“Seçkidən seçkiyə” – yerli sakinlərlə özünüidarənin münasibəti
2022-ci il ərzində Marneuli Bələdiyyə Məclisi 18 dəfə iclas keçirib. Baxmayaraq ki, qanunvericiliyə görə, maraqlanan hər kəs iclasda iştirak edə bilər, iclaslarda bir qayda olaraq meriya, yerli özünüidarə nümayəndələri iştirak edirlər. Qərarların qəbulu prosesində vətəndaşların iştirakı azdır.

Marneuli miqyasında 84 kənd var. Bütün inzibati vahidliklərdə merin nümayəndəsi var. Yerli sakinlərin bildirdiklərinə görə, əhalinin narahatlığını, ehtiyaclarını qərar qəbul
edən şəxslərə çatdırmalı olan şəxslər fəal olaraq çalışmırlar. Yerli sakinlər heç Marneuli meri Kənan Ömərovun da fəal olduğunu xatırlamırlar. Qonşu bələdiyyənin merindən fərqli olaraq, Ömərov bu günə qədər kəndə dəstək proqramı çərçivəsində keçirilən heç bir görüşdə iştirak etməyib. Onun feysbuk səhifəsində rəsmi şəxslərlə və təşkilatlarla keçirilən görüşləri əks etdirən fotolar paylaşılıb. Meriyada əhali ilə görüşlər haqqında davamlı məlumatlar paylaşılır. Ancaq biz bu görüşlərdə iştirak etmək istəyəndə, həmin gün merin təcili işi çıxdı və kənddən merlə görüşmək üçün gəlmiş əhali merin diqqətindən kənar qaldı.

Həmin dövrdə merlə ictimai görüş tələbi ilə bir neçə etiraz aksiyası da keçirildi. Ancaq əhali ilə merin əvəzinə meriyanın müxtəlif xidmət nümayəndələri görüşürdülər. Əhali düşünür ki, bələdiyyə onların həyatına daha çox qoşulmalıdır. Əhali merlə yalnız seçkilərdən əvvəl təşkil edilmiş tədbirlərdə görüşə bilmək imkanlarının olduğunu qeyd edir.

“Mənim fikrimcə, yerli bələdiyyə kənd yerlərində yaşayan, kəndin inkişafında fəal iştirak edən insanlara çox diqqət yetirməlidir. Kəndi narahat edən məsələləri müzakirə etmək üçün bu insanlara hörmət etməlisiniz. Bu insanlara hörmət etməlidirlər və kəndi narahat edən məsələləri müzakirə etməlidirlər. İnsana onun təklifinin şəxsi deyil kəndin tələbi olduğunu hiss etdirməlidirlər. Mənim dəfələrlə merlə görüşmək istəyim olub. Dəfələrlə getmişəm. Əhali ilə görüş günləri olanda getmişəm, ancaq ya sıram gəlməyib, ya da merin yerində olmadığını, müavinlə görüşə biləcəyimi bildiriblər. Çox məsələlərlə bağlı şəxsən meri görmək istəyirəmsə, niyə müavinlə görüşməliyəm? Həqiqətən də təşviqatçı deyiləm və ya merə qarşı düşmən münasibəti bəsləmirəm. Həqiqətən də onunla əməkdaşlıq etmək istəyirəm. Merin özünün bir dəfə də olsa, hər kəndə getməsi, əhali ilə görüşməsi yaxşı olardı”, – Xixani sakini Nana Qabaidze bildirdi.

“Əhali ilə görüşüb danışmalıdırlar. Seçkilərdə etdikləri kimi. Əhalinin nə istədiyini, onları nəyin narahat etdiyini öyrənsinlər. Ola bilsin indi də gedirlər, amma mən bilmirəm”,
– Marneuli sakini Samir Allahverdiyev bildirdi.

“Bilmirəm, nə deyə bilərəm. Oradan gəlirlər, onlar danışırlar və meriyadan gələnlərə sözümüzü deməyə bizə imkan vermirlər. Meriya əhali üçün nəyin mühüm olduğunu bilməlidir”, – Marneuli sakini İdris Qasımov bildirdi.

“Seçkilərdən sonra, bir dəfə də gəlməyiblər, əhali ilə də görüşmürlər. Su şirkətinin rəhbərini yeni dəyişiblər. Bir dəfə də gəlməyib. Su gəlir, yoxsa yox – heç maraqlanmırlar. Boru gah burada, gah başqa yerdə sıradan çıxır. Bu məsələni birdəfəlik həll etsinlər. Ən az ayda 1-2 dəfə əhali ilə görüşsələr, yaxşı olardı. Mən özüm meriyaya müraciət etməmişəm. Amma dostlarım edib, əhali ilə görüşə gəlmirlər”,
– Algeti sakini Cavanşir İsmayılov bildirir.


Sorğudan görünür ki, əhali yerli özünüidarə ilə tez-tez görüşmək və şəxsi problemlərini bölüşmək istəyir.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi USAİD-in Marneuli bələdiyyəsində həyata keçirməyə başladığı layihənin məqsədlərindən biri seçici qarşısında hesabatlılığın artırılmasıdır.

USAİD yerli özünüidarənin gücləndirilməsi üçün Marneuli bələdiyyəsini gələcək beş il ərzində müxtəlif tədbirlər həyata keçirəcək 11 bələdiyyə arasından seçib.

Proqram vətəndaşların özünüidarənin fəaliyyətinə daha çox qoşulmasına dəstək olmalıdır.

Marneuli meriyasından bildirdilər ki, qeyd olunan proqrama qoşulmaq onlar üçün çox mühümdür. Ancaq layihə fəal olaraq başlayandan sonra şərh bildirəcəklər. Bizim sualları isə proqram nümayəndələri cavablandırdılar. USAİD-in yerli özünüidarə proqramının dövlət idarəetmə islahatları və inklüziv idarəetmə istiqaməti üzrə rəhbəri Naniko Tsiklauri qeyd edir ki, proqram üç əsas istiqamətdə Marneuli meriyasına və Bələdiyyə Məclisinə dəstək göstərəcək.

“Bu dövlətin idarə edilməsi və hesabatlılıq sistemlərinin, proseslərin yaxşılaşdırılması, həmçinin, Bələdiyyə Məclisinin nəzarət imkanlarının artırılmasını əhatə edir; vətəndaşların ehtiyaclarına uyğunlaşdırılmış və eləcə də özəl-dövlət, bələdiyyələrarası əməkdaşlığın inkişafı yolu ilə bərabər şəkildə əlçatan yerli xidmətlərin göstərilməsinə dəstək; Bələdiyyənin hesabatlılığının artırılması məqsədi ilə özünüidarənin fəaliyyətində vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi. Eləcə də gender bərabərliyi və sosial inklüziya prinsiplərinin müxtəlif tədbirlərin planlaşdırılması və həyata keçirilməsi prosesində inteqrasiyası qeyd olunan dəstəyin mühüm komponenti olacaq. Bu, bələdiyyədə yaşayan həssas qrupların (həmçinin, etnik azlıqlar, fiziki imkanları məhdud şəxslər və s.) ehtiyaclarının daha çox nəzərə alınması üçün edilir”.

USAİD-in yerli özünüidarə proqramının vətəndaş iştirakı istiqamətində rəhbəri Tengiz Sultanişvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, proqram bir neçə əsas istiqamətdə tərəfdaş bələdiyyələrə dəstəyi planlaşdırır:
  • Vətəndaş iştirakının qanunvericiliklə nəzərdə tutulmuş mexanizmlərinin effektivliyinin artırılması.
  • Vətəndaş iştirakının elektron platformalarının inkişafı
  • Vətəndaş iştirakının əlavə formalarının təsis edilməsi, eləcə də innovativ metodlardan istifadə edilməsi
  • Gender Bərabərliyi Şurasının effektivliyinin artırılması
  • Bələdiyyə Məclisi üzvlərinin öz seçiciləri qarşısında hesabatlılığının artırılması
  • Açıq idarəetmə və vətəndaşlar qarşısında bələdiyyənin imkanlarının artırılması
  • Hesabatlılığın gücləndirilməsi
Marneulidə USAİD-in proqramı çərçivəsində işgüzar görüşlər yanvar ayında artıq keçirilib. İndiki mərhələdə qarşılıqlı əməkdaşlıq fəaliyyət planı üzərində işlər aparılır. Müəlliflərin fikrincə, bu tam olaraq bələdiyyənin ehtiyac və prioritetlərinə cavab verməlidir. Fəaliyyət planı ilə yanaşı proqram USAİD-in yerli özünüidarə proqramı və Marneuli bələdiyyəsi arasında qarşılıqlı əməkdaşlıq memorandumu hazırlayacaq. Memorandumla tərəflərin əsas cavabdehlikləri və əməkdaşlıqla bağlı başqa təfərrüatlar müəyyən ediləcək. Bu barədə 2023-cü ilin fevralında Marneuli bələdiyyəsinə əlavə məlumat verilməsi planlaşdırılır.

Print Email
FaceBook Twitter Google