadağa, nə də maneə olub.
Qeyd edək ki, matsoni gürcü qatıq qida məhsulunun adıdır. Gürcüstan
bu adı özünün coğrafi göstəricisi kimi 2012-ci, Aİ isə bu
göstəricinin Gürcüstana məxsusluğunu 2014-cü ildə qeydiyyata
alıb.