Nəzərinizdən qaçmış ola bilər - Günün Son Xəbərləri - Qısa
Dəllər sakinləri “RMG” şirkətinin kəndə yaxın ərazidə elan etdiyi filiz axtarışı layihəsinə yenidən etiraz edir

Bu gün, 13 sentyabr tarixində Bolnisi bələdiyyəsinin Dəllər (Muşevani) kəndinin sakinləri “RMG” şirkəti tərəfindən kəndə yaxın ərazidə elan edilmiş filiz axtarışı layihəsinə etiraz edirlər.

Sakinlər “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdilər ki, şirkət faydalı qazıntıların axtarışı üçün il ərzində təxminən 55 partlayış həyata keçirəcək. (Həftədə iki dəfə).

Sakinlərin bir hissəsi partlayışların onlara və ekologiyaya zərərli olacağını düşünür. Digər hissəsi isə partlayışların həyata keçiriləcəyi halda onların kəndində qaz, su və işıq çəkiləcəyini deyir. Sakinlər onlara bu vədin “RMG” şirkəti tərəfindən verildiyini deyirlər.


Meriya Baytallıda içməli suyun çəkilməsi üçün baş tutmamış tenderi yenidən elan edib

Marneuli yerli özünüidarəsi Baytallı kəndində daxili içməli su şəbəkəsinin çəkilməsi üçün bir daha tender elan edib. Meriyanın elan etdiyi əvvəlki tender baş tutmamışdı.
Baytallıda daxili içməli su şəbəkəsinin çəkilməsi işləri üçün 8 iyulda elan edilmiş tenderdə üç şirkət iştirak edib. “Terqi” şirkəti meriyaya işləri 393 888 lariyə, “Lava” MMC 375 632 lariyə, “G.SERVICE” MMC isə 345 543 lariyə təklif edib. Tender komissiyasının iclas protokollarında qeyd olunduğuna görə, hər üç şirkət texniki sənədlərə görə tenderdən kənarlaşdırılıb.
Meriya yenilənmiş tenderi 8 sentyabrda elan edib. Yeni tenderin dəyəri daha əvvəl olduğu kimi 397 788 laridir. Tenderə görə, kənddə mərkəzi su anbarının tikinti-bərpa işləri, hovuzun tikintisi və quyuların inşası planlaşdırılır.




Tamta Naveriani və Salome Xarşiladze oxçuluq üzrə yarışda qızıl medal qazanıblar

Marneulili oxçular Tamta Naveriani və Salome Xarşiladze 8-11 sentyabr tarixlərində Tbilisidə keçirilmiş Gürcüstan kubokunun ikinci mərhələsində birinci yeri tutublar.
Naveriani 18, Xarşiladze isə 21 yaş kateqoriyasında qalib gəlib. İdmançıların dediyinə görə, yarışlara hazırlaşırmışlar və birinci yeri tutacaqlarını da gözləyirmişlər.


“Pəncərə” platforması yeni iştirakçıların qəbulunu elan edir

Gürcü və azərbaycandilli məlumat platforması “Pəncərə” yeni iştirakçıların qəbulunu elan edir. Platformanın məqsədi əhaliyə, xüsusilə də Gürcüstan azərbaycanlılarına gənclərin inkişafı, gücləndirilməsi, məlumatlı seçim etməsi üçün etibarlı, düzgün məlumat çatdırmaqdır.

“Pəncərə”-nin jurnalisti Tozu Gülmməmədova “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, platformada hər hansı gəncin bloq, məqalə yazmaq və ya video paylaşmaq şəraiti var.“Pəncərə” motivasiyalı və entuziazmla dolu gənclər axtarır. Onlar platforma ilə öz ideya və yaradıcı fikirlərini bölüşəcəklər.

Maraqlanan şəxslər 20 sentyabra qədər qeydiyyat formasını doldura bilərlər.


Print Email
FaceBook Twitter Google