Kirovka sakinləri ümumi kənd toplantısında kəndə Mameyi adının verilməsini dəstəkləyiblər
20 noyabr tarixində Marneuli bələdiyyəsinin Kirovka kəndində ümumi kənd toplantısı keçirilib. Toplantda sakinlər kəndin adının dəyişdirilməsi məsələsini müzakirə edib.

“Bugünkü toplantıda sakinlər iclasın rəhbərini və katibini seçdilər, kəndin adının dəyişdirilməsi məələsini müzakirə etdilər. Yerli sakinlər iki ad - Mameyi və Dostluq adlarından Mameyi adını dəstəkləyiblər. Ümid edirik ki, yerli və mərkəzi hakimiyyət yerli sakinlərin qərarını nəzərə alacaq”, – “Salam” platformasının üzvü Benyamin Qasımoğlu bildirdi.

Kəndin mərkəzinə toplaşmış Kirovka sakinləri kəndə Mameyi adının verilməsini yekdilliklə dəstəkləyiblər. Yerli sakinlərin bildirdiklərinə görə, tarixən kənd məhz Mameyi adlanıb və istəyirlər ki, məhz həmin ad qaytarılsın.


Bələdiyyə Kirovka kəndinin adının dəyişdirilməsi prosesinə 2022-ci ildən başlayıb. Əvvəlcə kənd sakinlərinə bir neçə ad təklif ediblər, amma onlar arasında əhalinin tələb etdiyi “Mameyi” adı olmayıb. Bələdiyyə Məclisinin 2022-ci il 14 noyabr tarixində keçirilən iclasında isə Adların Verilməsi üzrə Komissiyanın üzvü məlumat verib ki, kəndə niyə “Mameyi” adını vermək olmaz. Bələdiyyə Məclisinin iclasında İrine Maçaraşvili bildirib ki, Kirovka sakinlərinin tələb etdiyi ad tarixi mənbələrdə qeydə alınmayıb. “Mamai” adı ilə bağlı bilgilər var və bu ad iki tarixi fiqurla əlaqəli ola bilər. Maçaraşvilinin sözlərinə görə, Mamai Qızıl Orda sərkərdəsi və ya müqəddəsin adı ilə bağlı ola bilər.

Kirovka kəndinin adının dəyişdirilməsi prosesi indiki mərhələyə qədər davam etdirilir. Xüsusi hökumət komissiyası kənd əhalisinin və Marneuli meriyasının təklif etdiyi adların kəndə nə dərəcədə uyğun olduğunu müəyyən etməlidir. Marneuli meriyası kəndə iki ad seçib. “Dostluq” – gürcü və azərbaycanlıların dostluğunu əks etdirən ad və “Yaşıl təpə” – kənddə tarixən inkişaf etmiş metallurgiyanın nümayiş etdirmək və artefaktları tanıtmaq üçün seçilmiş ad.

Marneuli meriyasının nümayəndəsinin “kəndə “Mameyi” adını vermək olmaz” açıqlamasına “Salam” platforması da münasibət bildirib və açıqlamanı dezinformasiya adlandırıb. “Salam” platforması bələdiyyə rəhbərliyini, mərkəzi hakimiyyəti, elmi işçiləri, beynəlxalq təşkilatları, hüquq müdafiə təşkilatlarını və digər mülki fəalları bu məsələ ilə maraqlanmağa və bələdiyyənin bəzi əməkdaşlarına bu məsələ ilə manipulyasiya etməyə, dezinformasiya yaymağa imkan verməməyə çağırıb.

Print Email
FaceBook Twitter Google