Nə soruşdular və nə cavab aldılar – Marneulinin 2023-cü il büdcəsinin birinci müzakirəsi
16:49 / 21.11.2022
21 noyabr tarixində Marneuli meriyasının konfrans zalında 2023-cü
ilin büdcə layihəsinin birinci ictimai müzakirəsi baş tutub.
Büdcə gəlirlərinin ilkin versiyası, prioritetlərə əsasən
planlaşdırılmış proqramlar və infrastruktur işləri ilə bağlı
meriyanın Maliyyə-Büdcə Xidmətinin nümayəndəsi Levan Qabadze
təqdimat edib. Təqdimatdan sonra iştirakçıların sual vermək və
büdcəyə daxil ediləcək qeydlər barədə danışmaq imkanı var idi.
2023-cü il büdcəsinin müzakirəsində əsasən meriya və Bələdiyyə
Məclisinin əməkdaşları iştirak edirdilər.
Müzakirədə bir neçə təşkilat iştirak edirdi, onlar öz təkliflərini
təqdim ediblər. Mülki İştirak və Aktivizm Mərkəzinin rəhbəri Rəşan
Ziyadəliyevin əsas sualı Marneulidə məktəbəqədər təhsil
müəssisələrinin əlçatanlığı ilə bağlı idi.
“Saparinin adı ilə verdiyimiz vahid layihə odur ki, biz
əhalinin ehtiyacları ilə bağlı araşdırma apardıq və gördük ki,
Qaçağan, Ağməmmədli kənd sakinlərinə uşaq bağçası lazımdır. Bu
mövzuda özünüidarə nümayəndələri ilə də görüşümüz oldu. Orada da
qeyd etdilər ki, büdcədə Qaçağan kəndində yeni bağçanın tikilməsi
nəzərdə tutulub. Sakinlər də ərizə veriblər. Xatırladığıma görə,
2023-cü il büdcəsində nəzərdə tutulmuşdu, amma büdcənin
təqdimatında bunu eşitmədim”.
Ziyadəliyevin sualına bələdiyyənin bir neçə əməkdaşı cavab verməyə
çalışdı. Bələdiyyə Məclisinin deputatı Adil Əliyev bildirdi ki,
büdcədən bağçaların tikintisini məktəbəqədər təhsil müəssisələrinin
tikinti öhdəliyini İnfrastruktur Nazirliyi üzərinə götürdüyünə görə
çıxarıblar. Tikiləcək obyektlərin siyahısında Qaçağan bağçası da
var.
“Uşaq bağçalarının tikintisi planlaşdırılır. Ancaq mərkəzi büdcədən
maliyyələşdiriləcək. Kürtlər, Sabirkənd məktəbi necə tikildisə, bu
da elə. Mərkəzi hakimiyyət bildirdi ki, iki il ərzində bir neçə
bağça tikməlidirlər”, – Adil Əliyev bildirdi və qeyd
etdi ki, Qaçağan bağçasının tikintisi 2023-2024-cü illərdə
planlaşdırılıb.
Büdcənin müzakirəsi zamanı Mülki İştirak və Aktivizm Mərkəzinin
daha bir üzvü, Naşir Orduxanov gənclər proqramı ilə bağlı sual
verdi.
“Məni gənclərlə bağlı konkret hansı proqramların olduğu
maraqlandırır. Ötən illə müqayisədə bu il hansısa yeniliklər və ya
proqramlar var, yoxsa yox. Bələdiyyə Məclisi gənclərlə bağlı
büdcəni artırmağı müzakirə edəcəkmi?”
Orduxanovun sualına meriyanın Maliyyə-Büdcə Xidmətinin rəhbər
səlahiyyətlərini icra edən Maia Naveriani cavab verdi.
“Proqramlar barədə biz heç nə deyə bilmərik, biz
nəzərdə tutduğumuz rəqəmləri deyə bilərik. Hansı proqramların
olması artıq sahə xidmətinin işidir. Yazılı şəkildə müraciət edə
bilərsiniz və yazılı olaraq da cavab
alacaqsınız”.
Büdcənin müzakirəsində Sosial Ədalət Mərkəzinin regional
hüquqşünası Eter Kopaliani də iştirak edirdi. O, Marneuli
bələdiyyəsinin nə planlaşdırdığı və 2023-cü ilin büdcəsində sosial
siyasətin, dil baryerinin aradan qaldırılması üçün hər hansı
xidmətlər tətbiq etməyi nəzərdə tutub-tutmadığını soruşdu.
“Mən bələdiyyənin siyasi məsələlərlə bağlı baxışları
maraqlandırır. Həmçinin, dil siyasəti və etnik azlıqların siyasi
nümayəndələri. Bizim təşkilat “Salam”-la, eləcə də digər
təşkilatlarla birlikdə iki mühüm məsələ ilə bağlı təklif irəli
sürmüşük. Biri tərcüməçi resursları və ümumiyyətlə dil siyasəti ilə
bağlıdır. Bizim təşkilatın ehtiyaclarla bağlı apardığı araşdırma,
etnik azərbaycanlıların təxminən, 69%-nin dövlət dilində danışa
bilmədiyinə görə ümumiyyətlə yerli özünüidarəyə müraciət
etməməsindən yarandı. Bizim təklifimizdə bir neçə istiqamətdə dil
siyasətinin yerli özünüidarə tərəfindən inkişaf etdirilməsi qeyd
olunmuşdu. Bu veb-səhifənin tərcüməsi, şikayətlərin hazırlanması,
sənədlərin təqdim edilməsi, işin ümumiyyətlə etnik azlıqların
dilində aparılmasının mümkünlüyüdür. Bu istiqamətdə sizin
baxışlarınız məni maraqlandırır və 2023-cü ilin büdcəsində hansı
tip maliyyələşdirmə planlaşdırılır”.
Eter Kopalianinin sualına özünüidarənin bir neçə əməkdaşı cavab
verməyə cəhd göstərdi. Onların hamısı bələdiyyəyə getmiş vətəndaşın
dil baryerinə görə hansısa xidmətdən yararlana bilməməsi ilə bağlı
hər hansı hadisəni xatırlamadıqlarını arqument gətirdilər.
Yaxşılaşdırılmış xidmətin təmin edilməsi üçün isə Zaur Darğallının
merliyi dövründə irəli sürülmüş layihənin davam etdirilməsindən
danışdılar. Darğallının təşəbbüsü ilə birinci mərtəbədə üçdilli
məkan yaradılacaqdı və vətəndaşlar istədikləri məlumatı öz
dillərində alacaqdılar. Meriyanın Maliyyə-Büdcə Xidmətinin rəhbəri
səlahiyyətlərinin icraçısının sözlərinə görə, layihə yenidən
qüvəddədir.
“Birinci mərtəbənin bərpası üçün 261 000 lari nəzərdə
tutulub. Bir neçə tender baş tutmadı, yenidən elan olunacaq. Orada
artıq vətəndaşlara kömək edən gənclər nəzərdə tutulub. Siz
bilirsiniz, banklarda belə təcrübə var və məlumat almağa, tərcüməyə
kömək edirlər. Meriyada məsləhətçilər olacaqlar və kömək
edəcəklər”.
Vahid Milli Hərəkatın üzvü Laşa Kveladze büdcənin birinci
versiyasında dəyişiklik edilməsini istəyir. O, bildirir ki, 2023-cü
ilin büdcəsində sosial paketlərin artırılmasını istəyir.
“Vahid Milli Hərəkat Fraksiyası olaraq meriyaya yazılı
şəkildə müraciət etdik. Müraciətdə sosial paketlərin arıtırılmasını
tələb edirik. Buna sosial yardımın, veteranlar, tələbələr üçün
yardımın artırılması daxildir. Sona qədər mübarizə aparacağam ki,
bizim təşəbbüs qəbul olunsun və büdcədə nəzərə
alınsın”.
Bələdiyyənin 2023-cü il büdcəsinin ilk müzakirəsi sona çatan zaman
Bələdiyyə Məclisinin üzvü Teona Parciani qeyd etdi ki, müzakirə
zamanı təqdim olunmuş təşəbbüs və qeydlər 25 noyabra qədər meriyaya
göndəriləcək. Büdcə layihəsinin həmin və ya düzəldilmiş variantını
bələdiyyə meri 10 dekabra qədər Bələdiyyə Məclisinə təqdim
edəcək.
Büdcə müzakirəsinin prosesini tam olaraq buradan izləyə
bilərsiniz: