Yerevanda Avropa çempionatının açılışında Azərbaycan bayrağı yandırılıb

Aprel 15, 2023
Yerevanda Avropa çempionatının açılışında Azərbaycan bayrağı yandırılıb, Bakıdan reaksiya
Ermənistan- Yerevanda Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı bir nəfər Azərbaycan bayrağını yandırıb, 14 aprel 2023
Ermənistan- Yerevanda Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı bir nəfər Azərbaycan bayrağını yandırıb, 14 aprel 2023

Aprelin 14-də Ermənistanın paytaxtı Yerevanda Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı bir nəfər Azərbaycan bayrağını onu zala gətirən qızın əlindən alaraq yandırıb.

Bir qədər sonra onun dizayner Aram Nikolyan olduğu aydınlaşıb. AzadlıqRadiosu erməni xidmətinin verdiyi məlumata görə, polis həmin şəxsi saxlayıb və bir neçə saatdan sonra sərbəst buraxılıb.

Azərbaycan Xarici İşlər Nazirliyi Yerevanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılışında baş verən insidenti pisləyib və günahkarların cəzalandırılmasını tələb edib.

"Ermənistanda Ağır Atletika üzrə Avropa Çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağının yandırılmasını pisləyirik. Bu cür nifrət aksiyasına qarşı təşkilatçılar tərəfindən heç bir təhlükəsizlik tədbirinin görülməməsi narahatedicidir. Günahkarlar müvafiq olaraq cəzalandırılmalıdır!"-

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə özünün “Twitter” səhifəsində yazıb.
Azərbaycan müstəqillik əldə etdikdən sonra üçüncü dəfədir ki, Ermənistanda keçirilən beynəlxalq idman yarışlarında iştirak edir.

2009-cu ildə Azərbaycan cüdoçusu İrəvanda gənclər arasında keçirilən cüdo çempionatının qalibi olub. 2014-cü ildə Azərbaycanın kamandan oxatma komandası Ermənistanda keçirilən yarışlarda iştirak edib.

Ermənistan idmançıları da üç dəfə Azərbaycanda keçirilən idman yarışlarında iştirak ediblər.
Print Email
FaceBook Twitter Google