Marneuli yerli özünüidarəsinin nümayəndələri 9 aprel memorialına əklil qoyublar
Marneuli yerli özünüidarəsinin nümayəndələri 9 aprel memorialına əklil qoyublar. Yerli özünüidarə nümayəndələri “Marneuli” radiosuna memoriala əklil qoyulacağı barədə məlumat verməyiblər. Meriyanın feysbuk səhifəsində yayımlanmış məlumata görə, Algeti, Tsereteli, Tamarisi kəndlərində memoriallara əklil qoyulub.

“Marneuli yerli özünüidarəsinin rəhbər şəxsləri Algeti, Tsereteli və Tamarisi kəndlərində 9 aprel memoriallarına əklil qoyublar və Vətənin bütövlüyü uğrunda həlak olanların xatirəsini yad ediblər, 9 apreldə dünyasını dəyişənlərin yad edildiyi tədbirdə iştirak ediblər”, – meriyanın yayımladığı məlumatda qeyd olunub.

Marneuli yerli özünüidarəsi 9 aprel üçün əklillərin alınması ilə bağlı fərdi sahibkar Davit Robakidze ilə sadələşdirilmiş müqavilə bağlayıb. Meriya bir ədəd əklilə 250 lari ödəyib. Üç əklil meriyaya 750 lariyə başa gəlib.

9 aprel tarixində Marneuli Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə müstəqillik günü ilə bağlı tədbir də keçirilib və 9 apreldə baş vermiş hadisələrin təsvir olunduğu foto materiallar sərgilənib.

9 aprel 1989-cu ildə Sovet ordusu Tbilisidə dinc aksiyanı dağıdıb. Aksiyada Gürcüstan vətəndaşları müstəqillik tələb edirdilər. 9 aprel gecəsi 21 nəfər dünyasını dəyişib, 427 nəfər isə xəsarət alıb. İki ildən sonra, 9 aprel 1991-ci ildə Gürcüstan Ali Şurası Gürcüstanın müstəqillik aktını qəbul edib.

Print Email
FaceBook Twitter Google