Tbilisidə yaşayan 38 yaşlı Nino əkiz uşaqlara hamilədir.
Həkimlər ona yataqda qalmağı tövsiyə ediblər. Yeddi aylıq hamilə
qadın uşağın düşməsinin qarşısını almaq üçün dərman qəbul edir.
Nino dərmanın təsirindən özünü yaxşı hiss etməyəndə ev işlərini üç
övladı görür.
Əri işləsə də, sabit gəliri yoxdur. Ayda 600 larilik (218
dollar) kirayə haqqı ailə üçün ağır yükdür. “Surroqat hamiləliyə də
buna görə razı olmuşam. Bəlkə balaca bir ev ala bilərəm”,
– o deyir.
Onun sözlərinə görə, 22 yaşlı oğlu bu ideyaya qarşı çıxıb. “Ancaq
ona izah etdim ki, bunu rifahımız üçün edirəm, başqa çıxış yolu
görmürəm. Başqa çıxış yolu xaricə gedib orada işləməyə başlamaq
olardı. Onu da mən istəmədim – uşaqlarımı qoyub evimdən uzağa
getmək istəmədim”, – 15 yaşında ərə gedən Nino deyir.
Böyüyən biznes
Gürcüstanda ailələr uzun zaman Rusiyada çalışan yaxınlarının
göndərdiyi puldan asılı olublar. Beş il öncə viza şərtləri
yüngülləşdiriləndən Avropa İttifaqı (Aİ) ölkələrində işləyənlərin
də sayı get-gedə artmağa başlayıb.
Ancaq surroqat hamiləlik son zamanlar nəzərəçarpacaq dərəcədə
artıb. Gürcüstanda bu sahədə qanunvericilik sərt deyil. Üstəlik, bu
xidmətin burada başqa ölkələrdəkindən ucuz olması bu sahənin
böyüyəcəyini deməyə əsas verir.
İstismar ehtimalları ilə bağlı xəbərdarlıqlar Nino kimi qadınları
çəkindirmir. Gürcüstanda surroqat doğuşun qiyməti dünyada ən aşağı
səviyyədədir: 10 min – 20 min dollar arası. Müqayisə üçün, ABŞ-ın
ayrı-ayrı yerlərində bu xidmət 120 min – 180 min dollaradır.
Bu, Ninonun ikinci surroqat hamiləliyidir. Bu dəfə o, bir
hindistanlı cütlük üçün hamilə qalıb. Körpənin valideynləri ona 15
min dollar xidmət haqqı ödəməkdən əlavə bütün tibbi xərclərini də
qarşlayırlar.
Nino ilk dəfə surroqat hamiləlik haqda 2015-ci ildə düşünməyə
başlayıb. Onun sözlərinə görə, həmin vaxt ailə çox çətin durumda
imiş. Buna baxmayaraq o, ilk addımı atmağa cəsarət etməyib. Ancaq
beş il sonra, 2020-ci ildə Nino “özündənrazı və tələbkar”
adlandırdığı valideynlərin oğlunu dünyaya gətirib. O uşağı cəmi bir
dəfə, doğum evində görsə də, qarışıq hisslər keçirdiyini etiraf
edir.
"Hamımız insanıq. Ancaq embrionun bədənimə köçürülməsindən
qabaq mən özümə uşağı daşıyan “dayə” olduğumu və doqquz aydan sonra
körpəni valideynlərinə verməli olduğumu aşıladım”, – o
deyir.
Nino və əri həmin hamiləlikdən özlərinə ev almaq üçün 10 min dollar
toplaya biliblər.
O bilir ki, bu əkizlər onun sonuncu şansıdır. Çünki agentliklər həm
körpəyə, həm də onu daşıyan surroqat anaya mümkün tibbi
problemlərin yaranmaması üçün yaşı 21 – 38 arasında olan surroqat
analarla işləyirlər.
1997-ci ildən
1985-ci ildən bəri yalnız bir neçə ölkə kommersiya məqsədli
surroqat doğuşları qanuniləşdirib. Həmin ildə detroytlu evdar qadın
Şənnon Boff tarixdə özü ilə heç bir genetik əlaqəsi olmayan uşağı
dünyaya gətirən ilk qadın olub.
Çox dindar ortodoks xristian ölkəsi olan Gürcüstan 1997-ci ildə
dünyada surroqat reproduktivliyə icazə verən ilk ölkələrdən biri
olub.
Kommersiya məqsədli surroqatlıq müqavilələri Avstraliya və ABŞ-ın
bəzi yerlərində, Kanada, Kolumbiya, Meksika, Ukrayna və Britaniyada
qanuniləşdirilib. Bu növ hamiləliklərə Laosda da dözümlü
yanaşıldığı deyilir.
Gürcüstanda surroqat analıqdan dünyaya gələn ilk uşaq 2007-ci ildə
doğulub.
“Alturist” surroqat
analıq
Gürcüstan qanunları “altruist” surroqat analığına da icazə verir.
Bu halda körpəyə hamilə olan qadın heç bir kommersiya məqsədi
güdmür. Gürcüstan qanunları yalnız heteroseksual evli və ya
birlikdə yaşayan cütlüklərə surroqat ananın xidmətlərdən istifadə
etməyə icazə verir. Ölkə qanunları xarici müştərilər üçün də bu
qaydaların sadələşdirilməsinə yönəlib.
Dünyada surroqat analıq sahəsində ilk dünya liderlərindən biri
Hindistan 2015-ci ildə xaricilər üçün bu praktikanı yasaqladı. Eyni
zamanda Aİ Gürcüstan vətəndaşları üçün viza tələblərini
yüngülləşdirdi. Bundan sonra bu sahə Gürcüstanda çiçəklənməyə
başladı. Gürcüstan qanunlarına görə, bu cür hamiləlikdən dünyaya
gələn körpə doğulduğu andan etibarən öz bioloji valideynlərinə
aiddir. Körpənin doğum şəhadətnaməsində də yalnız onların adları
yazılır.
Gürcüstanda 10-dan çox süni hamiləlik klinikası mövcuddur. Bundan
başqa, onlarla surroqat analıq xidmətləri agentliyi var. Bu
agentliklər uşağı olmayan cütlüklərin surroqat anaların xidmətindən
yararlanmasına kömək edir.
3 mindən çox
körpə
Tamar Qvazava 15 ildir ki, bu sahədə çalışır. Son 9 ildə onun öz
agentliyi olub. Qvazava hesab edir ki, bu cür xidmətlər zəruridir.
Onun özü bu vaxta qədər 3 mindən çox körpənin dünyaya gəlməsinə
kömək edib.
Onun sözlərinə görə, əksər agentliklərin surroqat analıq
namizədlərinə qarşı tələbləri xeyli sadədir. Bu, yaşı 38-dən yuxarı
olmayan qadınlar olmalıdır. Əksər agentliklər onların daha öncə
uşaq dünyaya gətirmiş olmasını tələb edir. Bu, hamiləliyin
gedişatını anlamaq və surroqat ananın körpəyə bağlanaraq prosesi
pozmaması üçündür.
Qvazava yalnız bir altruist surroqat analıq halını xatırladığını
deyir. Bir qadın öz bacısının uşağını öz bətnində daşıyıbmış.
"Surroqat anaların əksəriyyəti bu addımı ən ağır sosial
şərtlərə görə atır. Bu qadınların uşaqları olur, ancaq nə evləri,
nə də özlərinə aid gəlirləri olur”, – o deyir.
Qvazava deyir ki, onun agentliyi qadınların bu addımı atmağa məcbur
edilmədiyinə, borc, məsuliyyətsiz ər kimi arzuolunmaz amillər
sarıdan əmin olmaq üçün namizədləri yaxından izləyir.
Qvazava əksər uğurlu surroqat anaların sonradan bunu bir daha etmək
istədiyini deyir. Doğuş təbii olduğu halda ana altı ay bərpa
olunmalıdır. Ancaq surroqat analara tələb yüksəkdir deyə, bəzi
agentliklər bu qaydaya əhəmiyyət vermirlər.
Ukraynada müharibə
başlayandan...
Qvazavanın sözlərinə görə, Gürcüstanda bu xidmətlərin əsas
müştəriləri xaricilərdir. Fevralda Rusiya Ukraynaya qarşı
müharibəyə başlayandan Gürcüstana maraq daha da artıb. Çünki
Ukrayna surroqat analıq xidmətləri baxımından çox populyar idi.
"Biz artıq qonşu ölkələrdən surroqat anaları gətirib burada
onlara embrion köçürərək onları öz ölkələrinə qaytarmağın,
hamiləliyin son aylarında isə onları doğuş üçün yenidən Gürcüstana
gətirməyin yollarını axtarırıq”, – Qvazava deyir.
Öz surroqat analıq təcrübələri haqda AzadlıqRadiosunun Gürcüstan
xidmətinə danışan qadınların çoxu buna görə utandıqlarını,
hamiləliklərini qonşularından və qohumlarından gizlətməyə
çalışdıqlarını deyiblər.
“Buna iş desəm də
utanıram”
33 yaşlı Salomenin özünün 11 və 4 yaşlarında 2 övladı var. İki
aydan sonra isə o, surroqat körpəni dünyaya gətirməlidir.
O ilk dəfə 20 yaşlarında 9 min dollar qarşılığında bir gürcü cütlük
üçün surroqat analıq edib. O zaman Salome və əri bunu gizli
saxlayıblar. Hamiləlik irəliləyəndə isə anasına onun bir müddət
kənddə yaşayacağını deyiblər. "Əlimdən gələni etdim ki, heç kim bu
barədə heç nə bilməsin. Buna iş desəm də utanıram”, – Salome
deyir.
Salome ev almağa ümid edir. Ancaq həm də kiməsə övladını qucağına
alacağına ümid verməyin sevincini hiss etdiyini deyir. O deyir ki,
bu onun sonuncu surroqat hamiləliyidir. “Ümid edirəm, başqa
insanları xoşbəxt edib öz ailəmə də kömək edə bilmişəm”, – o
deyir.
“Ərim bunu başa
düşəcək”
35 yaşlı Elena da tezliklə yenidən hamilə olduğunu öyrənəcəyini
deyir. Onun özü dörd uşaq anasıdır. Əriylə birlikdə ailələrini
dolandırmağa çətinlik çəkirlər. Əri hələ də onun surroqat analıq
etdiyini bilmir. Onun sözlərinə görə, hamiləlik alınmasa, o bunu
heç vaxt bilməyə də bilər.
"Hətta indi də cəmiyyətdə belə bir yanaşma var ki, kimsə
surroqat anadırsa, deməli, öz uşağını satır. Yaşadığım yerdə,
rayonda bu hələ də utanc mövzusudur. Hamilə qalsam, bilirəm ki,
ərim bunu başa düşəcək. İstənilən halda, o məni başa düşməlidir:
bunu hamımız üçün istəyirəm”, – o deyir.